Məhkəmə qərarları › İş №2(016)-831/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-831/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-831/2023 18.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən onun xeyrinə 4.500 manat əsas, 640,03 manat faiz, 22,78 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5.140,03 manat məbləğində borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 71,81 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə müvafiq ərizə-anket və imza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə, barəsində məlumatların Asan-finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada analoq imza ilə və razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixədək illik 27,6% olmaqla 4.500 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Ümumi ofertanın 5.7.14-cü bəndinə əsasən Bank kredit xəttinin limitini birtərəfli qaydada artıra bilər. Bu zaman Borcalan razı olmadığı təqdirdə limitdən istifadə edənədək mobil əlavə vasitəsi ilə bu limiti azalda bilər. Ümumi ofertanın 5.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Həmin ofertanın 5.7.5-ci bəndinə əsasən Borcalanın minimal aylıq ödəniş məbləği bank tərəfindən müəyyən olunur və bu məbləğ müqavilə üzrə öhdəliyin ümumi həcmindən artıq ola bilməz. İlk minimal ödəniş məbləği güzəşt müddəti ərzində xətdən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55dək borcalan tərəfindən ödənilmişdir. Bu müddət ərzində borcalan tam ödəniş də edə bilər. Tam ödəniş dedikdə, kredit xəttinin istifadə olunmuş hissəsinin ümumi məbləği başa düşülür. Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası Hesabdan çıxarışda əks olunmuşdur. Ümumi ofertanın 5.7.4-cü bəndinə əsasən əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulan birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180 %-lə cərimə tətbiq edilir. 5.7.12-ci bəndə əsasən Borcalan minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, Bank aşağıdakı qaydada cərimə faizlərindən əlavə olaraq birinci təqvim ayı 5 manat ikinci təqvim ayınadək hər ay üçün 10 manat birdəfəlik cərimə tətbiq edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Tərəflər arasında yaranmış mübahisənin məhkmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixədək illik 27,6% olmaqla 4.500 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə ARGİD********** saylı kredit müqaviləsinə əsasən 4.500 manat əsas, 640,03 manat faiz, 22,78 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5.140,03 manat məbləğində borcu vardır. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixli bildiriş göndərmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən 22,78 manat məbləğində cəriməni ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 4.500 manat əsas, 640,03 manat faiz, 22,78 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5.140,03 manat məbləğində borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 71,81 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar