Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-975/2023 14.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun Cavabdeh verdiyi 6.400 manat pulun və bank kartının ümumilikdə olan və hələ də artmaqda davam edən 800 manat məbləğində olan faiz borcunun, həmçinin məhkəməyə müraciət üçün çəkdiyi 132 manat xərcin, ümumilikdə isə 7.240 manatın Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmisi oğlu olan Cavabdeh 2020-ci ildə onun təklifi ilə təsərrüfat sahəsində şərikli iş qurmaq məqsədi ilə müxtəlif vaxtlarda, ümumilikdə 4.000 manat pulu onun bank kartına köçürmüşdür. Onların məqsədi Cavabdeh məxsus Ağsu rayonu, Hacısəmədli kəndində yerləşən və ərazisi 4.5 ha olan torpaq sahəsində yonca əkimi və iribuynuzlu heyvan saxlamaqla təsərrüfat fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək olmuşdur. O, 4.000 manat pulu Cavabdeh verdikdən sonra işin yaxşı getdiyini, qazanc əldə etdiyini bildirmişdir. Lakin Cavabdeh 2022-ci ilin may ayının 2-də daha sonra da ondan 4.840 manat pul istəmiş, o da yenidən bank kartı vasitəsi ilə 4.840 manatı ona göndərmişdir. Beləliklə, cavabdehin ona 8.840 manat öz borcu, ümumilikdə isə 108 manat məbləğində olan kommisiya ilə birlikdə 8.948 manat borcu yaranmışdır. Daha sonra isə Cavabdeh dəfələrlə xəbərdarlıq etdikdən sonra o, müxtəlif vaxtlarda ümumilikdə 2.545 manat pul qaytarmışdır. Bununla da əmisi oğlu olan Cavabdeh ümimilikdə 6.400 manat borcu qalması barədə ona xəbərdarlıq etdikdə isə Cavabdeh ona bildirmişdir ki, həmin işdən ziyanla çıxmış və onun ümumi borcu 5.200 manat məbləğindədir. Lakin Cavabdeh ümumi borc məbləğini, nə də nəzərdə tutduğu həmin 5.200 manat məbləğindəki borcunu qaytarmamışdır. Cavabdehlə aralarında notarial qaydada bağlanmış borc müqaviləsi yoxdur. O, həmin məbləği müxtəlif vaxtlarda cavabdehin bank kartına yükləməklə köçürmələr etmişdir. Cavabdeh həmin məbləği ona qaytarmır. Belə ki o, hadisə ilə bağlı AR DİN-nin Xətai Rayon Polis idarəsinin 34-cü polis bölməsinə müraciət etmiş və 34-cü polis bölməsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasından imtina edilməsi barədə qərarına əsasən ona məsələnin mülkü xarakterli olduğu və bununla bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəməyə müraciət etməkdə məqsədi cavabdehin ondan borc olaraq aldığı 6.400 manat pulu və bank kartının ümumilikdə olan və hələ də artmaqda davam edən 800 manat məbləğində olan faiz borcunun geri qaytarılması ilə bağlıdır. Belə ki, həmin şəxsin ona borc məbləği və artan faiz məbləği ilə birlikdə 7.200 manat məbləğində borcu vardır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, cavabdehlə şərikli iş qurmaq qərarına gəlmişlər. Belə ki, şərtə əsasən torpağı o, verməli, heyvanları isə iddiaçı almalı imiş. Elçin ona heyvan almaq üçün 4.800 manat pul göndərmişdir. O, iddiaçı üçün 3 il heyvan saxlamışdır. Pulun bir hissəsini heyvan almaq üçün, qalan pulları isə yeri şumlamaq, toxum almaq və s. üçün xərcləmişdir. Daha sonra torpağı satmışdır. Bir müddət sonra gördüyü iş effekt vermədiyi üçün o, heyvanları satıb, iddiaçıya 2.500 manat pulu geri qaytarmışdır. Həmçinin bildirmişdir ki, ödəniş qəbzlərində adı qeyd olunan (NAİDE E*) onun anası, X5 və X2 onun qonşularıdır. İddiaçı ona göndərdiyi pulları onların adına olan karta göndərdikdən sonra cavabdeh həmin kart sahiblərindən pulu almışdır. 412720****0217 nömrəli kart cavabdehin özünə məxsusdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ödəniş qəbzlərindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 3.000 manat, xx.xx.2022-ci il tarixdə 440 manat pulu cavabdehin anasına (NAİDE E*), xx.xx.2021-ci il tarixdə 505 manat, ... .09.2020-ci il tarixdə 1.000 manat, xx.xx.2020-ci il tarixdə 1.300 manat pulu cavabdehin qonşusu X3, xx.xx.2020-ci il tarixdə 1.000 manat pulu X1, xx.xx.2022-ci il tarixdə 1.399 manat, xx.xx.2020-ci il tarixdə 200 manat məbləğində pulu isə Cavabdeh göndərmişdir. - Bakı şəhəri Xətai Rayon Polis idarəsinin 34-cü polis bölməsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülkü qaydada məhkəməyə müraciət etməli olduğunun izah edilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 96 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhəkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh şərikli iş qurmaq məqsədi ilə İddiaçı xx.xx.2022-ci il tarixdə 3.000 manat, xx.xx.2022-ci il tarixdə 440 manat pulu cavabdehin anasına (NAİDE E*), xx.xx.2021-ci il tarixdə 505 manat, ... .09.2020-ci il tarixdə 1.000 manat, xx.xx.2020-ci il tarixdə 1.300 manat pulu cavabdehin qonşusu X3, xx.xx.2020-ci il tarixdə 1.000 manat pulu X1, xx.xx.2022-ci il tarixdə 1.399 manat, xx.xx.2020-ci il tarixdə 200 manat məbləğində pulu isə Cavabdeh göndərmişdir. Cavabdehin anasına və qonşularına məxsus bank kartlarına göndərilmiş məbləğlər kartlardan çıxardılaraq cavabdehə verilmişdir. Cavabdeh həmin pulun bir hissəsini heyvan almaq üçün, qalan pulları isə yeri şumlamaq, toxum almaq üçün xərcləmişdir. Lakin cavabdeh heyvanların saxlanması və yonca əkilməsi üçün vəd verdiyi torpaq sahəsini satmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmadığından, iddiaçı verdiyi pul vəsaitini cavabdehdən geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 6.294 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “bank kartının ümumilikdə olan və hələ də artmaqda davam edən 800 manat məbləğində faiz borcunun iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6.294 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 96 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-975/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-975/2023
14.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver