Məhkəmə qərarları › İş №2(017)-1677/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1677/2025

01.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1677/2025 01.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının kətibi Bayramov Hüseyn Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinin və həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qardaşdırlar. 20 oktyabr 2024-cü il tarixdə vəfat edən ataları X2 onlara yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı atasından qalmış yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınmsı üçün Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisinə və çıxarış almaq üçün isə Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etmişdir. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinə çıxarış verilməsi üçün müvafiq ölçmə işlərinin aparılmasına maneələr yaratmışlar. Bu səbəbdən də ölçmə işləri aparılmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çəxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun qardaşdır. Hazırda iddianı qəbul etmir. Belə ki, o digər qardaşı ilə birlikdə həmin ünvanda yaşayırlar. İddiaçı isə 1990-cı ildən Rusiya Fedarasiyasında yaşayır. İddiaçı atasının yas mərasiminə belə bir gün sonra gəlmişdir. İddiaçıya həmin torpaq sahəsindən pay düşmür. Ona görə də iddianı qəbul etmir və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 vməhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli qərarı ilə X3 və onun ailə üzvlərinə həyətyanı torpaq sahəsi kimi 603,01 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 16 yanvar 2025-ci il tarixli 75 saylı məktubundan görünür ki, İddiaçı atası X2 miras qalmış, ünvan 2 ünvanında yerləşən yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlər təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin03 aprel 2025-ci il tarixli, 3-21-3-45/2-1948/2025 nömrəli məktubundan görünür ki, İddiaçı 02 mart 2025-ci il tarixli müraciəti əsasında ərazi idarəsinin mütəxəsissləri sözügedən torpaq sahəsinə müvafiq intervallaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün həmin ünvanda olmuşlar, lakin torpaq sahəsina baxış keçirilən zaman mübahisə yarandığı üçün intervallaşdırma (çöl ölçmə) işlərinin aparılması mümkün olmamış və müraciətin icrasından imtna edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 oktyabr 2024-cü il tarixdə vəfat edib. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli qərarı ilə X4 və onun ailə üzvlərinə 603,01 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X4 20 oktyabr 2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində ünvan 2-da yerləşən torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İddiaçı müraciətinə baxılmış, lakin müraciət əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilməsi üçün şərait yaradılmamış, torpaq sahəsi üzərində mübahisə olması səbəbindən mütəxəssislər tərəfindən torpaq sahəsinin və fərdi yaşayış evinin müayinə (baxış) aktı tərtib edilə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 139-1.1.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tsrixli qərarı ilə X4 və ailə üzvlərinə verilmiş 603,01 kv.m həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına maneələr yaratdığı üçün iddiaçı həmin maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Bu hal iş materialları və Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 16 yanvar 2025-ci il tarixli 75 saylı nömrəli məktubu ilə sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağcabədi şəhəri, H.Hacıyev küçəsində 603,01 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılmalı və həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilyin mənasına görə, sübutların aidliyi dedikdə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Sübutların qiymətləndirilməsi isə təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Ağcabədi şəhəri, H.Hacıyev küçəsində 603,01 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yönəlmiş maneələr aradan qaldırılmalı və həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Ağcabədi şəhəri, H.Hacıyev küçəsində 603,01 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yönəlmiş maneələr aradan qaldırılsın və həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar