Məhkəmə qərarları › İş №2(016)-937/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-937/2023

11.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-937/2023 11.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X16 Natiq oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh hüquqi əsas olmadan əldə etdiyi 10000 manat və dövlət rüsumuna görə ödənilmiş 120 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1978-ci ildən Ağsu rayonu elektrik şəbəkəsində baş usta işləyir. Baş usta kimi xidməti vəzifəsi hava və kabel xəttlərinin təmir edilməsindən ibarətdir. 09 mart 2023-cü il tarixdə Ağsu rayonu Bənəcik kəndində 10 kv-luq hava xəttindən qidalanan əyri dayaqların düzəldilməsi və xəttlərin taramlanması işləri görülməli idi. Bu məqsədlə baş mühəndis tərəfindən naryad yazıldı və həmin gün saat 10 radələrində rəhbərliyi altında fəhlələr Həsən Cəfərov və Hətəm Bağırov, elektrik montyorları Cavabdeh və Əhməd Vahidovla birlikdə Bənəcik kəndinə getdilər. İlk öncə elektrik dirəyini taramladılar və dirəyin dibini torpaqlayıb bərkitdilər. Sonra isə digər dayaqların əyri olub-olmamasını müayinə etmək üçün həmin dirəklərə baxmağa getdi. Geri qayıdanda gördü ki, Cavabdeh öz başına dirəyə qalxaraq elektrik xəttini təmir etməyə başlamışdır. Bu vaxt qəflətən Teyyubu elektrik cərəyanı vurmuş və o, asta-asta dirəkdən yerə düşmüşdür. Həmin vaxt Teyyuba "Niyə öz başına iş görürsən", dedi, Teyyub isə öz növbəsində "Səhv etdim, soruşmadım"-deyə bildirdi. Sonra Teyyubu avtomobilə qoyub xəstəxananın yanındakı aptekə gətirib ona dərman aldı. Daha sonra isə Cavabdeh taksiyə mindirib yaşadığı Rəhimli kəndinə göndərdi. Bu hadisədən sonra Cavabdeh və arvadı ona demişdilər ki, "Əgər bizə 20 min manat pul verməsən, sizdən şikayət edəcəm". Onların şikayət etməməsi üçün 10000 manat pul düzəldib bir neçə şəxsin yanında Cavabdeh verdi. Belə ki, 20 mart 2023-cü il tarixdə Cavabdeh evində Vurğun Bəyalıyevin, Füzuli İslamovun, Samir Əhmədzadənin və Bəxtiyar İlyasovun yanında Teyyuba 10000 manat pul vermişdir. Həmin vaxt Teyyuba bildirdi ki, "20000 manat verməyə imkanım yoxdu, ona görə 10000 manat düzəldə bilmişəm". Teyyub da verdiyi 10000 manatla razılaşmış və şikayət etməyəcəyini bildirmişdir. Lakin Teyyub 10000 manat pul almasına baxmayaraq, sonradan iş vaxtı elektrik cərəyanı vurması nəticəsində xəsarət alması barəsində prokurorluğa şikayət etmişdir. Prokurorluq tərəfindən şikayət araşdırılmış və barəsində AR İXM-nın 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən AR İXM-nın 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişəm. Dəfələrlə ondan pulunun qaytarmasını tələb etsə də guya ondan 10000 manat pul almadığını bildirərək pulu qaytarmaqdan imtina etmişdir. Halbuki, həmin pulu 4 nəfərin iştirakı ilə onun evində vermişdir. Bundan başqa, cavabdehə pulun verilməsi ilə bağlı səs yazısı da vardır (səs yazısı ilə bağlı disk iddia ərizəsinə əlavə edilmişdir). Bütün bu sadalanan faktlar Ağsu rayon prokrorluğunda və Ağsu rayon polis şöbəsində aparılmış araşdırmalar zamanı qəbul edilmiş qərarlarda da öz əksini tapmışdır. Göründüyü kimi, Cavabdeh ondan şikayət etməməsi üçün 10000 manat pul alsa da, sonradan prokurorluğa, polisə şikayət etmişdir. Bununla da cavabdeh onu aldadaraq, heç bir əsas olmadan pul vəsaitini ələ keçirmişdir. Bütün bunlara əsasən hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan əldə etdiyi 10000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh onun xəbəri olmadan dirəyə qalxaraq elektrik xəttini təmir etməyə başlamış, bu vaxt qəflətən onu elektrik cərəyanı vurmuşdur. Həkimə apardı. Nəsə lazım olduğunu soruşduqda 10 000 manat pul verməsini, heç kimə heç nə deməməyini tapşırdı. Müalicəsi üçün lazım olan xərci çəkdi. Sonra tələb etdikləri 10000 manat pulu kredit götürüb martın 20-də onlara verdi. Həmin gün dörd iş yoldaşı ilə, daha doğrusu şahidləri Füzuli, Vurğun, Samir və Bəxtiyarla birlikdə evlərinə gedib, pulu sayıb vermişdir. Pulu Vurğun saydı, masanın üstündə sayılarkən cavabdehin yoldaşı ordaydı. Pulu sayıb verəndə çəkiliş olub, diskə atılaraq iş materiallarına əlavə edilib. Amma bunun ardı kəsilmir, yenə pul tələb edirlər. Mayın 1-də ondan prokurorluğa şikayət etdilər. Hadisə onun günahı olsada cavabdehin səhlənkarlığı nəticəsində baş verib. Cavabdeh bu qədər sübutun qarşısında pulu lmadığını söyləyir, amma həmin məbləği alandan sonra maşın və heyvanlar almışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, Ağsu rayon Elektrik şəbəkəsində çilingər işləyir. 9 kəndə baxır. İdarənin baş mühəndisi Rasim Orucovun göstərişi ilə bu ilin mart ayının 9-da o, Telman, Əhməd, Həsənağa və Hətəm Bənəcik kəndinə getdilər. Telman baş usta, qalanları isə çilingərdilər. Bənəcik kəndində işığı ayırdılar ki, işə başlayaq. Yuxarı çıxan zaman fırlanmaq istəyəndə birdən elektrik cərəyanı onu vurdu. Nəticədə qolu yoxdur, ayağı işləmir. İddiaçı ona pul verməyib, yalan danışır, yoldaşı ondan sığorta tələb edib. Düzdür iddiaçı onu həkimə apardı. Dərman pulu olaraq 50, 100 manat pul verib. Ondan başqa idarənin müdiri də gəlib dərmanı, ehtiyacı üçün pul vermişdir. Ona baş vermiş hadisə barədə heç kimə məlumat verilməməsi tapşırıldı, bunun müqabilində 5-6 ay maaş yazılacağı, təzminat veriləcəyi bildirilsə də aldatdılar. Hətta sığorta ödəniləcəyini də söz verdilər. 25 ildir səhvi olmadan eyni işdə çalışmışdır. Aldadıldığı üçün şikayət etməli oldu. Telman ona qeyd olunan məbləğdə pul verməyib. Martın 20-də gəlməkləri yadında deyil. Amma tez-tez ona baş çəkirdilər. Pulu sayıblar çəkiblər, sonra çəkilişi söndürüb dedilər ki, üstünü düzəldək gətirərik, gətirmədilər. Nə qədər pul olmağını bilmir, yoldaşı orda olub. Qadını aldatmaq asandır, həmin vaxt orada olmayıb, o biri otaqda olmuş, pul saymaqlarını görməmiş, yoldaşı bu barədə ona demişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, cavabdeh həyat yoldaşıdır. Hadisə mart ayının 9-da baş verib. Yoldaşını həmin gün pis vəziyyətdə evə gətirdilər. Yoldaşları ona gəlib dəyirdilər. Lakin tarixləri dəqiq yadında deyil. Həmin vaxtlar Telman onlara yalvardı ki, işimi dolaşığa salmayın, 3-5 il ömrü qalıb. Onu harasa şikayət etsələr şərləyəcəyini söyləyirdi. Hadisə baş verdikdən sonra dolanışıq, dərman üçün ona 20, 50 manat pul veriblər. Vəziyyətləri yaxşı olmadığı üçün idarəyə müraciət edib sığorta istədi. Telman 12-15 min verəcəyini bildirmişdir. 3-4 nəfər iş yoldaşıyla onlara gələndə verdikləri pulun üstünün çatmadığını, düzəldib gətirəcəyini bildirdi. Savadsız olduğundan həmin vaxt məbləğinin qədərini bilməmişdir. Böyük pulu saya bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Ağsu rayon Elektrik şəbəkəsində işləyir, tərəflər iş yoldaşlarıdır və münasibətləri yaxşıdır. Baş vermiş hadisə ilə bağlı Teyyub evində idi. Martın 20-də yoldaşlarla toplaşıb “BolMart” marketdən bazarlıq edib Teyyubgilə getdilər. Həmin vaxt Fizuli İslamov, Bəxtiyar İlyasov, Vurğun Bəyalıyev və İddiaçıla bilikdə idilər. Sonuncu onlardan xahiş etdi ki, Teyyubun istədiyi 15000 manat məbləğdən yalnız 10000 düzəldib, həmin məbləğə onu razı salsınlar. Çünki artıq ödəməyə imkanı yoxdur. Həmin məbləğlə müalicəsini alsın və ondan şikayətçi olmasın. Onları yaxşı qarşıladılar. Teyyub, arvadı və 2 uşağı da ordaydı. Telmanla Teyyub öz aralarında danışarkən sonuncu müalicə olunmadığını bildirib, Telmanın da ağzından çıxıb ki, ona 20000 manat pul verəcək. Masada oturduqları zaman Telman pulu çıxarıb masanın üzərinə qoydu. Vurğun pulları saydı, 98 ədəd 100 manatlıq, 1 ədəd isə 200 manatlıq pul var idi. Vurğun masaya qoyduqdan sonra Telman halallıq da verdi və 5000 manat verəcəyini dedi. Çünki Teyyub və arvadı 10000 manatı götürmürdü, yalvara-yalvara verildi ki, qalanını da gətirib verəcək. Sonra aprel ayının 3-5-də bir də onların evinə gedib Telmanın toplaya bildiyi 3000 manatı vermək istəsələr də onları qarşılamadılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, Ağsu rayon Elektrik şəbəkəsində işləyir, tərəflər iş yoldaşlarıdır və münasibətləri yaxşıdır. Baş vermiş hadisədən sonra Novruz bayramı öncəsi Telman onlara yaxınlaşıb birlikdə Teyyubgilə getməyi xahiş etdi. Fizuli İslamov, Bəxtiyar İlyasov, Samir Əhmədzadə və İddiaçıla birlikdə Teyyubun rayonun Rəhimli kəndində yerləşən evlərinə getdilər. Onları yaxşı qarşıladılar, Teyyub özü də onlarla birlikdə masa başında, sol tərəfində əyləşmişdi. Baş verənlərlə bağlı xahiş etdilər ki, işdir olub, hətta yalvardılar ki, Telman kasıbdır, xəstə nəvəsi var, özü də xəstədir, ədavət aparmasın. Telman bükülü pulu çıxardı həmin məbləği saydı, 988 ədəd 100 manatlıq, 1 ədəd isə 200 manatlıq idi. Teyyubun 2 oğlu və özləri də orada idilər. 10000 manatı sayıb qoydu masanın üstünə, əvvəl götürmək istəmədilər ki, Telman onlara 15000 manat verməli imiş. Lakin xahiş, minnətdən sonra Telman az vaxtda 5000 manat da verəcəyini bildirəndə razılaşdılar. Sonra aprel ayının 5-də 3000 manat pul düzəldib gələndə onları heç qapıya qoymadılar, hətta onlara pul verilmədiyini də bildirdilər. Telmanın onlara həmin məbləği verməkdə məqsədi Teyyub şikayətçi olmayacaq və müalicə olunmaq üçün Bakı şəhərinə gedəcəyi idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Ağsu rayon Elektrik şəbəkəsində işləyir, tərəflər iş yoldaşlarıdır və münasibətləri yaxşıdır. Martın 20-də “Bolmart” adlanan marketin yanında olduqları zaman iş yoldaşları İddiaçı elektrik cərəyanı vurmuş digər iş yoldaşları Cavabdeh dəyməyə getməyi təklif etmiş, onlar da razılaşmışlar. Həmin vaxt Fizuli İslamov, Samir Əhmədzadə, Vurğun Bəyalıyev və İddiaçıla birlikdə alışveriş edib onlara getdilər. Yolda İddiaçı bildirdi ki, Teyyub şikayət etməməsi üçün ondan 15000 manat pul istəmiş, lakin 10000 manat pul düzəltmişdir, çalışsınlar ki, həmin məbləğlə razlaşsın. Telman yolda dedi ki, pul verəcəm həkimə getsin müalicə olunsun.Teyyubgildə onları yaxşı qarşıladılar, masa arxasında çay içdikdən sonra Telman pulu cibindən çıxarıb sayması üçün Vurğuna verdi. Vurğun pulları sayıb masanın üzərinə qoydu. 98 ədəd 100 mantlıq, 1 ədəd isə 200 manatlıq əskinaslar idi. Pul veriləndə Teyyub otaqda onunla üz-üzə oturmşdu. Teyyub və yoldaşı dedilər ki, 20 000 manat verilməlidir, lakin axırda 15 000 manata razılaşdılar. 10 000 manat sayıb verildi, 5 000 manat qaldı. Telman qalanını da gətirəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, Ağsu rayon Elektrik şəbəkəsində işləyir, tərəflər iş yoldaşlarıdır və münasibətləri yaxşıdır. Mart ayının 20-də “Bolmart” adlanan marketin yanında olduqları zaman Telman gələrək Teyyubun yanına onlarla birlikdə getmələrini xahiş etdi. 5 nəfər yığışıb marketdən bazarlıq edib birlikdə getdilər. Onları yaxşı qarşıladılar, çay verdilər. Teyyub da onlarla birlikdə oturub xeyli söhbət etdilər. Bildirdi ki, hadisə zamanı qolu yanıb, amma qolunun xəsrətini görmədilər. Sonra Vurğun pulu sayıb masanın üstünə qoydu. Telman Teyyubun arvadına və uşaqlarına pulu sayıb götürmələrini söylədi. Halallıq da verdi. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 17 mart 2023-cü il tarixli BPM**********12 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı 43 ay müddətinə 23 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit götürmüşdür. - "xxxx" ASC ilə X5 arasında bağlanmış 17 mart 2023-cü il tarixli BPM**********93 nömrəli kredit müqaviləsindən görünür ki, X5 43 ay müddətinə 18 faiz dərəcəsi ilə 1800 manat məbləğində kredit götürmüşdür. - Ağsu rayon Prokurorunun böyük köməkçisinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında is üzrə icraat başlanıbınıq baxılmasından ötrü Ağsu rayon Məhkəməsinə göndərilməsi, 20 mart 2023-cü il tarixdə Cavabdeh arvadı X4 ilə birlikdə almış olduğu xəsarətlə bağlı şikayət edilməməsi müqabilində İddiaçı 10000 manat pul alması və bunun nəticəsində sonuncunu aldadaraq əmlakını ələ keçirməsi xüsusatına hüquqi qiymət verilməsi üçün materialın ayrılaraq Ağsu rayon polis şöbəsinə göndərilməsi qərara alınmışdır. - Ağsu rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. - 07.08.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı "xxxx" ASC-yə 120 manat pul ödəmişdir. - İddiaçı tərəfindən Cavabdeh şikayət etməməsi müqabilində 10000 manat pul verilməsi zamanı yazılan CD diskə əlavə edilmiş 11 dəqiqə 32 saniyəlik səs yazısından görünür ki, həqiqətən Fizuli İslamov, Samir Əhmədzadə, Vurğun Bəyalıyev və Bəxtiyar İlyasovun yanında Cavabdeh və X8 Səlimov tərəfindən 10000 manat pul verilmiş, hətta həmin məbləğin az olması, söz verilmiş bütün məbləğin verilməsi tələb edilmişdir. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin öz yaşadığı evdə ailə üzvlərinin və iş yoldaşları olmuş Fizuli İslamov, Samir Əhmədzadə, Vurğun Bəyalıyev və Bəxtiyar İlyasovun yanında İddiaçı 10000 manat məbləğində vəsait alması həmin şahidlərin izahatları, iş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazıları ilə təsdiq olundu. Məhkəmə iclası zamanı Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş mobil telefonunda olan İddiaçıla olan səs yazısı dinlənilərkən Cavabdeh arvadı X1 Səlimovdan ərinin keçirdiyi qəza ilə bağlı sığorta məbləğini tələb etdiyini, həmin məbləğ verildiyi təqdirdə ərini müalicə müəssisələrinə aparacağını bildirmiş, İddiaçı isə bununla bağlı onları razı salacağını qeyd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdeh tərəf bunun əksini təsdiq edən sübutlar təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, Cavabdeh şikayət etməməsi müqabilində İddiaçı 10000 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı verdiyi pul vəsaitini Cavabdeh geri tələb etməyə haqlıdır. MM-nin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan şikayət etməməsi müqabilində 10000 manat pul alaraq əsassız varlanmışdır. MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 120 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10000 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 120 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 120 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar