Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1098/2023 06.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı icra məmuru X1 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir ədəd mobil qurğunu yarasız hala salması nəticəsində 2277,40 manat vurulmuş zərərin əvəzinin Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı icra məmuru X2 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(017)-183/2021 nömrəli hökmünə əsasən Cavabdeh CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmiş, bu barədə müvafiq protokol tərtib olunmuş, həmin protokolu Cavabdeh imzası ilə təsdiq etmişdir. Həmin protokolla məhkum Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbağı təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, üzərində gəzdirdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdeh ona tətbiq edilmiş 1 ədəd mobil qurğunu xx.xx.2023-cü il tarixdə yarasız hala salmış, nəticədə cəmi 2277,40 manat məbləğində maddi ziyan dəymişdir. Vurulmuş ziyan tələb olunsa da hal-hazıradək Cavabdeh ziyanı könüllü olaraq ödəməmişdir. Ona görə də iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmiş, bu barədə müvafiq protokol tərtib olunmuş, həmin protokolu imzası ilə təsdiq etmişdir. Həmin protokolla ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbağı təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları ona izah edilmiş, üzərində gəzdirdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq ehtiyatsızlıqdan xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşısından su borusunun üzərindən keçərkən qəflətən suya yıxılmış mobil qurğuda onun üzərində olmuşdur. Mobil qurğu suya düşdüyü üçün yararsız hala düşmüşdür. Məhkəmə İddiaçı icra məmurunun və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(017)-183/2021 nömrəli hökmünün surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(017)-183/2021 nömrəli hökmünə əsasən Cavabdeh CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, həmin protokolla məhkum Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd 35631233 nömrəli mobil qurğu, 1 ədəd attenti markalı qolbağı təhvil verilmiş, bu nəzarət avadanlıqlarının istifadə qaydaları ona izah edilmiş, üzərində gəzdirdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ED-M-66-21 nömrəli məktubun surətindən görünür ki, bir ədəd mobil qurğunun ƏDV ilə birlikdə qiyməti 2277,40 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, məhkum Cavabdeh 1 ədəd 35631233 nömrəli mobil qurğu, 1 ədəd attenti markalı qolbağı təhvil verilmiş, bu nəzarət avadanlıqlarının istifadə qaydaları ona izah edilmiş, üzərində gəzdirdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdeh həmin bir ədəd mobil qurğunu yararsız hala salmışdır. Həmin bir ədəd mobil qurğunun qiyməti isə ƏDV ilə birlikdə 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 2277,40 manat olduğu, bu tələb tam təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq 42,77 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qanunvericilik aktlarının bu normalarına istinad edən məhkəmə hesab edir ki, Cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərər tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Cavabdeh tərəfindən ona tətbiq olunmuş 1 ədəd mobil qurğunu yarasız hala saldığı üçün ondan alınaraq 2277,40 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına, dövlət rüsumuna görə isə 42,77 manat Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh alınaraq 2277,40 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına, 42,77 manat isə Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1098/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1098/2023
06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver