Məhkəmə qərarları › İş №2(016)-760/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-760/2023

07.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-760/2023 07.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qаrşı “pul” barədə ilkin iddia tələbinə dair mülki işə Ağsu rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6500 manat pulun və ödənilmiş 85 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin fevral ayında dişlərini müalicə etdirmək üçün Cavabdeh yanına getmişdir. Orada cavabdeh dişlərinə baxıb bütün dişlərinin düzəldilməsi və bəzi dişlərin yerinə 9 ədəd implant qoyulması üçün 4500 manat pul lazım olacağını bildirmişdir. Onunla razılaşdı, bundan sonra 2017-ci ilin mart ayında cavabdehin işlədiyi Ağsu şəhərində yerləşən diş kabinetinə getdi, orada ona 2 dəfəyə, ümumilikdə 4500 manat pulu təklikdə verdi. Cavabdeh dişlərin bəzilərində yonulma və sair iş görsə də, implant işini görməmiş, yalnız texniki işlər görmüşdür. Bundan 6 ay sonra, yəni 2017-ci ilin avqust ayında cavabdeh ondan əlavə olaraq implantın başlıqlarının alınması üçün 2000 manat pul istəmişdir. Həmin pulu çatdırmayacağı halda işin yarımçıq qalacağını bildirmişdir. Məcbur olub 2017-ci ilin avqust ayında cavabdehin işlədiyi diş kabinetinə getmiş, orada ona sonuncu dəfə 2000 manat pul vermişdir. Bununla da, cavabdehə dişlərinin hazır olması üçün 2017-ci ildə Ağsu şəhərində, ümumilikdə 6500 manat pul vermişdir. Cavabdeh isə dişlərini tam hazırlamamışdır. Faktla bağlı xx.xx.2023cü ildə Ağsu RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda cavabdehin ondan 6500 manat pul aldığı sübut edilmişdir. Odur ki, 6500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbini dəqiqləşdirərək Cavabdeh 70000 (yetmiş min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib iddianın məzmununa uyğun izahat verərək göstərmişdir ki, 2017-ci ilin fevral ayında televizorda verlişlərin birində stomatoloq Cabbar həkimin çıxışını görmüş, dişlərində problem olduğu üçün ona müraciət etmək istəmiş, Ağsu rayonunda tanıdığı diş həkimi cavabdeh Dəyanət həkimin yanına gedib onu Cabbar həkimlə görüşdürməsini xahiş etmiş, Dəyanət həkim dişlərinə baxmış və özünün implant düzəldə biləcəyini demişdir. Bundan sonra o, razılaşmışdır. Dəyanət həkim onun dişlərini yoxlamış, alt çənə üçün metal-keramika edəcəyini demiş, üst çənə üçün isə 9 ədəd implant lazım olacağını demişdir. Dişləri Dəyanət həkim çəkmiş, 4 gün ərzində 8 diş çəkmiş və implant üçün 4500 manat pul istəmişdir. Yalnız implant üçün biri 250 manatdan olmaqla 2250 manata razılaşmışlar. Çəkilən dişlərin yeri sağalana kimi dişləri gətizdirməli olduğunu bildirmişdir. Ona görə pulu əvvəlcədən istəmişdir. Ona 15 gün vaxt verilməsini demişdir. Diş çəkiləndə narahatlığı olmamışdır. Yeri də sağalmışdır. Dəyanət həkim ona zəng edəndə klinikasına gəlmişdir. Kabinetə girəndə həkim çıxıb 3 nəfərlə qayıtmışdır. Biri Şahin adlı həkim imiş. Elə bilmişdir ki, Dəyanət həkimə köməklik edəcək. Onun əl qabiliyyətinə bələd imiş. Yaxşı stomatoloq kimi tanıyırmış. Həmin vaxt Şahin həkimin implant edəcəyini ona deməmişdi. Həmin həkimi tanımırmış. Şahin həkimin onu niyə əməliyyata hazırlaşdığını da soruşmamışdır. Çatan kimi damağını keyitmişlər, heç danışa da bilməmişdir. İlk dəfə əməliyyata girirmiş. İlk dəfə alt damaqda 4 dənə, İİ planda üst damaqda 5 implant qoymuşlarlar. Keramikanı Dəyanət qoymuşdur. Demişlər 6 ay gözləməlisən. Heç bir ay keçməmiş dişin yeri laxlamış. Həkimə zəng vurub laxladığını bildirmişdir. Sonra Şahin həkimin yanına getmiş, niyə belə olduğunu soruşmuş, narahat olmamağını bildirib düzələcəyini söyləmişdir, düzəldib ona resept yazmışlar. 4-5 dəfə qəzalar olduqdan sonra siqareti azaltmağını söyləmişlər. İl ərzində yarım litr spirtli içki qəbul etmişdir. Cabbar həkimin yanına onu Dəyanət həkim aparmışdır. 3 dəfə Şahinin yanında, 4 dəfə isə Cabbar həkimin yanında olmuşdur. Cabbar həkim Dəyanətin hər diş üçün əvvəlcə 250 manat pul verdiyini bildirmişdir. 7 ay sonra isə 2000 manat pul vermişdir. Cabbar həkim düzəldib yerinə qoymuşdur, 2 ay problemsiz istifadə etmişdir. 4500 manatla implant yerinə qoyulmuşdur. 2 aydan sonra sol tərəfdə ağrılar olduğundan şişmiş, Cabbar həkimin yanına getmiş, dişinə baxanda iki diş implant kökündən, birinin isə üst qapağı düşmüşdür. Qeyd etmişdir ki, Dəyanət həkim ölçü götürür, özü isə düzəldir. Sonra tanımadığı bir həkimin yanına göndərmişdir. İmplantoloq dişinə baxıb dişi düzəldərək zərəri aradan qaldıracağını bildirmişdir. Əməliyyat 4-5 saat çəkmiş. Həkim ona şişin olmaması üçün buz kimi dondurma yeməyi məsləhət bilmişdir. İltihab çəkilmişdi. Sonra 6 ay getməli imiş, yenidən Dəyanət həkim başlıq qoymuşdur. Həmin başlıqlar 2 aydan artıq ona xidmət etməmişdir. 2 aydan sonra yenə problem yaranmışdır. Dəyanət həkim onu Cabbar həkimin yanına aparmışdır. Yenə onu əməliyyata salmışlar, 3 dişini yenidən düzəltmişlər. Həmin dişi 1-2 ay idarə etsədə yenə də problem yaranmışdır. Ondan sonra polisə şikayət etmiş, həmin vaxt da dişi şişmişdir. O, dişləri üçün pulu Cabbar həkimə şəxsən verməmişdir. Cabbar həkimə vermək üçün Dəyanətə ödəmişdir. Həkim özü də demişdir ki, Dəyanət həkim sifariş vermiş, ödəniş etmişdir. 9 dişindən hamısı problemli olmuşdur. 4 dəfə əməliyyat olunmuş, 3 dəfə Şahin həkim etmiş, sonuncunu Cabbar həkim etmişdir. Hazırda alt metal keramika ağzında olmaqla salamatdır. Əlavə olaraq izahatında qeyd etmişdir ki, implantı Dəyanət etməmişdir. Pulu Dəyanət həkimə vermişdir. 9 implantın haqqını ödəmişdir. Alt çənədə metal-keramikanı Dəyanət həkim qoymuş, onlar da salamatdır, ağzındadır. Cabbar həkim demişdir ki, tarazlıq düzgün qoyulmamışdır. Cabbar həkim ona demişdir ki, Dəyanət həkim ucuz implant sifariş vermiş, ödəniş etmişdir, pul artır, yaxşısını qoyaq. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2017-ci ildə İntizar dişləri ilə bağlı yanına gəlmişdir. Aşağı dişlərinə metal keramika etmişdir. Bildirmişdir ki, protez istəmir, implant olmasını istəyir. Onun dişini çəkməmiş, aşağı dişlərini düzəltmişdir. Dişləri yonub metal-keramika qoymalı idi onu da klinikasında etmişdir. Uzun müddətli, 6 aylıq sement vurulmuşdur. Sonra onu Cabbar həkimlə tanış etdi. Ən ucuzu 450 manata olan dişi Cabbar həkim o apardığına görə dişlərini 250 manatdan düzəltmişdir. Bakıya gedə bilmədiyi üçün İntizarı Bakıya, Cabbar həkimin yanına o aparmışdır. Həmin işdə heç bir marağı olmamış, insanlıq xətrinə onu həkimlə tanış etmiş, hətta özü Bakı şəhərinə gedəcəyindən onu da aparmışdır. 6 ay ərzində pulu hissə-hissə ona vermiş, o da Cabbar həkimə göndərmişdir. 9 dişin implantına 250 manatdan pul ödəmiş, 960 manata isə keramikasını qoymuşdur. 6500 manat pul ödəməsi barədə izahatı yalandır. Onu əməliyyat etməmişdir. İmplantı sınmayıb, yalnız keramikası sınmış, onu da düzəltmişdir. Düzəldikdən 7 ildən sonra 1 implantı düşüb. 2023-cü ilin əvvəllərində yanına gəlmiş, görmüşdür ki, bir implantı tərpənir. İmplant qoymuş həkimin yanına getməsini təklif etmişdir. İntizar Cabbar həkimlə danışmış, dişi düzəldəcəyini desə də Cabbar həkimlə razılaşmamışdır. Onun implantla əlaqəsi yoxdur. İmplantı kim qoyubsa onu versin məhkəməyə. Qeyd edilən Şahin həkimi tanımır. Onu rayon caamatı arasında biabır edərək nüfuzdan salır. Dalısıyca böhtan atmaqla müştərilərini uzaqlaşdırır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, 2017-ci ilin fevral ayında İddiaçı Cavabdeh işlədiyi diş klinikasına gələrək dişlərini müalicə etdirmək istədiyini bildirmiş, onun dişlərini müayinə və müalicə edib alt çənəsinin ön hissəsinə və yuxarı çənəsinin üst sağ hissəsinə metal-keramika qapaqlar qoymuşdur. Həmin vaxt İddiaçı televizorda reklamı gedən Cabbar həkimin yanında dişlərini implant etdirmək istədiyini bildirdikdə Cavabdeh həmin həkimi tanıdığından birinci dəfə onu Bakı şəhərinə Cabbar həkimin yanına aparmışdır. Orada həkimlə implant üçün hər birinin qiyməti 450 manat olan implant dişin birini 250 manatdan hesablamaqla ümumilikdə 9 ədəd diş üçün 2250 manat pul lazım olacağını söylədikdə İddiaçı razılaşmışdır. Sonuncu həmin pulu 6 ay ərzində Cavabdeh vermiş, həmin pulu Cabbar həkimə göndərmişdir. Onun dişlərinə implant ilk dəfə Cabbar həkim yox, Şahin həkim tərəfindən qoyulmuşdur. Dişlərini düzəltdikdən təxminən 1 il sonra Dəyanət həkimin yanına gəlib dişi üzərinə qoyulmuş qapağın qopduğunu bildirmiş, sonuncu onun dişlərinin qapaqlarını sementləyərək yerinə qoymuşdur. İddiaçı dişlərini düzəltdiyi 6 il ərzində o, bir neçə dəfə dişlərini qırdığı üçün onun dişlərini ölçüb pulsuz olaraq ona metal-keramika dişlər qoymuşdur. Sonuncu dəfə 2022-ci ilin noyabr ayında İddiaçı Dəyanət həkimin yanına gələrək dişini qırdığını, həmin dişi yenidən sementləyərək yerinə yapışdırmağını bildirmişdir. Onun dişlərini müayinə edərkən görmüşdür ki, implantlarından biri laxlayır. Ona implantı qoydurduğu həkimin yanına getməsini bildirmişdir, İddiaçı Bakı şəhərinə gedib laxlayan implantını çıxartdırsada yerinə yeni implant diş qoydurmaqdan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, alt metal keramika ağzında olmaqla salamatdır, Cavabdeh ölçü götürərək keramikanı qoymuşdur. Digər əmliyyatlar, yəni implantların qoyulması Şahin həkim və Cabbar həkim tərəfindən icra olunmuşdur. İddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, implantların qopması səbəbindən ona Cavabdeh tərəfindən ziyan dəymişdir, lakin həmin ziyanın həqiqətən Cavabdeh tərəfindən dəyməsini təsdiq edən hər hansı sübutu yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə implantın cavabdeh tərəfindən qoyulmadığını etiraf etmiş və sadəcə implant üçün ödəniləcək pulu Dəyanət həkimə verdiyini bildirmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərci iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İİddiaçı Cavabdeh qаrşı “pul” barədə ilkin iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar