Məhkəmə qərarları › İş №2(017)-1352/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1352/2023

29.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1352/2023 29.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı təbiətə dəymiş 1220 manat ziyan tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Cəlilov X4 şəhəri, Ü.Hacıbəyli prospektindən keçən D-30 dren kanalının deltasında yerləşən, ölçüləri müvafiq olaraq 10, 12, 12, 14, 16, 18, 18 və 22 sm olan 8 ədəd qovaq ağacının qanunsuz olaraq kəsmiş və həmin ağacların kəsilməsi nəticəsində təbiətə 1220 manat ziyan dəyməsi müəyyən edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğdə pul tutulmaqla bir il altı ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Lakin həmin ziyan ödənilməmiş qalmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh təbiətə dəymiş 1220 manat ziyan alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona qarşı təbiətə dəymiş 1220 manat ziyan tələbinə dair məhkəmədə iddia qaldırılmışdır. Həmin ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Hazırda da ödəmək imkanı yoxdur. Lakin buna baxmayaraq gələcəkdə həmin ziyanı hissə-hissə də olsa ödəyəcəkdir. Ona görə də iddianın təmin olunmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(017)-145/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh 2022-ci ilin may ayının ortalarında günü və saatı istintaqa dəqiq məlum olmayan vaxda “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli 957-İVQ saylı Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini pozaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən, “D-30” dren kanalının deltasında olan və dövlət mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən 120 manat dəyərində bir ədəd 10 sm diametrli, 150 manat dəyərində bir ədəd 14 sm diametrli, 150 manat dəyərində bir ədəd 16 sm diametrli, 200 manat dəyərində bir ədəd 22 sm diametrli, bir ədədinin qiyməti 120 manat olmaqla cəmi 240 manat dəyərində iki ədəd 12 sm diametrli və bir ədədinin qiyməti 180 manat olmaqla cəmi 360 manat dəyərində iki ədəd 18 sm diametrli yaş kök üstə olan 8 ədəd “Qovaq” ağaclarını qəsdən kök böğazından qanunsuz olaraq kəsməklə təbiətə ümumilikdə 1220 manat, yəni xeyli miqdarda ziyan vurmuş və bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğdə pul tutulmaqla bir il altı ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(017)-145/2022 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 8 ədəd “Qovaq” ağaclarını qəsdən kök böğazından qanunsuz olaraq kəsməklə təbiətə ümumilikdə 1220 manat ziyan vurmuş və bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğdə pul tutulmaqla bir il altı ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 8 ədəd “Qovaq” ağaclarını kök böğazından qanunsuz olaraq kəsməklə təbiətə ümumilikdə 1220 manat ziyan vurmuş və bu hal Ağcabədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(017)-145/2022 saylı hökmü ilə öz təsdiqini tapdığına görə iddiaçı iddia tələbini sübut etmək vəzifəsindən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1220 manat təbiətə vurulmuş ziyan alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 32,20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1220 (bir min iki yüz iyirmi) manat təbiətə vurulmuş ziyan alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Əlavə olaraq Cavabdeh 32 (otuz iki) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət nəfinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar