Məhkəmə qərarları › İş №2(017)-2118/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2118/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2118/2023 05.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 03 iyun 2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 faiz olmaqla 36 ay müddətinə 8.100 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və cavabdehin 22 sentyabr 2023-cü il tarixə 5.701 manat 43 qəpik məbləğində əsas borcu, 200 manat 09 qəpik məbləğində faiz borcu və 128 manat 10 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 6.029 manat 62 qəpik məbləğində borcu yaranmışdır. Cavabdeh 03 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 128 manat 10 qəpik təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 64 manat 05 qəpik məbləğində tələb olunur. Ona görə də Cavabdeh 03 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5.701 manat 43 qəpik məbləğində əsas borcu, 200 manat 09 qəpik məbləğində faiz borcu və 64 manat 05 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 5.965 manat 57 qəpik məbləğində borcun və ödənilmiş 79 manat 66 qəpik məbləğində dövlət rüsumunun alınıb bankın hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, həqiqətən də o, İddiaçı ASC-ti ilə aralarında 03 iyun 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ödəmək şərtilə ona 8.100 manat məbləğində kredit verilmişdir. X2 idarəsi Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbində fortopeano müəllimi işləyir. Lakin analıq məzuniyyətinə çıxdığı üçün ona əmək haqqı verilməmiş və həmçinin uşaq körpə olduğu üçün heç bir yerdə işləyə bilməmiş və ona görə də kredit borcunu tam ödəyə bilməmişdir. Kredit borcunu hissəhissə ödəməsinə söz verir. İş materiallarında olan "xxxx" ASC-ti ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, 03 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən Cavabdeh illik 16 faiz olmaqla 36 ay müddətinə qaytarılmaq şərti ilə 8.100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 5.701 manat 43 qəpik məbləğində əsas borcu, 200 manat 09 qəpik məbləğində faiz borcu və 128 manat 10 qəpik məbləğində cərimə borcu, cəmi 6.029 manat 62 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gejikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 79 manat 66 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinın xeyrinə 03 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5.701 manat 43 qəpik məbləğində əsas borcu, 200 manat 09 qəpik məbləğində faiz borcu və 64 manat 05 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 5.965 manat 57 qəpik məbləğində borc pul və ödənilmiş 79 manat 66 qəpik dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və cərimə pulunu ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-222-ci maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 03 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5.701 manat 43 qəpik məbləğində əsas borcu, 200 manat 09 qəpik məbləğində faiz borcu və 64 manat 05 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 5.965 manat 57 qəpik məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 79 manat 66 qəpik məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar