Məhkəmə qərarları › İş №2(016)-8/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-8/2025

01.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-8/2025 01.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlakların dəyərinin yarısının tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri (torpaq alıb üzərində tikdikləri) Bakı şəhəri, Binəqədi rayonu, Xocasən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinin istifadəsindəki 3 sot torpaq sahəsi ilə birlikdə smeta və bazar dəyəri olan ümumilikdə 34.250 manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 17.125 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınıb onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2010-cu il tarixdə faktiki olaraq ailə qurmuş, lakin sonradan nikahları xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cavabdehlə birgə nikahdan xx.xx.2011-ci il tarixdə Ləman, xx.xx.2012-ci il tarixdə Aydan adlı qız övladları doğulmuşdur. Sonradan ailə münasibətlərində problemlər yarandığından Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(008)- 1988/2020 nömrəli qətnaməsinə əsasən, Cavabdeh1 İqar oğlu ilə onun arasında 05 dekabr 2012-ci iİ tarixdə Ağsu rayonu Kalva kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində bağlanmış 19 nömrəli akt qeydli nikah pozulmuş, birgə nikahdan doğulmuş 18 may 2011ci il təvəllüdlü X8 və 22 oktyabr 2012-ci il təvəllüdlü X9 onun yanında saxlanılmışlar. Birgə nikah dövründə o, cavabdeh ilə onun qohumları tərəfindən hədiyyə edilmiş qızılları (bir ədəd qızıl sırğa üzük komplekti, iki qızıl sep, cavabdehə hədiyyə etdiyi bir ədəd qızıl nişan üzüyü və cavabdehin idarə etdiyi Lada (Vaz) 2106 markalı avtomobili sataraq 2010-cu ilin oktyabr-noyabr aylarında Binəqədi rayonu Sulutəpə qəsəbəsində R.Aİlahverdiyev küçəsində 5.000 ABŞ dollarına üzərində bir ədəd yarımtikili olan 3 sot torpaq sahəsini almışlar və hissə-hissə təxminən 25.000 manat civarında həmin torpaq sahəsində olan yarımtikiliyə xərcləməklə tikilini artırmaq yolu ilə bir mərtəbəli üç otaqlı ev tikmişlər. 2011-ci ilin əvvəllərindən başlayaraq 2019-cu ilin dekabr ayının 27-ə kimi həmin evdə uşaqları ilə birlikdə yaşamışlar. Həmin evdə uşaqları dünyaya gəlmiş və 9 ilə yaxın vaxt ərzində cavabdehlə bir təssərüfat aparmışlar. 2019-cu ilin dekabr ayının 27-ə kimi həmin evdə uşaqları ilə birlikdə yaşamışlar, lakin cavabdehin ona qarşı mütəmadi məişət zorakılığı nəticəsində onu və uşaqlarını min bir zəhmətlə birgə tikdikləri evdən zorla çıxardaraq onları həmin evə buraxmamışdır. Hal-hazırda da, onun cehiz əmlakları və şəxsi əşyaları həmin evdə qalmaqdadır. Birgə nikah dövründə cavabdehlə birgə alın təri və əziyyət hesabına tikdikləri ev sənədsiz evdir, həmin evin kommunal xidmətlərə görə müqavilələrinin bir qismi cavabdehin adınadır. Nikah münasibətləri pozulduqdan sonra cavabdeh anası ilə birlikdə onu yaşadığı evə buraxmamış və buna görə də, cavabdehə qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində “mənzilə köçürülmə” tələbinə dair iddia qaldırmış və iddiası təmin edilmiş, o, yetkinlik yaşına çatmayan övladları - 18 may 2011-ci il təvəllüdlü X8 və 22 oktyabr 2012-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsinde yerləşən bir mərtəbəli üç otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi, Rəsulova Mədinə Mahir qızının İddiaçı qarşı “əşyaların məcburi qaydada evdən çıxarılması” müstəqil tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə müstəqil tələb irəli sürən üçüncü șəxs Rəsulova Mədinə Mahir qızını apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6102/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiș, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)- 1020/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6102/2021 nömrəli qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxs Rəsulova Mədinə Mahir qızı tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də, onun kassasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamənin icrası ilə əlaqədar o, mübahisəli evə uşaqları ilə birlikdə köçürülmüşdür. Lakin cavabdehin anası Rəsulova Mədinə Mahir qızı ilə hiylələr işlədərək ona həmin evdə yaşamağa imkan verməmişlər. Buna görə də, o, yeniden həmin evi tərk etməli olmuşdur. Buna səbəb cavabdehin iş adı ilə evdən çıxması və gecə yarısı mütəmadi olaraq yaşadığı evin dam hissəsini daş qalaq edilməsi və cavabdehin hər gün içkili halda gəlib onun şəxsiyyətini alçaldan ifadələrlə onu təhqir etməsi, habelə onu döyməsi olmuşdur. Baxmayaraq ki, o, həmin evə məhkəmə qərarının icrası ilə əlaqədar olaraq köçürüldükdən sonra cavabdeh ilə faktiki ailə münasibətləri bərpa edilmiş, faktiki olaraq ər-arvad münasibətlərində yaşamışdır. Buna görə də, hesab edir ki, birgə nikah dövründə ona hədiyyə edilmiş qızıl-zinət əşyaları və 1 ədəd avtomobilin satılması nəticəsində əldə edilmiş vəsait hesabına tikilmiş evdə cavabdeh ona yaşamağa imkan vermədiyinə görə həmin evin dəyəri aralarında ½ hissədə bölünməlidir. Bu səbəbdən, Binəqədi rayonu, Xocasən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən birmərtəbəli üç otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinin istifadəsindəki 3 sot torpaq sahəsi ilə smeta ve bazar dəyərinin çıxarılması ilə bağlı mütəxəssisə müraciət etmiş və AECS MMC-nin 13-035/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə birgə nikah dövründə tikdikləri evin smeta dəyəri 18.032,20 manat, evin istifadəsində olan 3 sot torpaq sahəsinin dəyəri 10.500 manat olmaqla, həmin evin hazırda bazar dəyəri 34.250 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 İqar oğlundan birgə nikah dövründə tikdikləri evin smeta dəyəri və bazar dəyəri olan 34.250 manat məbləğində pul vəsaitinin ½ hissəsi alınıb onun xeyrinə ödənilməlidir. Qeyd olunan mübahisəli evin birgə nikah dövründə tikildiyi predusiyal əhəmiyyət malik olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)-1020/2021 nömrəli qətnaməsi ilə təsdiqini tapır. Cavabdeh nə ona nə də uşaqlarına imkan vermir ki, həmin evdə yaşasın, nə də həmin evin dəyərinin ½ hissəsini ona vermir ki, o, gedib başqa yerdə özünə torpaq alıb ev tikib orada yaşasın. Həmçinin cavabdeh Ağsu Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən ona ödəməli olduğu alimenti belə vaxtında ödəmir ki, heç olmasa onun və uşaqlarının yaşamasına kömək olmuş olsun. İddiaçının nümayəndəsi və vəkilinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasındakı vəsatətinə əsasən Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının ondan anasına məxsus, onun vəsaiti hesabına tikilmiş Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən özbaşına tikili olan 3 otaqlı mənzilə görə bu vəsaiti tələb etməsi tam qanunsuzdur. Həmin evdə yalnız anası qeydiyyatda olmaqla yaşayır və evin bütün kommunal xidmət haqları onun tərəfindən onun adından ödənilir. Ailə qurduqları vaxtdan iddiaçı ilə birgə Bakı şəhərində kirayələrdə yaşamışlar. Sonradan anası maddi vəziyyətləri ağır olduğunu görərək kirayə pulu verməsinlər deyə özünün yaşadığı evə ev alana qədər müvəqqəti olaraq köçüb yaşamaqlarına razılıq vermişdir. Bu səbəbdən də o, iddiaçı ilə birgə anasına məxsus mənzilə köçmüşlər. Yaşadıqları müddətdə iddiaçı ilə aralarında daima narazılıq olmuş, iddiaçı onunla yola getmədiyinə görə 2019-cu ildə könüllü olaraq yaşadığı evi tərk edərək çıxıb Ağsu rayonuna valideynlərinin yanına getmişdir. İddiaçı köçüb getdikdən sonra hər zaman anasına məxsus evi satıb ona pul verməsini tələb etmiş, o isə dəfələrlə ona bildirmişdir ki, bu evi o, tikməmişdir. Bundan sonra, iddiaçı ondan pul qoparmaq məqsədilə məhkəməyə müraciət edərək guya onun iddiaçını evdən qovduğunu bəhanə edərək evə köçürülməklə bağlı məhkəmədə iddia qaldırmış, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə onun evə köçürülməsi barədə iddiası təmin olunsa da, iddiaçı yenə də evə köçüb onlarla birgə yașamaq istəməmişdir. Bu səbəbən də iddiaçı onlardan yenə də əl çəkməyərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı anasına məxsus evi anasına zorla satdırıb pulunun bölünməsini tələb etməsi qanunsuzdur. Həmin ev özbaşına tikili olduğu üçün alqı-satqı predmeti ola bilməz. Bu səbəbdən, iddia tələbi əsassızdır və rədd ediməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, İddiaçı ilə kirayədə qalırmış. Anası 3 sotun içində bir otaqlı ev tikmişdir. Onlar da başqa yerdə qalırmış. Həmin ev anasının qardaşı və xalasının yoldaşının köməyliyi ilə tikilmişdir. Sonra görmüşdür ki, onlar əziyyət çəkir, iki uşaqla kirayələrdə qalır, çatdıra bilmir, demişdir ki, gəlin köməklik edəcəm otağın yanında ev tikəcəm. Həmin evdə onun necə pulu ola bilər. O özü kirayədə yaşamış, anasının sözünə görə ora köçmüş, bir otaqda qalsalar da dost kimi qalmışlar. Özü də ora köçəndən sonra bir neçə vaxt qalsa da, sonradan evdən çıxıb getmişdir. Anası həmin torpaq sahəsini onlar evlənməzdən əvvəl alıb. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, iddiaçı cavabdehlə bir yerdə yaşayarkən 3 sotun içərisində ev tikiblər və hissə-hissə təxminən 25.000 manat civarında həmin torpaq sahəsində olan yarım tikiliyə xərcləməklə tikilintini artırmaq yolu ilə bir mətəbəli üç otaqlı ev tikiblər. 2011-ci ilin əvvəllərindən başlayaraq 2019-cu ilin dekabr ayının 27-ə kimi həmin evdə uşaqları ilə birlikdə yaşayıblar. Həmin evdə uşaqları dünyaya gəlmiş və 9 ilə yaxın cavabdehlə bir təsərrüfat aparmışlar. 2019-cu ilin dekabr ayının 27-ə kimi həmin evdə uşaqları ilə birlikdə yaşayıblar, lakin cavabdehin ona qarşı mütəmadi məişət zorakılığı nəticəsində onu və uşaqlarının min bir zəhmətləri ilə birgə tikdiyi evdən zorla çıxardaraq onları həmin evə buraxmamışlar. Verilən suallara cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddaçı ilə Cavabdeh1 2012-ci ildə rəsmi nikaha daxil olmuşlar, iddiaçı gəlin gələndə əvvəl kirayədə yaşamışlar, torpaq 2010-cu ildə alınıb, 2011-ci ildə də ev tikilib. Əvvəl bir otaq imiş, hazırda 3 otaqdı bir də qabağında artırma var. O, iddiaçı evə gedəndə ev 1 otaq olub, daha sonra üç otaqda artırıldı. İddiaçı 2011-ci ildən mübahisəli evdə yaşamağa başlamışdır. Cavabdehin nümayəndəsi və vəkili X10 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, iddianı qəbul etmir. Cavabdeh ailə qurmamışdan əvvəl həmin ev tikilib. Ailə qurandan sonra iddiaçı ilə Cavabdeh1 kirayədə yaşayıblar. Cavabdeh1 anası ilə münasibəti soyuq olub. Belə ki, onlar kirayədə yaşadıqlarına görə anası deyib ki, bir müddət onunla birlikdə yaşasınlar. Bunlar orda yaşadıqları müddətdə həmin otaqların sayı artırılsa da cavabdehin anasının vəsaiti hesabına tikilmişdir. Torpaq 2012-ci ildə alınıb. Cavabdeh1 mühafizəçi işləyib, 300 manat məbləğində əmək haqqısı olub. O, bu məbləğlə ev tikə bilməzdi. Cavabdeh2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, həmin evi ac qalıb tikmişdir. Həmin bu oğlu ilə münasibəti yaxşı olmayıb. O, evi tikən adamları bura gətirsə bu zal tutmaz. Onun evi tikməyini təsdiq edən şahidi çoxdur. O, həmin torpağı beş daş üstündə Rövşən adlı Ağdamlıdan almışdır. Evi 2012-ci ildə bələdiyyə sənədi ilə almışdır. Tikili beş daş üstündə idi. Görmüşdür ki, oğlu pis vəziyyətdədir. Onlar 2016-cı ildə gəlmişlər, əlavə otaqlar tikmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, Mədinə xanım 2010-cu ildə Bakı şəhərinə gəlib, orada bacı və qardaşının evində yaşayıb. Onların köməkliyi ilə 2012-ci ildə mübahisəli torpaq sahəsini alıb. Famil və Lalə özləri orada yaşayıblar, amma torpağın alınmasında iddiaçının və Familin maddi köməkləri olmayıb. Onlar özləri 2010-cu ildə ailə qurublar, əvvəl nikahları olmadan qeyriqanuni yaşayıblar. 2012-ci ildə Familin qayınatasının evində yaşayıblar. Sonra uşaqları dünyaya gəlib. Binəqədi Rayon Məhkəməsinin qərarında da var ki, uşaqlar Sabunçu rayonu ərazisində yerləşən xəstəxanada dünyaya gəliblər. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZ-İ seriyalı 424427 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1020/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbi barədə iddiası təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan övladları - 18 may 2011-ci il təvəllüdlü X8 və 22 oktyabr 2012-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülmələri, Rəsulova Mədinə Mahir qızının cavabdeh İddiaçı qarşı “əşyaların məcburi qaydada evdən çıxarılması” müstəqil tələbinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6102/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1020/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-603/22 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, müstəqil tələb irəli sürən Rəsulova Mədinə Mahir qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6102/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 195 saylı arayışdan görünür ki, X8 xx.xx.2016-cı il tarixdən etibarən Binəqədi Rayon Xocasən Sağlamlıq Mərkəzində qeydiyyatdadır. - 196 saylı arayışdan görünür ki, X9 xx.xx.2016-cı il tarixdən etibarən Binəqədi Rayon Xocasən Sağlamlıq Mərkəzində qeydiyyatdadır. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin bazar qiyməti 18.000 manat, likvid qiyməti 16.200 manat təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,03 ha toropaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin bazar qiyməti 19.500 manat, likvid qiyməti 17.550 manat təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində tərkibinə İddiaçı istifadəsində olan 36,8 kv.metr yaşayış sahəsinin bazar qiyməti 11.776 manat, likvid 10.600 manat təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində tərkibində cavabdeh Rəsulova Mədinə Mahir qızının istifadəsində olan 18.6 kv.metr yaşayış sahəsinin və 13 kv.metr köməkçi sahənin bazar qiyməti 7.252 manat, likvid qiyməti 6.530 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ümumi sahəsinin 72,24 m2 (sol tərəf 36,84 m2, sağ tərəf 32,4 m2, sanitar qovşaq 3 m2) olduğu, fərdi yaşayış evinin bir birindən təcrid şəkildə iki hissədən ibarət olduğu müəyyən olundu. Tikililərin hansı tarixdə inşa olunmasının müəyyən olunmasına dair metod və metodika olmadığına görə qərardadın sualının digər hissələri üzrə tədqiqat aparılmadı. - xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, iddiaçı ilə qonşu olmuşlar. Lalə ilə Familin 2010-cu ildə toyları olub. Toyları olandan sonra onlar kirayədə gedib yaşayıblar. Həmin vaxtlarda Familin anası ona demişdir ki, həmin torpağı oğlu alıb. Hələ cavabdehin anası onu da deyirdi ki, gəlini qızıllarını satıb evi tikiblər. O özü belə iddiaçının anasına 700 manat borc pul vermişdir. Anası demişdir ki, Laləyə ev tikirlər, borcu ona görə alır. Lakin pulu kimə verdiyini görməmişdir. - xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, iddiaçı onun bacısıdır. Bacısı 2010-cu ildə ailə qurub. Sonra kirayədə yaşaya-yaşaya həmin yarımtikili evi tikiblər. Həmin evin tikilməsində atası 5.000 manat pul köməklik göstərib. Sonradan isə həmin ev tikiləndə bacısı hamilə ola-ola həmin evin torpağın belə çıxarıb atıb. Daş daşımağa belə köməklik edib. Hələ hamilə olan vaxtı qayınanası ona çörək belə vermirdi. Hələ bacısı deyirdi ki, o, evdə qalanda gecə evin damına belə daş atdırmışlar ki, ordan bezib getsin. Torpağı kimdən aldıqlarını bilmir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, iddiaçının anasıdır. Heç bir valideyn istəmir ki, qızı getsin, sonra uşala üstünə qayıtsın. Həmin torpaq sahəsində olan evi bir yerdə cavabdehlərlə qızı birlikdə tikiblər. Familə ev tikiləndə maşın alıb vermişdir. Evin tikilməsinə onlarda yardım edib, qızı pul istəyib vermişlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, Famil onun dostudur. Qardaş kimidirlər. Günü yadından çıxıb, bir gün onlara getmiş, görmüşdür ki, vəziyyətləri yaxşı deyil, bir aylıq kirayə puluna da köməklik etmişdir. Belə ki, o, məcburiyyətdən dostunun anasının yanına getmiş, oğlunun kirayələrdə yaşadığını, kirayə pulunu da verə bilmədiyini, ona kömək etmək lazım olduğunu bildirmişdir. O, bir neçə dəfə anasının yanına gedib gələndən sonra onu razılığa gətirmişdir. Həmin vaxt ev bir otaqlı idi. Ustaların pulunu Mədinə xanım verirdi. O vaxt Lalə onun qarşısına çay da qoyub, çörək də, yalan deyə bilməz. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, cavabdeh oğlanı tanımır, onu indi görür. Mədinə xanımı tanıyır. Belə ki, onun oğlu əsgərlikdən gələndən sonra 2001-ci ildə evlənmiş, məcburi köçkün olduğuna və qaynatasıda Sulutəpədə yaşadığına görə oraya köçmüşdür. Meyvə-tərəvəz götürüb bazarda satırdı. Sonra oğlu Lənkəranlı birindən torpaq almış, daş gətirib boşaltmışdır. Həmin torpaqda bir otaq var idi, o, gətirib daş tökəndə əl damı düzəltdi. Həmin torpağı da oğlu satmalı oldu. Ona da deyəndə demişdir ki, ay bala satırsan sat. Ev sənin özün bilərsən. Mədinə xanım gəlmiş, evi almaq istəyəndə oğlu demişdir ki, 12.000 manata satır, xanım əlində 3.000 manat pulu olduğunu, evi ona satmasını bildirmişdir. O, oğluna deyəndə ki, o qiymətə satma, oğlu demişdir ki, ay ata elə bil yardım edirəm kiməsə, görmürsən kasıb qadındır. Bundan sonra o, bir söz deməmişdir. Oğlu Rövşən hazırda Rusiyada yaşayır. Satanda evin qapısı və pəncərəsi vurulmamışdı. Mədinənin yeznəsi ora sment və qum gətirmişdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X15 ifadə verərək göstərdi ki, Mədinə onun baldızıdır. Evi gedib o, tapmışdır. Aldıqları yerdə zibillik var idi, yarım tikili və quru divar idi. Pəncərə yeri qoyulmuşdu. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki, tərəflərlə qohumluq əlaqəsi yoxdur. O, işlə əlaqədar evdə olmuş, oğlanı (Cavabdeh1) bu gün görmüşdür. Onu heç tanımır, Cavabdeh2 tanıyır. Bir də bacısının əri Elman adında adamı tanıyır. Onunla materialları bir almış və bir işləmişlər. Onun yoldaşı da lazım olanda çay-çörək gətirib verib. Evi nə vaxt tikdiyi yadında deyil. Yarımtikili bir ev idi, qapı və pəncərəni də Elmanla alıb qoymuşlar. Orada pəncərə qoymuş, yaşamaq həddinə çatdırmışlar. Bundan sonra onların material almağa pulları qurtarmış, pulu ona Mədinə xanımın yeznəsi vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2010-cu il tarixdə faktiki olaraq bir yerdə yaşamağa başlamış, onlar arasındakı nikah xx.xx.2012-ci il tarixdə rəmiləşdirilmişdir. Onlar evləndikdən sonra 2016-cı il tarixədək kirayədə yaşamışlar. 2016-cı il tarixdə Cavabdeh2 oğlunu və gəlinini yanına aparmış, bundan sonra İddiaçı ilə Cavabdeh1 Cavabdeh2 istifadəsində olan torpaq sahəsində 36.8 kv.m ölçüdə yaşayış sahəsi tikərək 2016-2019-cu il tarixlərdə orda yaşamağa başlamışlar. Onlar arasındakı nikah xx.xx.2020-ci il tarixdə pozulduqdan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı yetkinlik yaşına çatmayan övladları - 18 may 2011-ci il təvəllüdlü X8 və 22 oktyabr 2012-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı özbaşına tikilmiş fərdi yaşayış evində 2016-2019-cu il tarixlərdə yaşadıqları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə idda tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, Xocasən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 3 sot torpaq sahəsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, şahid ifadələri və iş materialları ilə müəyyən edilidi ki, mübahisəli torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 birgə vəsaiti hesabına onlar tərəfindən deyil, Cavabdeh2 tərəfindən və onun vəsaiti hesabına alınmışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, “o, iş üzrə Cavabdeh1 tanımır amma digər cavabdeh Mədinə xanımı tanıyır. Çünki, onun oğlu Rövşən mübahisəli torpaq sahəsini 3.000 manata Mədinə xanıma satmışdır.”. Bundan əlavə, İddiaçı həmin torpaq sahəsinin birgə nikah dövründə və Cavabdeh1lə onun birgə vəsaiti hesabına əldə olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə idda tələbinin “Bakı şəhəri, Binəqədi rayonu, Xocasən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinin dəyərinin yarısının alınması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş mübahisəli fərdi yaşayış evinin yalnız 36,8 kv.metr yaşayış sahəsi İddiaçı və Cavabdeh1 birgə nikahları dövründə onların vəsaiti hesabına tikilmişdir. Həmin yaşayış sahəsi özbaşına tikili olduğundan, həmin ev onlarınümumi birgə mülkiyyəti sayılmasa da, evin inşa edilməsinə sərf edilmiş vəsait onların ümumi birgə mülkiyyətini təşkil edir. Fərdi yaşayış evinin 18.6 kv.metr yaşayış sahəsinin tikintisi isə Cavabdeh2 tərəfindən aparılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin 36,8 kv.metr yaşayış sahəsi Cavabdeh2 məxsus torpaq sahəsində yerləşdiyindən, həmçinin onun istifadəsində olan 18.6 kv.metr yaşayış sahəsi ilə birlikdə vahid fərdi yaşayış evi təşkil etdiyindən, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin tərkibinə aid olan 36.8 kv.m olan yaşayış sahəsinin 11.776 manat olan bazar qiymətinin yarısı – 5.888 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin tərkibinə aid olan 36.8 kv.m olan yaşayış sahəsinin 11.776 manat olan bazar qiymətinin yarısı – 5.888 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22) ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC-nin Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar