Məhkəmə qərarları › İş №2(017)-1294/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1294/2025

01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1294/2025 01.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir ədəd mobil qurğunu zədələməsi nəticəsində 2277,40 manat vurulmuş zərərin əvəzinin Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-287/2022 nömrəli hökmünə əsasən Cavabdeh CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə İddiaçınə daxil olmuş, xx.xx.2022-ci il tarixdə Cavabdeh üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmiş, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Həmin gün müvafiq aktla 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd elektron qolbaq məhkum Cavabdeh təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, üzərində gəzdirdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsi cəza müddətinin başa çatması səbəbindən açılaraq ondan təhvil alınmışdır. Evrodizayn QSC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmış, təmiri mümkün deyil və istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarəti qurğusunun dəyəri 2277,40 manat təşkil edir. Ona görə də Cavabdeh elektron nəzarəti qurğusunun dəyərini təşkil edən 2277,40 manat vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qərar olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nə də gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-287/2022 nömrəli hökmünün surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-287/2022 nömrəli hökmünə əsasən Cavabdeh CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, həmin protokolla məhkum Cavabdeh 01 ədəd elektron qolbaq, 01 ədəd attenti markalı nəzarət qurğusu, 01 ədəd mobil nəzarət qurğuşununun enerji toplayıcısı və 01 ədəd telefon qoruyucusu təhvil verilmiş, bu nəzarət avadanlıqlarının istifadə qaydaları ona izah edilmiş, üzərində gəzdirdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, 01 ədəd “Attenti” markalı elektron qolbaq -mobil qurğunun ƏDV ilə birlikdə qiyməti 2277,40 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ED 000600 nömrəli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyin surətindən görünür ki, 35650211 nömrəli bir ədəd Attenti V6 mobil qurğusu istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə düşmüşdür. Təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, məhkum Cavabdeh 01 ədəd mobil nəzarət qurğusu, 01 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd elektron qolbağı təhvil verilmiş, bu nəzarət avadanlıqlarının istifadə qaydaları ona izah edilmiş, üzərində gəzdirdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq həmin 01 ədəd mobil qurğu cavabdeh tərəfindən istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə nasaz vəziyyətə düşmüş, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Həmin bir ədəd mobil qurğunun qiyməti isə ƏDV ilə birlikdə 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 2277,40 manat olduğu, bu tələb tam təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq 42,77 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qanunvericilik aktlarının bu normalarına istinad edən məhkəmə hesab edir ki, Cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərər tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Cavabdeh tərəfindən ona tətbiq olunmuş 01 ədəd mobil qurğunu yarasız hala saldığı üçün ondan 2277,40 manat və dövlət rüsumuna görə 42,77 manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277,40 manat və dövlət rüsumuna görə 42,77 manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar