Məhkəmə qərarları › İş №2(017)-2872/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2872/2025

16.01.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2872/2025 16.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin inventarlaşdırılması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yönələn maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehə qadağan olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin inventarlaşdırılması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yönələn maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehə qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, ünvan 1 ünvanda 0,05 ha həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfində ona müvafiq çıxarış verilmişdir. Həyətyanı sahəsində yaşadığı evə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin əməkdaşları əraziyə gəlmiş, lakin cavabdeh tərəfindən fərdi yaşayış evinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə gəlmiş 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndələrinə ölçmə işlərinin aparılmasına maneələr yaradılmışdır. Bu səbəbdən də 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini, Cavabdeh tərəfindən ünvan 2 ünvanındakı 0,05 ha torpaq sahəsində yaşadığı fərdi yaşayış evinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələrin aradan qaldırılması, ölçmə işlərinə müdaxilənin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh iddiaçının atasının ikinci ailəsi olmuş, mübahisəli həyətə olan fərdi yaşayış evinə gəlin gəlmişdir. Onun da həmin evdə payı vardır. Ölçmə işlərini aparılmasına zərurət yoxdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın reyestr nömrəsi **********20, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Əli Talıbov küçəsi, Yeni qaydalarla: AZ 0400, ünvan 3 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-45/2- 5724/2025 nömrəli məktubundan görünür ki, Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İddiaçı müraciətinə baxılmış, müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsində müvafiq inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığına görə müraciətin icrasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, daşınmaz əmlakın reyestr nömrəsi **********20, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan çıxarışa əsasən Ağcabədi şəhəri, Əli Talıbov küçəsi, Yeni qaydalarla: AZ 0400, ünvan 3 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İddiaçı müraciətinə baxılmış, müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsində müvafiq inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığına görə müraciətin icrasından imtina edilmişdir. Cavabdehin maneə və müdaxiləsi nəticəsində mütəxəssislər tərəfindən torpaq sahəsinin müayinə (baxış) aktı tərtib edilə bilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 139- 1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Qeyd edilənləri əsas gətirən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən daşınmaz əmlakın reyestr nömrəsi **********20, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan çıxarışa əsasən İddiaçı adına verilmiş Ağcabədi şəhəri, Əli Talıbov küçəsi Yeni qaydalarla: AZ 0400, ünvan 3 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılmalı, həmin işlərin aparılmasına edilən müdaxilələr Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən daşınmaz əmlakın reyestr nömrəsi **********20, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan çıxarışa əsasən İddiaçı adına verilmiş Ağcabədi şəhəri, Əli Talıbov küçəsi Yeni qaydalarla: AZ 0400, ünvan 3 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılsın və həmin işlərin aparılmasına edilən müdaxilələr Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar