Məhkəmə qərarları › İş №2(017)-1166/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1166/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1166/2023 11.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı 510 manat borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh borc müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 919 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra İddiaçı MMC-yə 510 manat borclu qalıb. Ona görə də Cavabdeh 510 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Ağcabədi Rayon Məhkəməsinə ərizə göndərərək təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən dəyəri 919 manat olan 1 ədəd kondisioner almışdır. Adı çəkilən kondisioner müqavilə şərtlərinə uyğun olaraq ona məxsus evdə quraşdırılmış və hal-hazırda da onun evindədir. İlkin ödəniş olaraq 79 manat ödəmiş, sonra isə ardıcıl olaraq bir neçə ay ödəniş etmişdir. Kondisioneri aldıqdan bir müddət sonra yaxşı soyutmadığı üçün iddiaçıya müraciət etmiş, onların göndərdiyi usta gəlib baxmış, lakin kondisioner yenə də normal işləməmişdir. Bu barədə şifahi olaraq dəfələrlə iddiaçıya məlumat vermişdir. Bu səbəbdən də ümumi məbləğdən qalan 510 manat məbləğində pulun ödənişini dayandırmışdır. Onun xahişi kondisioneri normal təmir etsinlər və yaxud yenisi ilə əvəz etsinlər. Lakin iddiaçı bu günə kimi onun xahişinə əməl etməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 919 manat dəyərində məişət avadanlığı əldə etmiş, 79 manat ilkin ödəniş etmiş, qalan 840 manatı 15 ay müddətinə, aylıq 56 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2019-cu il tarixində bağlanmış müqavilə üzrə dəyəri 919 manat olan kondisioner alıb, həmin müqavilə üzrə 409 manat ödəyib, 510 manat borcu qalıb. Cavabdeh ödənişləri aşağıdakı kimi olub: 79 manat-xx.xx.2019-cu il ilkin ödəniş, 56 manat-xx.xx.2019-cu il, 56 manatxx.xx.2019-cu il, 56 manat-xx.xx.2019-cu il, 56 manat-xx.xx.2019-cu il, 56 manat- 07.12.019-cu il, 50 manat-xx.xx.2019-cu il. Qalıq borc: 510 manat. İş materiallarına əlavə edilmiş 06 iyul 2021-ci il tarixli məhkəmə əmrindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 510 manat məbləğində borc, habelə 20 manat məbləğində dövlət rüsumu tutulması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Ağcabədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.2 - 600.5-ci maddələrinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə iclasında cavabdehin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 919 manat dəyərində məişət avadanlığı əldə etmiş, 79 manat ilkin ödəniş etmiş, qalan 840 manatı 15 ay müddətinə, aylıq 56 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC-dən xx.xx.2019cu il tarixində bağlanmış müqavilə üzrə 409 manat ödəyib, 510 manat borclu qalmışdır. Hal-hazıradək həmin 510 manat borc ödənilməmiş qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsi üzrə yaranmış 510 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı əmr icraatı qaydasında məhkəməyə müraciət etmiş və 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehin məhkəmə əmrindən verdiyi etiraz təmin olunaraq, işə iddia icraatı qaydasında baxılmışdır. “Dövlət rüsumu haqqında” Qanuna əsasən hazırkı iş üzrə dövlət rüsumu 30 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 510 manat olduğu bu tələb tam təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən 30 manat dövlət rüsumu tutularaq 20 manat iddiaçıya, 10 manat isə dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə yaranmış 510 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMCnun xeyrinə, 10 manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar