Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-230/2024 08.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3057 manat əsas borc, 611 manat cərimə və 57 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3725 manat borc cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «X1 Kompleksi» MMC-nin Ağcabədi filialı arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli, 303 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh 4 hektar torpaq sahəsində öz işçi qüvvəsi hesabına pambıq əkməyi və hər hektardan 25 sentinerdən az olmamaqla pambıq istehsal etməklə iddiaçıya satmağı üzərinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 7219 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavbadeh Cavabdeh müqavilə üzrə 4161 manat dəyərində xam pambığı iddiaçı «X1 Kompleksi» MMC-yə təhvil vermiş və bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Bununla da cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və nəticədə onun «X1 Kompleksi» MMC-yə 3057 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun qaytarılması üçün xəbərdarlıqlar və pretenziyalar verilsə də, cavabdeh iddiaçının pretenziyasına cavab verməmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 611 manat təşkil edir. Ona görə də Cavabdeh 3057 manat əsas borc, 611 manat cərimə, və 57 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3725 pulun alınaraq «X1 Kompleksi» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 yanvar 2020-ci il tarixli, 303 saylı xam pambığın alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh 4 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla olmaqla istehsal etdiyi xam pambığı bütünlüklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh «X1 Kompleksi» MMC-yə 3057 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı «X1 Kompleksi» MMC arasında 30 yanvar 2020-ci il tarixli, 303 saylı xam pambığın alqısatqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 4 hektar sahədə pambığı əkib becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla məhsul əldə etməklə xam pambıq məhsulunu iddiaçıya satmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 3057 manat borcu yaranmış və həmin borca 611 manat cərimə hesablanmışdır. Buradan da göründüyü kimi iddiaçı «X1 Kompleksi» MMC Cavabdeh 3057 manat əsas borcu və 611 manat cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azada bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 611 manat cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 yanvar 2020-ci il tarixli, 303 saylı müqaviləyə əsasən 3057 manat əsas borc, 20 manat cərimə, ümumilikdə 3077 manat borc alınaraq iddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir və iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 28 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 57 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3057 manat əsas borc, 20 manat cərimə və ödənilmiş 57 manat dövlət rüsumu, cəmi 3134 (üç min bir yüz otuz dörd) manat borc pul alınaraq iddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-230/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-230/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver