Məhkəmə qərarları › İş №2(017)-1999/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1999/2024

03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1999/2024 03.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən nisyə götürülmüş 1 ədəd “Ayfon” markalı mobil telefona görə 2388 manat borcun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 44 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Telefon alış-satışı ilə məşğul olur. Aralarında bağlanmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 199 manat olmaqla 2388 manata 1 ədəd “Ayfon” markalı mobil telefonu cavabdehə nisyə satmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə borc tələb olunmuş, lakin müxtəlif bəhanələrlə bu günə kimi qaytarmamışdır. Aralarında bağlanmış müqavilənin 3.3-cü bəndinə görə alıcı tərəfindən ödənişlər cədvəldə göstərilən müddətdə ödənilməzsə gecikdirilmiş hər gün üçün əlavə olaraq ilkin məbləğin 0,5 faizi həcmində cərimə ödənilməlidir. Ona görə də nisyə alqı-satqıya görə yaranmış 2388 manat borcun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 44 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqavilədən və eyni tarixli ödəniş cədvəlindən görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı nisyə olaraq, hər ay 199 manat olmaqla 12 ay müddətinə dəyəri 2388 manat təşkil edən 1 ədəd “Ayfon” markalı mobil telefon almış, ilkin ödəniş olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, alıcı Cavabdeh satıcı İddiaçı nisyə olaraq, hər ay 199 manat olmaqla 12 ay müddətinə cəmi dəyəri 2388 manat təşkil edən 1 ədəd “Ayfon” markalı mobil telefon almışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu 2388 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 44 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği qismən təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən 44 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1 ədəd “Ayfon” markalı mobil telefonun alqı-satqısına görə yaranmış 2388 manat və dövlət rüsumuna görə ödənilmiş 44 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar