Məhkəmə qərarları › İş №2(016)-945/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-945/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-945/2023 28.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “kredit borcu” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1441,61 ABŞ dolları əsas, 46,13 ABŞ dolları faiz, 0,25 ABŞ dolları cərimə, cəmi 1487,99 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 45,70 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə borcalan X9 oğlu arasında bağlanmış 10092nkADJ/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana istehlak məqsədləri üçün 18 ay müddətinə illik 26% ödəmək şərtilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin məlumatına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehlərin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309cu maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Lakin cavabdehlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qəbul edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. İddiaçı isə bu barədə məlumatı özü əldə etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Təqdim olunmuş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, habelə iş üzrə əlavə araşdırmanın aparılması tələb olunduğundan Ağsu Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “kredit borcu” tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Unibank” KB ASC məhkəməyə elektron ərizə ilə müraciət edərək məhkəmə iclaslarını iştirakları olmadan keçirərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" KB ASC ona və digər ailə üzvlərinə qarşı bankın mərhum atası ilə xx.xx.2014-cü il tarixdə bağladığı kredit müqaviləsinə 2000 ABŞ dolları məbləğində kredit ödənilməsini tələb etmişdir. Kredit müqaviləsi qeyd edildiyi kimi xx.xx.2014-cü ildə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddi hüquq normalarının tələblərinə əsasən iddiaçı ən yaxşı halda onlara qarşı iddianı xx.xx.2019-cu tarixdək verə bilərdi. İddia müddəti 5 (beş) il ötürüldükdən sonra məhkəməyə verilmişdir. Müqavilənin məzmunundan göründüyü kimi kredit istehlak məqsədi ilə verilmişdir. Krediti götürən müqaviləni imzaladıqdan 10 ay sonra vəfat etmişdir. Bununla belə keçən 10 ay ərzində hansı miqdarda kredit ödəməsi barədə iddia tələbində qeyd yoxdur. Ona görə də qarşı tərəf onların hesabına varlanmaq istəyir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atası 2015-ci ildə vəfat etdikdən sonra ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini banka təqdim etmişlər, bank artıq həmin vaxt atası X9 oğlunun rəhmətə getməsindən xəbəri olmuşdur və ölüm haqqında şəhadətnaməni onlara təqdim etdikdən sonra bildirmişlər ki, məsələ artıq həllini tapmışdır. İndi isə hadisənin üstündən 8 il keçdikdən sonra pul tələbinə dair iddia ərizəsi ilə iddia qaldırmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş digər cavabdehlər Cavabdeh1 və X8 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdeh Valeh İbrahimovun izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" KB ASC ilə X9 oğlu arasında bağlanmış 10092nkADJ/14 saylı, xx.xx.2014-cü il tarixli Kredit və bank hesabı müqaviləsindən görünür ki, bank tərəfindən X9 oğluna 18 ay müddətinə illik 26% ödəmək şərtilə 2000 ABŞ dolları məbləğdə kredit verilmişdir. X9 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X9 oğlunun xx.xx.2023cü il tarixə 1441,61 ABŞ dolları əsas, 46,13 ABŞ dolları faiz, 0,25 ABŞ dolları cərimə, cəmi 1487,99 ABŞ dolları məbləğində borcu vardır. - 05.07.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər gecikdirilmiş borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - AZ-İ № 762794 saylı xx.xx.2015-ci il tarixli Ölüm haqqında Şəhadətnamənin xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında həmin tarixdə 202 nömrə ilə qeyd edilmişdir. - Ağsu rayon Notariat ofisi tərəfindən verilmiş PİKÜMİD-nin Regional Məhkəməhüquq Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum X9 oğlunun (FİN: 2JX9VE1) adına Ağsu rayon Notariat ofisində V-1 reyestr nömrəli xx.xx.2016-cı il tarixli açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələri - Cavabdeh1, Cavabdeh2 və X6r. - Mədaxil qəbzindən görünür ki, xidmət haqqı ilə birgə 45,30 manat dövlət rüsumu ödənilmişdir. - Ağsu rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli 918 nömrəli məktubundan görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X9 oğlunun adına Ağsu rayon Notariat ofisində 2V-01 reyestr nömrəli xx.xx.2016-cı il tarixli vərəsəlik işi açılmış və onun vərəsələri - Cavabdeh1, Cavabdeh2 və X8 müəyyən edilmişdir. - Qanun üzrə Vərəsəlik Hüququ haqqında xx.xx.2016-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X9 oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və X8 və onlar miras əmlakdan bərabər hissələrdə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: buraxılış ili 2012-ci il olan Chevrolet Aveo minik markalı 99CP978 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - Cavabdehlər tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, cavabdehlər iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etmişlər. - Cavabdehlər tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cavabdehlər iddia müddətinin keçməsinin nəzərə alınaraq iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsini xahiş etmişlər. - İddiаçı tərəfin xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada ünvanlanmış ərizəsində göstərilmişdir ki, cavabdehlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmiş və iddiaçı bu barədə məlumatı özü Ağsu rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə əldə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" KB ASC ilə X9 oğlu arasında xx.xx.2014-cü il tarixdə 10092nkADJ/14 saylı Kredit və bank hesabı müqaviləsi bağlanmış və bank tərəfindən X9 oğluna 18 ay müddətinə illik 26% ödəmək şərtilə 2000 ABŞ dolları məbləğdə kredit verilmişdir. X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə vərəsəlik işinin olub-olmaması ilə bağlı Ağsu rayon notariat ofisinə müraciət etmiş və notariat ofisinin xx.xx.2023-cü il tarixli cavabı ilə vərəsəlik işinin açılması və mirası qəbul etmiş vərəsələri barədə iddiaçıya rəsmi məlumat verilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə mərhum X9 oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və X5 qarşı iddia tələbi ilə məhkəmədə iddia qaldırmışlar. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, ərizədə göstərilmişdir ki, iddiaçı iddia ərizisini xx.xx.2019-cu il tarixədək verə bilərdi, lakin iddia müddəti 5 il ötürüldükdən sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiаçı tərəf isə iddia müddətinin üzrlü səbəblərdən buraxılması ilə bаğlı qeyd etmişdir ki, cavabdehlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyannın kreditoruna məlumat verməmiş və iddiaçı bu barədə məlumatı özü Ağsu rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə əldə etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, "xxxx" KB ASC ilə X9 oğlu arasında xx.xx.2014-cü il tarixdə 18 ay müddətinə, yəni müddəti xx.xx.2016-cı il tarixdə bitən Kredit və bank hesabı müqaviləsi bağlanmışdır. X1 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bundan sonra cavabdeh tərəf xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş Ölüm haqqında Şəhadətnamənin surətini banka təqdim etmişdir. Göründüyü kimi bankın X3 ölümündən həmin tarixdən artıq məlumatı olmuşdur. Lakin iddiaçı mərhum X3 adına vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı notariat ofisinə onun ölümündən ən azı altı ay sonra deyil, 7 (yeddi) il 8 (səkkiz) ay sonra müraciət etmişdir. İddiаçı iddia müddətinin buraxılmasına səbəb kimi cavabdehlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmələrini və bu barədə məlumatı özlərinin Ağsu rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə əldə etdiklərini qeyd etsə də, qanunvericiliyin həmin normasında ölənin borclarının vərəsələrə məlum olduğu təqdirdə mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borclu olmaları göstərilmiş, iddia müddətinin axımının mirasın açılıb-açılmaması ilə bağlı məlumat əldə edənədək dayandırılmasına dair hər hansı norma əks olunmamışdır. Əksinə Mülki Məcəllənin “İddia müddəti” fəslində öhdəlikdəki şəxslərin dəyişilməsinin iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmamasına dair maddi norma vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Beləliklə məhkəmə hesab edir ki, iddiаçı iddia müddətinin üzrlü səbəblərdən buraxılması ilə Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci mаddəsinə müvаfiq qаydаdа əsаslı və mötəbər sübutlаr təqdim еtməmişdir. Bununlа dа, iddiaçı iddia tələbi üzrə iddia müddətini üzürsüz səbəblərdən ötürmüş, həmçinin iş üzrə cаvаbdеh tərəf bu tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Belə ki, hazırkı iddia tələbi üzrə cavabdehlər tərəfindən mübahisələndirilən əsas hal məhz sözügedən tələb üzrə iddia müddətinin keçməsidir. Bu baxımdan, məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnun qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəlləsnin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci və 375.2-ci maddələrinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında münasibətlər müqavilə xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2-ci və 384-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, iş materiallarından da görünüyü kimi tərəflər arasında bağlanmış 10092nkADJ/14 saylı, xx.xx.2014-cü il tarixli Kredit və bank hesabı müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddəti axımı həmin vaxtdan başlanmış, iddiaçının mövcud iddia ərizəsi isə xx.xx.2023cü il tarixdə məhkəməyə verilmişdir. Odur ki, iddiaçı göstərilən tarixdə iddia irəli sürməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu baxımdan, məhkəmə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməli olması qənaətinə gəlir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1441,61 ABŞ dolları əsas, 46,13 ABŞ dolları faiz, 0,25 ABŞ dolları cərimə, cəmi 1487,99 ABŞ dolları borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1441,61 ABŞ dolları əsas, 46,13 ABŞ dolları faiz, 0,25 ABŞ dolları cərimə, cəmi 1487,99 ABŞ dolları borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçı "xxxx" KB ASC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar