Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-833/2023 20.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 1.870 manat borc və dövlət rüsumu kimi ödənilmiş 39 manat olmaqla, ümumilikdə 1.909 manat pulun ona qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhəri ərazisində dövlət dəstəyi ilə iribuynuzlu heyvan-inək əldə edərək ailə təsərrüfatı yaratmışdır. Təsərrüfatda olan inəkdən alınan südü xüsusi soyuducuya toplayaraq onun satışını təşkil etmişdir. Təxminən 2022-ci ilin dekabr ayında cavabdeh ona zəng edərək süd məhsulunu daima ondan almaq istədiyini, bu işlə məşğul olduğunu bildirmişdir. O, cavabdehlə görüşərək şifahi olaraq nisyə süd verməyə razılaşmışdır. 01 fevral 2023-cü il tarixdə cavabdeh fermaya gələrək ondan ümumilikdə 3.284 manat dəyərində nisyə süd aparmışdır. Həmin vəsaitdən 1.414 manat vermiş 1.870 manat borcu qalmışdır. Dəfələrlə cavabdeh borcunu verəcəyinə söz versə də bu günə kimi həmin borcunu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək, guya həmin süd məhsullarının çürüdüyünü və xarab olduğunu, buna görə özünün də xeyli ziyana düşdüyünü, bu səbəbdən ödənilməmiş qalan 1.870 manat borcunu ödəyə bilmədiyini, lakin imkanı olduğu zaman həmin pulu ödəyəcəyini bildirmişdir. Halbuki, cavabdehin söylədiyi fikirlər həqiqəti əks etdirmir. Cavabdeh qeyd olunan məbləği qaytarmaqdan qəsdən boyun qaçırır. O, cavabdehin atasının ünvanına iki dəfə adam göndərsə də, bu günə kimi borcunu qaytarmamışdır. Cavabdeh axır vaxtlar zənglərinə cavab verməmiş, o, yaranmış vəziyyətlə bağlı İsmayıllı rayon Polis şöbəsinə müraciət etmişdir. Müraciətindən sonra Polis şöbəsində araşdırmalar aparılmış, aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, cavabdeh İsmayıllı şəhərində bir neçə şəxsdən süd məhsulları almış, əldə etdiyi süd məhsullarının dəyərini ödəməmək üçün guya həmin süd məhsullarının xarab olduğunu bildirmişdir. Beləliklə aldatma yolu ilə əldə etdiyi süd məhsulunun dəyərini ödəməkdən yayınmaqda davam etmişdir. İsmayıllı Rayon Polis Şöbəsində aparılmış araşdırmada cavabdehin hərəkətlərində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda o, məhkəməyə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olumasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İsmayıllı rayonu, Yuxarıbaş kəndində yaşayan vətəndaşlar X2, X1 və İddiaçı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə etdiyi müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, həmin qərardan görünür ki, araşdırma zamanı Şamaxı rayonu Xınıslı kəndində faktiki yaşayan Cavabdeh izahatının alınması məqsədilə İsmayıllı RPŞ-nə dəvət edilməsi üçün sonuncu ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefonla əlaqə saxlanılmışdır. Telefon əlaqəsi zamanı o, hazırda Bakı şəhərində olduğunu, şikayətçilərdən ağartı məhsulları aldığını, lakin həmin süd məhsullarının çürüdüyünü və xarab olduğunu, buna görə də xeyli miqdarda ziyana düşdüyünü, bu səbəbdən, şikayətçilərin pulunu ödəyə bilmədiyini, imkanı olduğu zaman həmin şəxslərin pulunu ödəyəcəyini, lakin izahat vermək üçün İsmayıllı RPŞ-nə gəlməyəcəyini, şikayət müəlliflərinin müraciətlərinin mülki xarakterli olduğunu və həmin şəxslərin bununla bağlı məhkəməyə müraciət etmələrini bildirmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 39 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan aldığı südün dəyərini qaytarmamaqla hazırda ona 1.870 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda vətəndaşlar X2, X1 və İddiaçı müraciətləri əsasında İsmayıllı RPŞ-də araşdırma aparılmış, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil telefonla əlaqə saxlanılmış, o, hazırda Bakı şəhərində olduğunu, şikayətçilərdən ağartı məhsulları aldığını, lakin həmin süd məhsullarının çürüdüyünü və xarab olduğunu, buna görə də xeyli miqdarda ziyana düşdüyünü, bu səbəbdən, şikayətçilərin pulunu ödəyə bilmədiyini, imkanı olduğu zaman həmin şəxslərin pulunu ödəyəcəyini bildirmişdir. Bununla da, o, İddiaçı 1.870 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda aldığı malın məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan mal almasına dair hüququndan istifadə etmiş, onun dəyərini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın 39 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissəsdə əsaslıdır və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütnasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 1.870 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-833/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-833/2023
20.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver