Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-166/2023 15.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 150993,23 manat maddi və 50000 manat mənəvi, cəmi 200993,23 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ona məxsus “Avşar İnşaat” tikinti mağazasında satıcı işlədiyi 2016-2018-ci illər ərzində mal satışının əks olunduğu qeydiyyat dəftərindəki uçot məlumatlarını saxtalaşdıraraq, yəni mağazanın satış dəftərindəki müxtəlif şəxslərin adına, müxtəlif məbləğlərdə qeydlər aparmaqla göstərilən şəxslərin mağazadan həmin məbləğlərdə nisyə şəkildə mal alması görüntüsünü yaradıb satışdan əldə olunan və ona etibar edilmiş 150993,23 manat pul vəsaitini və tikinti materiallarını müxtəlif vaxtlarda əvvəlcədən düşünülmüş şəkildə mənimsəyərək talamışdır. Cavabdeh yalnız hadisənin üstü açıldıqdan sonra göstərilən məbləğin onun tərəfindən mənimsənilməsini etiraf etmiş və qısa müddət ərzində ödəməsinə söz vermişdir. Lakin, cavabdeh vədinə əməl etməmişdir. Bu səbəbdən də şikayət ərizəsi ilə rayon prokurorluğuna müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində stress, həyəcan keçirmiş, sarsıntıya düşmüşdür. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 150993,23 manat maddi, 50000 manat mənəvi, cəmi 200993,23 manat məbləğində pulun və ödəmiş olduğu 492 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-28/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsrli bilinərək iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ondan ötrü ki, o “Avşar İnşaat” tikinti mağazasında satıcı işlədiyi 2016-2018-ci illərdə ümumilikdə 45634 manat məbləğində nəğd pul vəsaitini mənimsəyərək talamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 14 aprel 2021-ci il tarixli, 1(106)-82/2021 saylı qərarının surətindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən və təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-28/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 1(102)-1417/2021 saylı qərarının surətindən görünür ki, məhkum və müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, məhkum Cavabdeh barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 14 aprel 2021-ci il tarixli qərarı dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən olunmaqla Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təyin edilmiş iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020ci il tarixli, 1(017)-28/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh “Avşar İnşaat” tikinti mağazasında satıcı işlədiyi 2016-2018-ci illərdə ümumilikdə 45634 manat məbləğində nəğd pul vəsaitini mənimsəyərək talamışdır. Bu əməlinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsrli bilinərək iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 14 aprel 2021-ci il tarixli, 1(106)-82/2021 saylı qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-28/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 1(102)-1417/2021 saylı qərarı ilə Cavabdeh barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 14 aprel 2021-ci il tarixli qərarı dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən olunmaqla Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təyin edilmiş iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh “Avşar İnşaat” tikinti mağazasında satıcı işlədiyi 2016-2018-ci illərdə ümumilikdə 45634 manat məbləğində nəğd pul vəsaitini mənimsəyərək talamışdır. Bu hal Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(017)-28/2020 saylı hökmü, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının 14 aprel 2021-ci il tarixli, 1(106)- 82/2021 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 1(102)-1417/2021 saylı qərarı ilə öz təsdiqini tapdığına görə iddiaçı iddia tələbinin həmin hissəsində sübut etmək vəzifəsindən azaddır. Lakin, İddiaçı Cavabdeh qarşı 150993,23 manat maddi və 50000 manat mənəvi, cəmi 200993,23 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır və yuxarıda qeyd olunan, yəni sübut etmək vəzifəsindən azad edildiyi məhkəmə qərarları ilə müəyyən edilmiş 45634 manat məbləğində nəğd pul vəsaitinin cavabdeh tərəfindən mənimsənilməsindən başqa, tələb olunan digər məbləğlərlə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 45634 manat pul alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 01 noyabr 2022-ci il tarixli və 19 noyabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 490 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 490 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə, yəni 226,90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 45634 manat pul və ödənilmiş dövlət rüsumundan 226,90 manat, cəmi 45860 (qırx beş min səkkiz yüz altımış) manat 90 (doxsan) qəpik alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-166/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-166/2023
15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver