Məhkəmə qərarları › İş №2(017)-597/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-597/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-597/2024 13.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. Ailəsinin dolanışığı üçün xırdabuynuzlu heyvan saxlayır. Heyvanları özünə aid çöl otlaq sahəsində otarır. Həmin sahənin qonşuluğunda cavabdehlərin ferması yerləşir. Ona məxsus 15 baş xırdabuynuzlu heyvanları oğlu Fuad sahəyə aparmış, sonra sahənin baş tərəfinə getmişdir. Həmin ərazidə heyvan otaran Eyvaz cavabdehlərə məxsus itlərin heyvanlara hücum etdiyini görüb, oğlu Fuada zəng etmiş, Fuad qayıdana kimi itlər 8 baş heyvanı öldürmüş, 4-nü isə yaralamışdır. Yaralanmış heyvanlar sonradan ölmüşdür. Hər bir qoyunun qiyməti 300 manat olmaqla, ona ümumilikdə 3600 manat maddi ziyan dəymişdir. Cavabdehlərdən dəymiş ziyanın ödənilməsini tələb etmiş, lakin onlar ödəməkdən imtina etmişlər. Ona görə də Ağcabədi rayon polis şöbəsinə müraciət etmişdir. Şöbədə aparılmış araşdırma nəticəsində ona məxsus heyvanların cavabdehlərə məxsus itlər tərəfindən parçalanması və yaralanması müəyyən olunmuşdur. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə 3600 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və verdiyi izahatında göstərdi ki, Nurələm onun həmkəndlisidir, çöl torpaq sahələri qonşu ərazilərdə yerləşir. X1 qoyub, oradan aralanmış, sahibsiz itlər qoyunları parçalamışdır. Onun mal-qarası var. Bunun üçün də it saxlayır. Onun bir iti var, onu da bağlı saxlayır. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. 07 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və verdiyi izahatında göstərmişdir ki, Nurələm onun həmkəndlisidir. Torpaq sahələri qonşuluqda yerləşir. Onun 4 iti var, ikisi böyük, ikisi isə xırda itlərdir və böyük itlərin hər ikisini də bağlı saxlayır. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 07 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 tanıyır, münasibətləri normaldır. Özünə məxsus heyvanları çöldə otararkən, Nurələmin oğlu Fuad qoyunları ona tapşırıb, sahənin başına getmiş, qoyunlar ondan bir az aralı olmuşdur. Qəflətən Cavabdeh1 və Cavabdeh2 yatağından gələn itlər qoyunlara hücum etmiş, 7 başını parçalamış, 6 başını isə yaralamışdır. Məhkəmə iddiaçının, cavabdehin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 yanvar 2024-cü il tarixli qərarın surətindən görünür ki, cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 290.3-cü maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağcabədi rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Həmin qərarın surətindən görünür ki, araşdırma zamanı İddiaçı, Cavabdeh1 və Cavabdeh2 izahatları alınmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayan İddiaçı məxsus xırda buynuzlu heyvanları həmkəndlisi Cavabdeh1 və Cavabdeh2 itləri tərəfində parçalanmış və nəticə də 8 başı ölmüş, 5 başı yaralanmış, ümumilikdə İddiaçı 3600 manat maddi ziyan dəymişdir. Məhkəmə tərəfindən İddiaçı 2024-cü ilin yanvar ayında Ağcabədi rayon polis şöbəsinə etdiyi müraciət əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə toplanmış HK/1-173 materiallar tələb edilmiş, mülki işin materiallarına əlavə olunaraq digər sübutlarla müqayisəli şəkildə tədqiq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Əliyev X3 rayon prokurorluğuna müraciət edərək, Tanrıverdi və Elşənə məxsus itlərin 2023-cü ilin noyabrın 7-də ona məxsus 15 baş qoyunun 7-sini murdar, qalanlarını isə pis vəziyyətə salması barədə məlumat vermiş və köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Ağcabədi rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən təhqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktın və xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 102 xidmətinə olunmuş şikayəti əsasında hadisə yerində olunmuş, Ağcabədi rayon Hindarx qəsəbə sakini fərdi baytar həkim X5 və digər şahidlərin iştirakı ilə hadisə yerində heyvanlara baxış keçirilmişdir. Həqiqətən də xırda buynuzlu heyvanlardan 7 başı tələf olmuş, qalan 5 başı isə müxtəlif dərəcəli yaralar almışdır. Ölmüş heyvanlar basdırılmış və yeri Hİ-7 dezinfeksiya maddəsi ilə dezinfeksiya olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon “Əli” firmasının verdiyi məktubun surətindən görünür ki, bir baş xırda buynuzlu 3 yaşlı boğaz dişi qoyunun 2024-cü ilin yanvar ayına olan satış qiyməti 300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3). Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cü maddəsində göstərilir ki, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayan İddiaçı məxsus xırda buynuzlu heyvanlar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 itləri tərəfindən parçalanması nəticəsində 7 başı ölmüşdür. İddiaçı məxsus bir baş xırda buynuzlu qoyunun 2024-cü ilin yanvar ayına olan satış qiyməti 300 manat təşkil etmişdir. Nəticədə İddiaçı 2100 manat məbləğində maddi ziyan dəymişdir. Maddi qanunvericilik aktlarının bu normalarına istinad edən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün onlara qarşı zərər tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 itləri tərəfindən İddiaçı məxsus 7 baş xırda buynuzlu heyvanların parçalanaraq oldürülməsi nəticəsində İddiaçı 2100 manat məbləğində vurduğu ziyan iş materialları ilə sübut edildiyinə görə iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 2100 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir: iddia qiyməti 1.000 manatdan 10.000 30 manat + 1.000 manatdan yuxarı olan manatadək olduqda iddia qiymətinin 1 faizi Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 2100 manat məbləğində təmin edildiyi üçün cavabdehlərdən müştərək qaydada dövlət rüsumuna görə 41 manat məbləğində pul alınaraq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi Rayon Məhkəməsinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 41 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar