Məhkəmə qərarları › İş №2(017)-2109/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2109/2025

16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2109/2025 16.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı X3 Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş 4000 manat maddi ziyan və hüquqi yardımla bağlı ödənilən 150 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçı X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, qızını işə düzəltmək üçün Zakir Mustafazədəyə iki dəfəyə, yəni 2000 manat və 2000 manat olmaqla 4000 manat pul vermişdir. Lakin, Zakir Mustafazədə qızını işə düzəltməmiş və ondan aldığı pulu qaytarmamışdır. Bu hadisə ilə bağlı cinayət işi başlanmış və Zakir Mustafazədə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşdur. Cavabdeh törətdiyi cinayət əməlinə görə məhkum edilsə də, ona dəymiş 4000 manat maddi ziyanı bu günə kimi ödəməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 1(017)-38/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, ondan ötrü ki, o X2 və digərlərinə qarşı dələduzluq etmiş və cinayət nəticəsində X2 4000 manat maddi ziyan vurmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 1(017)-38/2025 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X1 etibarından sui-istifadə etməklə X2 qarşı dələduzluq etmiş və X2 4000 manat maddi ziyan vurmuşdur. Bu və digər əməllərinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 1(106)-601/2025 saylı qərarı ilə Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 1(017)-38/2025 saylı hökmündən vermiş olduğu apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh iddiaçı X2 4000 manat ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bu hal Ağcabədi Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 1(017)-38/2025 saylı hökmü ilə öz təsdiqini tapdığına görə iddiaçı iddia tələbini sübut etmək vəzifəsindən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 4000 manat maddi ziyan alınaraq iddiaçı X2 verilməlidir. İşdə olan 25 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, X3 150 hüquqi yardım üçün vəkil xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə hüquqi yardım üçün ödənmiş 150 manat vəkil xərci iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də Cavabdeh alınaraq iddiaçı X2 verilməlidir. Bundan başqa, iş materiallarında olan 010793 saylı vəsiqənin surətindən görünür ki, X3 şəhid ailəsinin üzvüdür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4000 manat maddi ziyan və 150 manat hüquqi yardınla bağlı ödənilmiş vəkil xərci, cəmi 4150 (dörd min bir yüz əlli) manat alınaraq iddiaçı X2 verilsin. Cavabdeh əlavə olaraq 60 (altımış) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar