Məhkəmə qərarları › İş №2(017)-592/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-592/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-592/2024 21.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “taxılsəpən texnikanın və ya onun dəyərinin qaytarılması, əldən çıxmış fayda və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “taxılsəpən texnikanın və ya onun dəyərinin qaytarılması, əldən çıxmış fayda və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, taxılsəpən texnikanın, texnika mövcud olmadıqda onun dəyəri olan 4600 manat pulun, 9000 manat əldən çıxmış faydanın, evakuatora görə ödənilmiş 250 manat pulun, hüquqi xidmətə görə ödənilmiş 600 manat pulun və 152 manat dövlət rüsumuna görə ödənilmiş pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli lizinq müqaviləsinə əsasən 1 ədəd dəyəri 4600 manat olan HBM-N-24 markalı, zavod nömrəsi 16467 olan taxılsəpən texnika ona verilmişdir. Lizinq müqaviləsinə əsasən texnikanın pulunu tam ödəmiş, adı çəkilən texnika xx.xx.2023-cü il tarixli 3-22-13/3-1-1949/2023 nömrəli əmrlə onun mülkiyyətinə verilmişdir. Hal-hazırda həmin texnika üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları ona məxsusdur. 2022-ci ildə texnikanın ehtiyat hissələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan şəhərində yerləşən "xxxx" ASC-də olarkən orada Cavabdehlə rastlaşmış, sonuncu ona "xxxx" ASC ilə əlaqəli işləməsini, texnika üçün ehtiyat hissələri lazım olarsa tapa biləcəyini, köhnə taxılsəpəni satışa qoyub yenisini verə biləcəyini demişdir. Aralarında olan razılığa əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh taxılsəpəni evakuatorla onun yaşadığı Şəkərli kəndindən götürərək, öz yaşadığı rayona aparmışdır. Cavabdeh həmin texnikanın yenisinin alıb ona verəcəyinə söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməmişdir. Kənd təsərrüfatı təyinatlı torpaqların əkilib becərilməsi ilə məşğul olduğuna görə məcburiyyət qarşısında qalıb "xxxx" ASC-dən yeni taxılsəpən texnika almış və həmin texnikanı yaşadığı ünvana aparmaq üçün evakuatora 250 manat xərc çəkmişdir. Cavabdehin ondan aldığı taxılsəpəni il ərzində 2 ay işlədirdi. Hər hektardan 30 manat olmaqla, 1 gündə ən azı 5 ha torpaq sahəsinə toxum səpirdi. Təxminən gündəlik qazancı 150 manat təşkil edirdi. 2 ay ərzində 9000 manat qazancı əldən çıxmışdır. Bu iş üzrə hüquqi xidmət göstərilməsi üçün 600 manat Vəkil Bürosuna ödəniş etmişdir. Cavabdehdən verdiyi texnikanı və ya onun dəyərini tələb etmiş, texnikanın qardaşı tərəfindən bəyənilmədiyini və başqasına nisyə satmasını bildirərək, hal-hazıradək onun haqlı tələbini təmin etməmişdir. Ona görə də taxılsəpən texnikanın, texnika mövcud olmadıqda onun dəyəri olan 4600 manat pulun, 9000 manat əldən çıxmış faydanın, evakuatora görə ödənilmiş 250 manat pulun, hüquqi xidmətə görə ödənilmiş 600 manat pulun və 152 manat dövlət rüsumuna görə ödənilmiş pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, təyin olunmuş məhkəmə iclaslarına gəlməmişdir. Belə ki, Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilmədiyini və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Cavabdeh təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Cavabdeh yenidən məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilmədiyini və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “taxılsəpən texnikanın və ya onun dəyərinin qaytarılması, əldən çıxmış fayda və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 482 nömrəli əmrin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli lizinq müqaviləsinə əsasən 1 ədəd HBM-N-24 markalı, dəyəri 4600 manat (qalıq məbləği 2160 manat + güzəşt məbləği 2440 manat), zavod nömrəsi 16467 olan taxılsəpən texnika İddiaçı lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 07.1.22023-cü il tarixli 3-22-13/3-1- 1949/2023 nömrəli əmrinin surətindən görünür ki, Salyan rayonu, Şəkərli kənd sakini İddiaçı lizinqə götürdüyü texnikaların dəyərini tam ödədiyini nəzərə alaraq, "xxxx" ASC (əvvəlki "xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış 2017-ci il 3 fevral tarixli lizinq müqaviləsi üzrə lizinq predmeti olan HBM-N-24 markalı, zavod nömrəsi 16467 olan taxılsəpən İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli lizinq müqaviləsinə əsasən 1 ədəd HBM-N-24 markalı, dəyəri 4600 manat (qalıq məbləği 2160 manat +güzəşt məbləği 2440 manat), zavod nömrəsi 16467 olan taxılsəpən texnika İddiaçı lizinqə verilmişdir. İddiaçı lizinqə götürdüyü texnikaların dəyərini tam ödədiyini nəzərə alaraq, "xxxx" ASC (əvvəlki "xxxx" ASC) ilə İddiaçı arasında bağlanmış 2017-ci il 3 fevral tarixli lizinq müqaviləsi üzrə lizinq predmeti olan HBM-N-24 markalı, zavod nömrəsi 16467 olan taxılsəpən İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı 2022-ci ildə texnikanın ehtiyat hissələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan şəhərində yerləşən "xxxx" ASC-də olarkən orada Cavabdehlə rastlaşmış, sonuncu ona "xxxx" ASC ilə əlaqəli işləməsini, texnika üçün ehtiyat hissələri lazım olarsa tapa biləcəyini, köhnə taxılsəpəni satışa qoyub yenisini verə biləcəyini demişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh taxılsəpəni evakuatora yükləyib özü ilə aparmış, lakin verdiyi vədə əməl etməmişdir. Bununla da Cavabdeh İddiaçı nisyə olaraq taxılsəpən texnika almış, sonradan taxılsəpən texnikanın pulunu verməmiş və yaxud taxılsəpən texnikanı sahibi İddiaçı qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin olunmalı, taxılsəpən texnika, texnika mövcud olmadıqda onun dəyəri olan 4600 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan iddiasının 9000 manat məbləğində əldən çıxmış faydanın və evakuatora görə ödənilmiş 250 manat pulun alınıb verilməsinə dair hissəsində, iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmiş, eləcə də istinad etdiyi hüquqi əsasını göstərməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan vəkil orderindən və mədaxil qəbzindən görünür ki, pul tələbinə dair mülki iş üzrə İddiaçı hüquqi xidmət göstərilməsi ilə bağlı bakı şəhəri 8 saylı Vəkil Bürosu ilə xx.xx.2023-cü il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən büronun bank hesabına 600 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilməsini qeyd etmişdir. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa bir iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Mübahisənin hüququn hansı sahəsinə aid olması, nümayəndənin (vəkilin) iş təcrübəsi, hüququn konkret sahəsindən və ya konkret institutdan olan mübahisələrin həlli ilə əlaqədar işlərin aparılmasında nümayəndənin (vəkilin) ixtisaslaşması, işlərin müxtəlif səviyyəli mürəkkəblik dərəcələri, hüquqi yardımın qısa müddət ərzində göstərilməsi, habelə hüquqi yardımın hansı bölgədə (ərazidə) göstərilməsi və. sairə hallar xərclərin məbləğinə təsir göstərir. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində sadalanan hallar, habelə həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin, (vəkilin) iştirak etdiyi (deməli vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi, göstərilən hüquqi yardımın nəticəsi olaraq müəssisənin daha çox itkidən yaxasını qurtarması və s. aiddir. Məhkəmə hüquqi yardıma görə xərclərin ağlabatan məbləğini müəyyən edən zaman xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 600 manat hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzi tam olaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 151,32 manat məbləğində dövlət rüsumundan ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 66 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən təqdim edilir və bununla əlaqədar, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd dəyəri 4600 manat olan, HBM-N-24 markalı, zavod nömrəsi 16467 olan taxılsəpən texnika, taxılsəpən texnika naturada mövcud olmadığı təqdirdə onun dəyəri, həmçinin hüquqi xidmətə görə ödənilmiş pulun əvəzi olaraq 600 manat və 66 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar