Məhkəmə qərarları › İş №2(017)-1542/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1542/2024

05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1542/2024 05.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(017)-1288/2013 saylı, 26 mart 213-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 manat aliment təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği 140 manat müəyyən edilmişdir. Hazırda uşağının 12 yaşı var və məhkəmə tərəfindən müəyyən edilmiş aliment uşağın gündən- günə artan təlabatını ödəmir. Lakin cavabdeh alimentdən başqa uşağına heç bir köməklik etmir. Ona görə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində artırılaraq hər ay 03 fevral 2012-ci il təvəllüdlü Cavabdeh saxlanılması üçün 280 manat məbləğində müəyyən olunmasına və mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək uşağın tələbatını ödəməkdə çətinlik çəkdiyini, cavabehin isə alimentdən başqa heç bir maddi köməklik etmədiyini, həmçinin cavabdehin kifayət qədər qazancı olduğunu bildirib, iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh poçt vasitəsilə məhkəməyə etiraz göndərərək, etirazda göstərmişdir ki, hazırda X4 ilə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı iki qız uşağı anadan olmuşdur. O, heç bir yerdə işləmir, əlavə gəliri yoxdur və alimentin miqdarı artırılarsa, iddiaçının tələb etdiyi alimenti ödəyə bilməyəcəkdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 03 fevral 2012-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(105)-3182/2019 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(017)-1974/2019 saylı qətnaməsilə tutulan alimentin məbləği dəyişdirilərək 140 manat müəyyən edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 may 2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girmişlər. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X7 və xx.xx.2020-ci il tarixdə isə X6 adlı iki uşaqları anadan olmuşdur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayənədliyi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 2355 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh arvadı X4, qızı X7 və qızı X2 ibarət ailə üzvləri vardır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması müəyyən olundu ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(105)-3182/2019 saylı qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(017)-1974/2019 saylı qətnaməsilə tutulan alimentin məbləği dəyişdirilərək 140 manat müəyyən edilmişdir. İddaçı İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Hazırda uşağın saxlanılması üçün əvvəl müəyyən olunmuş 140 manat aliment azlıq təşkil edir. «Yaşayış minimumu haqqında» Qanuna əsasən 2024-cü ildə uşaqların yaşayış minimumu 235 manat məbləğdə müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 03 fevral 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 41 manat 60 qəpik dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin və 03 fevral 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(105)-3182/2019 saylı qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 03 fevral 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancından hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh alimentin illik məbləği nəzərə alınaraq 41 manat 60 qəpik dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar