Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-901/2025 08.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu rayonu, Abasxanlı kəndində yerləşən X12 və Cavabdeh alınmış 1.19 ha. torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X3 10 iyul 2024-cü ildə torpaq sahəsi almaq üçün X12 və Cavabdeh 1.000 manat pul vəsaiti ödəyərək Ağsu rayonu, Abasxanlı kəndi ərazisində 1.19 hektar torpaq sahəsini sənədləri ilə birlikdə satın almışdır. 14 noyabr 2024-cü il tarixində 2.000 manat X6 qardaşı, X7 həmin adçəkilən Abasxanlı kəndində aldığı torpağın alqı-satqısı üçün vermişdir. Bundan başqa, 12 dekabr 2024-cü il tarixində Kürdəmir rayonu, Sığırlı kənd sakini onların ailəvi dostu olan Məmmədov Ruslandan 1.000 manat sənədlərin düzəldilməsi üçün pul istəmiş və o, 1.000 manat pulun verilməsinə razılıq vermişdi. Uzun müddətdir ki, aldıqları torpaq sahəsinin vergi ödənişlərini ödəyir. Cavabdeh və onun yaxınları ilə indiyə qədər aralarındada heç bir problem olmayıb. Həmin torpaq sahəsini atası ilə özü əkib becərir. Torpaq sahəsində 1000 ədəd nar ağacları əkib becərirlər. Hal-hazırda nar ağacları böyüyüb, bar gətirən vaxtıdır. Sözügedən torpaq sahəsini onlara sənədləri ilə birlikdə satan onun sahibi X12 bir müddətdən sonra dünyasını dəyişmişdir. Nəsirov Əfsər və onun cəbhə yoldaşı Mirzəyev Suliddin adlı şəxslər 10 il həbsxanada cəzasını çəkib qurtardıqdan sonra mərhum Nəsirov Arifin qardaşı Nəsirov Əfsərdən vəziyyətdən sui-istifadə edərək qardaşı Arifdən torpaq sahəsini aldıqlarını bildirmişdir. X20 bacıları - X8, X9 və X4 məsələni həqiqətdə qardaşları - X12 və X5 torpaqlarını İddiaçı satdıqlarını bildiyinə və haqqın tərəfində olduğuna görə öz adından onun adına torpağın alqı-satqısı üçün notarial qaydada etibarnamə vermişdir. Özlərinə arxayın olan Nəsirov Əfsər va Sulidin Mirzəyev 1000 ədəd nar ağacı əkdiyi torpaq sahələrində işlərin görülməsinə ona mane olurlar, həmin torpağın boşaldılmasını ondan tələb edirlər. Torpaq sahəsini boşaltmadığı halda ona hər hansı əllərindən gələn alternativ pisliklərin etmələri ilə hədələyirlər. Bunun haqqında artıq aidiyyatı yerlərə yazılı məlumat vermişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı yalan danışır. Qayınatası 2004-cü ilin sonlarında vəfat edib. 2015-ci ilin fevral ayında yoldaşı vəfat edib. Əgər alqı-satqı olubsa, torpağı yoldaşı yox, qayınatası satardı. İddiaçı ona şər-böhtan atır, bu səbəbdən də iş bu vaxta qədər qalıb. Yoldaşı iddiaçının atası Əhmədlə dost olub, ona torpağı icarəyə verib və bildirib ki, sonra aramızda razılaşarıq. Yoldaşı xəstə olduğu üçün anidən vəfat edib. İndi də ondan pul istəyirlər ki, yoldaşına torpaq üçün 1.000 manat pul vermişik. Oğlu da bu səbəbdən torpağın iddiaçının adına keçməsinə razılıq vermir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-146, Kod: 40910058 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, X10 və X1 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli 09 nömrəli qərarı ilə 1.19 ha torpaq sahəsi verilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Ağsu rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 06 avqust tarixli 09 nömrəli qərarına əsasən X10 və X2 ayrılmış 1.19 ha torpaq sahəsini X12 və Cavabdeh ilə 2024-cü ildə aralarında olmuş şifahi razılaşmaya əsasən 1.000 manata aldığını, lakin aralarında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yazılı şəkildə heç bir razılaşma olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə tərəflər arasında münasibətlər 2024-cü ildə yarandığından mübahisənin həlli də həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normaları ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyalara dair sərəncam verilməsi haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: - yazılı formada bağlanması; - notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyalara dair sərəncamın verilməsi haqqında müqavilənin etibarlılığını şübhə altına alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz həqiqi və hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-901/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-901/2025
08.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver