Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2184/2025 16.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “daşınmaz əmlakın sənədləşməsi üçün zəruri ölçmə işlərinin aparılmasına yönələn bütün maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehlərə qadağan olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “daşınmaz əmlakın sənədləşməsi üçün zəruri ölçmə işlərinin aparılmasına yönələn bütün maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehlərə qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, mərhum X1 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarı ilə Ağcabədi şəhəri Ə.Talıbov küçəsi ərazisindən 501,95 kv.m. torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində atası 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir. X2 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Ondan qalan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sənədləri yoxdur. Miras əmlakın vərəsələr arasında bölüşdürülməsi məqsədi ilə sənədləşmə aparmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət olunmuş, həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdehlər tərəfindən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə gəlmiş 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndələrinə ölçmə işlərinin aparılmasına maneələr yaradılmışdır. Bu səbəbdən də 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 tərəfindən Ağcabədi şəhəri, Əli Talıbov küçəsində 501,95 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələrin aradan qaldırılması, ölçmə işlərinə müdaxilənin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. İddiaçı onun doğma qardaşıdır. Atası hələ sağlığında Bakı şəhərində İddiaçı torpaq sahəsi vermişdir. Buna baxmayaraq Fətullah yenə də mülk əldə etmək istəyir. X1 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarı ilə Ağcabədi şəhəri Ə.Talıbov küçəsi ərazisindən 501,95 kv.m. torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini o, istifadə edir. Ölçmə işlərini aparılmasına zərurət yoxdur. Digər cavabdehlər Cavabdeh2 və X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan A 293009 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin surətindən görünür ki, X5 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarı ilə Ağcabədi şəhər ərazisindən 501,95 kv.m. torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında AZ-İ 416595 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 232 nömrəli Azərbaycan Respublikası Ağcabədi RİHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin verdiyi arayışın surətindən görünür ki, xx.xx.1968-ci il anadan olmuş İddiaçı xx.xx.2010-cu il tarixdə vəfat etmiş X3 vərəsəsidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-45/2- 1180/2025 nömrəli məktubundan görünür ki, Ağcabədi şəhər ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İddiaçı müraciətinə baxılmış, müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsində müvafiq inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığına görə müraciətin icrasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X5 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarı ilə Ağcabədi şəhər ərazisindən 501,95 kv.m. torpaq sahəsi verilmişdir. X7 xx.xx.2010-cu il tarixdə Ağcabədi rayonunda ölmüşdür. xx.xx.1968-ci il anadan olmuş İddiaçı xx.xx.2010-cu il tarixdə vəfat etmiş X3 vərəsəsidir. Ağcabədi şəhər ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İddiaçı müraciətinə baxılmış, müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsində müvafiq inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığına görə müraciətin icrasından imtina edilmişdir. Cavabdehlərin maneə və müdaxiləsi nəticəsində mütəxəssislər tərəfindən torpaq sahəsinin müayinə (baxış) aktı tərtib edilə bilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 139- 1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Qeyd edilənləri əsas gətirən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 tərəfindən A 293009 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədinə əsasən mərhum X3 adına verilmiş Ağcabədi şəhəri ərazisində yerləşən (Ə.Talıbov küçəsi 45) 501,95 kv.m. həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılmalı, həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 tərəfindən A 293009 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədinə əsasən mərhum X3 adına verilmiş Ağcabədi şəhəri ərazisində yerləşən (Ə.Talıbov küçəsi 45) 501,95 kv.m. həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılsın və həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qadağan edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 müştərək qaydada dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-2184/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2184/2025
16.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver