Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-904/2025 08.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 8.477 məbləğində pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək həbsdə saxlanıldığı müddət – 03 ay 24 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmaqla, üzərində qəti olaraq 03 il 02 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Xəzər Rayon Məhkəməsinin 1(003)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən təqsirləndirilən, yəni hazırkı iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. İddiaçı Gülçin Atakişiyeva vasitəsi ilə tanış olduğu Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin oktyabr ayının ortalarında vahid niyyətlə əhatə olunmuş qəsdlə ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəştli və sərfəli kreditlə MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq, ondan 7.000 manat pulunu Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Zəfəran” adlı kafedə, 1.000 manat pulu 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində olan YAP-ın inzibati binasının yaxınlığında, 14 iyul 2022-ci il tarixdə 307 manat pulu kart hesabına atdırmaqla, 05 dekabr 2022-ci il tarixdə 170 manat pulu kart hesabına atdırmaqla güzəştli mənzilin alınması üçün köməklik edəcəyi vədi ilə, qazanmış etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ona 8.477 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh dələduzluq hərəkətləri etməklə ona qarşı cinayət əməlləri törətdiyi üçün özünə məxsus cəmi, 8.477 manat məbləğdə pul vəsaiti mənimsədiyi və bu günə kimi qaytarmadığı üçün pul vəsaitindən səmərəli istifadə edib, zəruri olan problemlərini həll edib, iş qurub gəlir əldə etmək hüququndan məhrum olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsində qeyd olunan tələbi tam qanuni və əsaslıdır, birbaşa cavabdehin təqsiri ucbatından baş verdiyi üçün Cavabdeh pulunu ödəməyə borcludur, ərizəsi məhkəmə tərəfindən təmin edilməli, pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməli, pozulmuş və mübahisə edilən hüquqlarının real bərpası təmin olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək həbsdə saxlanıldığı müddət – 03 ay 24 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmaqla, üzərində qəti olaraq 03 il 02 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. - Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, iddiaçı X1 ona qarşı olan 8.477 manat iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıdan 8.477 manat məbləğində vəsait alması iş materiallarına əlavə edilmiş cavabdehin ərizəsi ilə təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdeh tərəf iddianı qəbul etdiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, Cavabdeh İddiaçı 8.477 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı verdiyi pul vəsaitini Cavabdeh geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 8.477 manat pul alaraq əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 104,60 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 104,60 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8.477 manat məbləğində pul və ödənilmiş 104,60 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8.477 manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 104,60 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-904/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-904/2025
08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver