Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1266/2024 17.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 9570 manat maddi ziyan və 118 manat ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi şəhərində yaşayır və Cavabdeh onun qohumudur. O, Ağcabədi rayonunun Ağgöl ərazisində torpaq sahəsi almış və həmin torpaq sahəsində taxıl, yonca əkməklə məşğul olmuşdur. 2020-ci ilin aprel ayında özünə məxsus torpaq sahəsinə getmiş və orada şumlama işlərinin aparıldığını görmüşdür. Həmin vaxt Amil ona yaxınlaşaraq Cavabdeh 7000 manata 18 hektar torpaq sahəsini 1 il müddətinə icarəyə götürdüyünü bildirmişdir. Lakin o, həmin torpağın sənədlərini göstərərək torpağın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra, aidiyyəti üzrə şikayət etmiş və torpaq sahəsinin qanunsuz istifadəsi nəticəsində ona 9570 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Bununla bağlı, onun şikayəti əsasında cinayət işi başlanmış və Ağcabədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və həmin hökmlə də Cavabdeh ona 9570 manat ziyan vurması öz təsdiqini tapmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının dedikləri əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, o heç kimin torpaq sahəsini qanunsuz zəbt etməmiş, heç kimə ziyan vurmamışdır. Qanunsuz olaraq Ağcabədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 186.1-ci maddələri ilə təqsrli bilinib qəti olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən apellyasiya və kassasiya şikayətləri versə də, Ağcabədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qanunsuz cəza alsa da, cəzasını çəkib qurtarmışdır. Göstərdiyi kimi o, heç kimə ziyan vurmamışdır və ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(017)-126/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 186.1-ci maddələri ilə təqsrli bilinib qəti olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ondan ötrü ki, o İddiaçı xeyli miqdarda, 9570 manat ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 27 yanvar 2022-ci il tarixli, 1(106)-123/2022 saylı qərarının surətindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən və təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(017)-126/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli, 1(102)-844/2022 saylı qərarının surətindən görünür ki, məhkum və müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkum Cavabdeh barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 27 yanvar 2022-ci il tarixli, qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(017)-126/2021 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 9570 manat ziyan vurmaqla özgənin əmlakını qəsən məhv etmişdir. Bu əməlinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 186.1-ci maddələri ilə təqsrli bilinib qəti olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 27 yanvar 2022-ci il tarixli, 1(106)-123/2022 saylı qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(017)-126/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli, 1(102)- 844/2022 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı 9570 manat ziyan vurmaqla özgənin əmlakını qəsən məhv etmişdir. Bu hal Ağcabədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(017)-126/2021 saylı hökmü, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 27 yanvar 2022-ci il tarixli, 1(106)-123/2022 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli, 1(102)-844/2022 saylı qərarı ilə öz təsdiqini tapdığına görə iddiaçı iddia tələbini sübut etmək vəzifəsindən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 9570 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 29 may 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 118 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 118 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir, Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 9570 manat pul və 118 manat ödənilmiş dövlət rüsumu, cəmi 9688 (doqquz min altı yüz səksən səkkiz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1266/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1266/2024
17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver