Məhkəmə qərarları › İş №2(016)-83/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-83/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-83/2025 30.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC tərəfindən ağacbudama işi görülən zaman ona məxsus "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin əzilməsinə görə ona dəymiş 940 manat maddi ziyanın və iddia ərizəsi üçün ödədiyi 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 sentyabr 2024-cü il tarixdə ona məxsus "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməklə M.Ə.Rəsulzadə küçəsi ilə hərəkət edərək Natəvan küçəsinə dönüb hərəkəti davam etdirərkən, həmin küçənin başlanğıc hissəsindən keçdikdə kəsilmiş ağac budağı avtomobilinin üzərinə düşmüş və ona maddi ziyan dəymişdir. Həmin vaxt MMC-nin işçiləri yol kənarında olan ağacların qurumuş budaqlarını kəsməklə məşğul olmuşlar. O, oradan keçərkən kəsilən budaq maşının üzərinə düşmüşdür. Oradan keçərkən yolda hər hansı işin görülməsi barədə heç bir qadağanedici yol nişanı qoyulmamış, yalnız bir nəfər şəxs yoldan keçib getmə barədə əllə işarə etmişdir. Yolda xəbərdaredici yol nişanı olsaydı, belə bir hadisə baş verməzdi. Yol nişanı düzgün qoyulmamışdır. Belə ki, bir tərəfdə yol nişanı qoyulmuşdur, o biri tərəfdə isə qoyulmamışdır. O, ordan keçərkən ağacın kəsilməsini bilməmişdir. Ondan qabaq 3-4 avtomobil sıra ilə gedirdi, o da onların ardınca getmişdir. O keçən zaman MMC-nin əməkdaşı qadağan olunma nişanını qaldırmışdır ki, o keçsin, o da keçmişdir. Əgər qadağan olunma lenti olsaydı, keçməzdi. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirdi ki, xəbərdaredici nişan qoyulmuşdur. Buna məhəl qoymayan iddiaçı qadağan olunmuş ərazidən keçən zaman ağac avtomobilin üzərinə düşdü. Orada 4 ədəd xəbərdaredici nişan olub. Onlar iddiaçıya yüksək səslə keçməməsini bildirmişlər, amma iddiaçı onlara əhəmiyyət verməmişdir. Orada xəbərdaredici nişanın olmasını təsdiq edən videogörüntü də var. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan vəməhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, İddiaçı "xxxx" MMC-nin gördüyü iş nəticəsində ehtiyatsızlıqdan dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin işçiləri tərəfindən Ağsu şəhəri Natavan küçəsinin girişində yolun sağ tərəfində ağacın qurumuş budaqlarının kəsilməsi zamanı kəsilmiş budaq İddiaçı məxsus "xxxx" markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşmüşdur. Həmçinin, iş materiallarında olan videogörüntüdən görünür ki, Ağsu şəhəri Natavan küçəsində qurumuş ağac budaqları kəsilən zaman İddiaçı məxsus "xxxx" markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində yolda təhlükənin olmasını bildirən konuslar qoyulmuş, lakin buna baxmayaraq, İddiaçı avtomobili ilə həmin konusların arasından keçməklə özü və avtomobili üçün təhlükə yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, "xxxx" MMC-nin işçiləri tərəfindən Ağsu şəhəri Natavan küçəsinin girişində yolun sağ tərəfində ağacın qurumuş budaqlarının kəsilməsi zamanı yolda təhlükənin olması ilə bağlı tədbilər görülmüş, İddiaçı məxsus "xxxx" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər MMC-nin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməmişdir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun tutulması barədə hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci isə iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, dövlət rüsumu iddianın rədd edilməsinə müvafiq olaraq iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar