Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-84/2023 13.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh “Azəriqaz” İB-nin Ağsu X4 İdarəsinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən istifadəsində olmuş 170AZ**********61 nömrəli sayğacı ilə əlaqədar digər çoxsaylı qaz istehlakçıları kimi əsassız və qanunsuz olaraq onun adına qazdan istifadə qaydalarını pozmağına görə hesablanmış 1440 m3 qaz itkisinin ləğv edilməsi və sayğaca ödənmədən tutulmanın geri qaytarılmasına, əksinə həmin idarənin təqsirli hərəkət və hərəkətsizliyi üzündən ona və ailəsinə dəymiş maddi və mənəvi ziyan həcmi kimi hazırda istifadəsində olan qaz sayğacına 1440 m3 qaz yüklənməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış 1440 m3 qaz cərməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Ağsu rayonu, Maşadqanlı kəndində yaşayır. Qaz istehlakçısıdırlar. Qaz sayğacları hamınınkı kimi küçədə quraşdırılmışdır. Kəndləri üzrə qaza baxan nəzarətçi vardır, o, hər ayda bir dəfə gəlib sayğaclara baxıb gedir. Həmin nəzarətçi onlara heç vaxt sayğacda problem yaranması haqqında bir məlumat, irad bildirməmişdir. Hansı ki, nəzarətçi gəlib sayğacı yoxlayıb müdaxilə olub olmadığını, sayğacın plombunda zədə, qırıq olub olmadığını, sayğacdan qaz buraxıb-buraxmadığını yoxlayır. Nəzarətçi sayğaca baxış etmə gününü qabaqcadan onlara xəbərdarlıq etmədiyindən özü günün müxtəlif vaxtlarında gəlib baxır. Həmin nəzarətçi Bozavand kəndindəndir, adı Elvin ya da Elnurdur. Sayğacın dəyişdirilməsinin tarixi yadında deyil, 2-3 ay bəlkə də bir az artıq olar ki dəyişdirilib. Sayğaclarına pul smartkart vasitəsi ilə ödənilir. Ona sayğacda təbii qaz itkisi ilə əlaqədar qanunsuz və əsassız olaraq ziyanın ödənilməsi barədə sənədləşmə yazılmışdır, əslində isə sayğacın qeyd etdiyi tarixdə dəyişdirilməsindən təxminən iki ay əvvəl sayğaca smartkart vasitəsi ilə pul yükləmiş, qaz plitkasına qazın olduqca zəif gəldiyini görmüş, uşaqlarının istifadəsində olan 051-338-886- 38 nöməsi və qonşusunun telefonu ilə dəfələrlə qaz idarəsinə zəng edib vəziyyəti izah edib şikayətlənmişdir. Əlaqə zamanı onun adı, soyadı, ünvanı soruşulmuş, baxılacağı deyilmiş, lakin gəlib baxılmamışdır. Əlavə olaraq kənd üzrə qaz nəzarətçisinə bir neçə dəfə şikayətlənmişdir. Bu şikayətlərdən sonra qaz idarəsindən bir neçə işçi gəlib sayğacın plombunu açıb nəsə edib plombu bağlayıb getmişlər. Həmin qaz idarəsinin işçilərindən biri Curuqlu kəndindən olan Telman adlı şəxs olub. Bundan sonra yenə də qazda artım olmayıb. Yenidən qaz idarəsinə zəng edib şikayətlənmiş, sonra yenə qaz idarəsi işçiləri gəlib sayğacı açıb yoxlamış, sayğacın dəyişilməli olduğunu deyib, dəyişərək aparmışlar. Bu zaman ona sayğacın plombunun qırılması və ya hər hansı irad bildirilməyib. Bir neçə gün əvvəl sayğaca pul yükləyən zaman şübhələnmiş, qaz idarəsinə gedərək maraqlanmış, orda ona cərimə yazıldığı deyilmişdir. O, iradını bildirdikdə, işçilər ona yuxarıdan göstəriş olduğunu, məhkəməyə müraciət etməsini bildirmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsada, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktından görünür ki, X2 məxsus sayğacın LCD ekranında rəqəmlər qarışmış, sayğac F-116 rejimində olmuş, elektron yaddaş proqramı nasaz olmuşdur. Sayğacın yaddaş tarixi oxunmuş, sayğac istismar müddətində Alarm-1 rejimində olmuşdur. Xətalar normaya uyğundur, sayğac istismara yararsızdır və qüsura görə qaz itkisi yaranmışdır. xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, 29/1710-02918-1 saylı akta əsasən abonent sayğacın LCD ekranında rəqəmlər qarışmış, sayğac F-116 rejimində olmuş, elektron yaddaş proqramı nasaz olmuş və qüsura görə qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1440 m3 sərfiyyat hesablanmışdır. Abonentin saldosundan görünür ki, Ağsu rayonu, Maşadqanlı kəndində X1 mənzilinə xx.xx.2022-ci il tarixdə ZENNER G4T mexaniki markalı, **********1 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********00280-dır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın LCD ekranında rəqəmlərin qarışdığı, sayğacın F-116 rejimində olması, elektron yaddaş proqramının nasaz olması, sayğacın istismar müddətində Alarm-1 rejimində olması, xətaların normaya uyğunluğu, sayğacın istismara yararsız olması və qüsura görə qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesabat aparılmış və hesablanmış 1440 m3 sərfiyyatın əvəzi iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” X3 X4 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında iddiaçı X2 hesablanmış 1440 m3 qaz itkisi üçün hesanlanmış cərimə silinməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 1440 m3 qaz itkisi üçün hesablanmış 172.80 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-84/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-84/2023
13.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver