Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-83/2024 15.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə cavabdehin törətdiyi yol-nəqliyyat qəzası nəticəsində ona məxsus “Hyundai Santafe” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 2.430 manat, habelə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Santafe” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun mülkiyyətindədir. İş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Bakı küçəsinin kəsişməsində yol hərəkəti qaydalarını pozaraq qırmızı işıqda keçmiş və ona məxsus “Hyundai Santafe” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ağır yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun avtomobili aşaraq ona zərər dəymiş, özü isə ciddi xəsarətlər almışdır. Hadisəni araşdırmış Sumqayıt Şəhər Polis İdarəsinin 11 sentyabr 2023-cü il tarixli qərarı ilə hadisə ilə əlaqədar toplanmış materialdan müəyyən edilmişdir ki, cavabdehin təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Hadisə nəticəsində cavabdeh tərəfindən onun avtomobilinə 7.430 manat ziyan vurulmuşdur (Qüsur aktı əlavə olunur). Sığorta Şirkəti tərəfindən ona 5.000 manat sığorta ödənişi edilmişdir. Qalıq 2.430 manatın ödənilməsini dəfələrlə cavabdehdən tələb etməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənilməmişdir. Nəticədə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, idarə etdiyi “Toyota Prius” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhərində Sülh küçəsi ilə Bakı küçəsinin kəsişməsində yol hərəkəti qaydasını pozaraq qırmızı işıqda keçmiş və “Hyundai Santafe” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Hyundai Santafe” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşın aşmış və ona zərər dəymişdir. O, dəymiş ziyanı etiraf edir. İddia tələbinin təmin olunmasına etirazı yoxdur. Ona dəymiş ziyanı hissə-hissə ödəyə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Toyota Prius” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın sürətinin Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi, dəymiş maddi ziyanla bağlı mübahisələr yarandıqda tərəflərin mülki mühakimə qaydasında mülki iddia qaldırmaq yolu ilə məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi qərara alınmışdır. - Avtoservis tərəfindən verilmiş qüsur aktından görünür ki, “Hyundai Santafe” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan ümumilikdə 7.430 manat məbləğində hesablanmışdır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh MM-in 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh MM-in 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, MM-in 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Məhkəmə iddia tələbinin 45 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.430 manat və ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-83/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-83/2024
15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver