Məhkəmə qərarları › İş №2(017)-1911/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1911/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1911/2024 03.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı və eyni tarixli zaminlik müqaviləsinə əsasən 4507 manat əsas, 676,05 manat cərimə borcu, həmçinin ödənilmiş 72 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 7692 manat dəyərində nisyə aldığı malın 800 manatını ilkin olaraq ödəmiş, qalan 6892 manatı müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 15 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilədən irəli gələn öhdəliyin icrasının təmin üsulu olaraq "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirməsinə görə tam olaraq məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin Faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh1 qarşı olan 6892 manat məbləğində ki, tələb hüququ "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə keçirilmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. "xxxx" MMC xx.xx.2020-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətə çevrilmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı və zaminlik müqaviləsinə əsasən 4507 manat əsas, 676,05 manat cərimə borcu, həmçinin ödənilmiş 72 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsinin Ağcabədi Rayon Məhkəməsinə göndərdiyi və məhkəməyə daxil olmuş teleqramda təyin edilmiş məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əlavənin surətindən görünür ki, Cavabdeh1 "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 7692 manat olan mal almış, 800 manat ilkin ödəniş etmiş, qalan 6892 manatı 15 ay müddətə ödəniş cədvəli üzrə ödəməsi barədə üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 satıcı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Cavabdeh2 alıcı ilə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 4507 manat əsas, 676,05 manat cərimə borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 72 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən cavabdehlərə qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Cavabdeh1 "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən alqı-satqı qiyməti 7692 manat olan mal almış, 800 manat ilkin ödəniş etmiş, qalan 6892 manatı 15 ay müddətə ödəniş cədvəli üzrə ödəməsi barədə üzərinə məsuliyyət götürmüşdür. Nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 satıcı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Cavabdeh2 alıcı ilə birgə məsuliyyət daşımağı və həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 4507 manat əsas, 676,05 manat cərimə borcu vardır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 72 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən cavabdehlərə qarşı tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 4507 manat məbləğində əsas borcu üzrə 676,05 manat məbləğində cərimə borcunun hesablaması ədalətli deyil. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Bu səbəbdən məhkəmə 676,05 manat məbləğində cərimənin 20 manat məbləğində müəyyən edilməsini tərəflərin əmlak mənafeyi baxımından ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 5183,05 manat olduğu bu tələb qismən təmin edildiyi üçün (əsas borc 4507 manat + cərimə borcu 20 manat) məbləğində təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 65,27 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Maddi qanunvericilik aktlarının bu normalarına istinad edən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borca görə yaranmış, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4507 manat əsas, 20 manat cərimə borcu, dövlət rüsumuna görə ödənilmiş 65,27 manat və 0,40 manat xidmət haqqı alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 4507 manat, cərimə borcuna görə 20 manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 65,27 manat və xidmət haqqına görə ödənilmiş 0,40 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar