Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-62/2024 22.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış gəlirin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı əldən çıxmış 30000 manat xalis gəlir və 150 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon, Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli qərarı ilə ona Ağcabədi rayonu, Tofiq İsmayılov kolxozu ərazisində yerləşən 5,12 ha torpaq sahəsi verilmişdir. Torpağın ona məxsus olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı çıxarışı və AN 718510 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də vardır. Cavabdeh onun qohumudur. Mülkiyyətində olan həmin torpaq sahəsini Cavabdeh imkansız olmasını nəzərə alaraq müvəqqəti istifadə etməsi üçün Cavabdeh vermişdir. Cavabdeh uzun illər ona məxsus həmin torpaq sahəsini əkib-becərdikdən sonra geri tələb etmiş, lakin Cavabdeh torpaq sahəsini ona qaytarmamışdır. Dəfələrlə bununla bağlı cavabdehə xəbərdarlıq etsə də, cavabdeh qanunsuz hərəkətlərindən əl çəkməmişdir. Bundan sonra, cavabdehin həmin torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmış və iddiası Ağcabədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuşdur. Qətnamə icra olunarkən cavabdeh torpaq sahəsinin ona qaytarılması görüntüsü yaratmış, lakin torpaq sahəsini ona qaytarmamışdır. Bundan sonra, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinə müraciət etmiş və araşdırılma aparılaraq Cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Ağcabədi Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(017)-97/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin işə baxılarkən də, cavabdeh torpaq sahəsinin ona qaytarılması görüntüsü yaratmış, lakin torpaq sahəsini ona qaytarmamışdır. Cavabdehin qanunsuz hərəkətlərinə görə 20 ildən artıqdır ki, ona məxsus olan həmin torpaq sahəsindən istifadə edə bilmir və hər il külli miqdarda gəlirdən məhrum olur. Cavabdeh son vaxtlarda həmin sahədə yonca bitkisi əkmiş və xeyli miqdarda gəlir əldə etmişdir. Hesab edir ki, həmin torpaq sahəsindən hər il 6000 manat gəlir əldə edə bilərdi və son beş ili nəzərə alaraq cavabdehdən 30000 manat tələb edir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** saylı çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Tofiq İsmayılov kolxozu ərazisində yerləşən 5,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(017)-260/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı məxsus olan 5,12 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(017)-97/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli rəyindən görünür ki, 5,12 ha torpaq sahəsindən 5 il ərzində gəlir cəmi 64000 manat, xərc 27136 manat, xalis gəlir 36864 manat təşkil edir. 5,12 ha torpaq sahəsindən 1 il ərzində 7936 manat gəlir əldə edilməsi mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** saylı çıxarışa əsasən Ağcabədi rayonu, Tofiq İsmayılov kolxozu ərazisində yerləşən 5,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh uzun illər iddiaçının razılığı ilə həmin torpaq sahəsini əkib-becərmişdir. Lakin, sonrada iddiaçı həmin torpaq sahəsini cavabdehdən tələb etsə də, cavabdeh torpaq sahəsini iddiaçıya qaytarmamışdır. Bundan sonra, iddiaçı cavabdehin həmin torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmış və Ağcabədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Lakin, cavabdeh yenə də həmin torpaq sahəsindən çıxmamışdır. Bundan sonra, iddiaçının şikayəti əsasında Ağcabədi RPŞ-də cavabdeh barəsində cinayət işi başlanmış və Ağcabədi Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(017)-97/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış gəlirin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, iddiaçı əldən çıxmış gəliri hər il üçün 6000 manat olmaqla beş illlik, yəni 30000 manat tələb etməsini məhəhkəmə qanuni hesab etmir. Belə ki, Ağcabədi Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(017)-97/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir ondan ötrü ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 5,121 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2022-ci ilin oktyabr ayında tam şəkildə özbaşına tutaraq torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozma cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Göründüyü kimi Ağcabədi Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(017)-97/2023 saylı hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı məxsus 5,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2022-ci ilin oktyabr ayında tam şəkildə özbaşına tutaraq torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozma cinayətini törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən yay mövsümündə məhsul əldə edilməsi nəzərə alınmaqla İddiaçı Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış gəlirin ödənilməsini bir illik (2023-cü mövsüm ili üçün) tələb etməsi daha məqsədəmüvafiqdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 5,12 ha torpaq sahəsindən 1 il ərzində 7936 manat gəlir əldə edilməsi mümkündür. Lakin, İddiaçı Cavabdeh 5,12 ha torpaq sahəsindən 1 il ərzində 6000 manat əldən çıxmış gəlirin ödənilməsini tələb edir və məhkəmə qətnamə qəbul edərkən iddiaçının bu tələbini əsas götürməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 6000 manat pul (əldən çıxmış fayda) alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 26 nay 2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 180 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 180 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə, yəni 80 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməli və Cavabdeh əlavə olaraq 100 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 6000 manat pul (əldən çıxmış fayda) və ödənilmiş dövlət rüsumundan 80 manat, cəmi 6080 (altı min səksən) manat alınaraq İddiaçı verilsin. Cavabdeh əlavə olaraq 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-62/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-62/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver