Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-71/2024 15.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Cavabdeh iştirakı ilə, İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı 4291 manat əsas borc, 858 manat cərimə və 71,49 manat ödənilmiş dövlət rüsumu, cəmi 5220 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək iddia tələbinin 1766 manat həddində azaldılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «X2 Kompleksi» MMC-nin Ağcabədi filialı arasında bağlanmış 10 fevral 2021-ci il tarixli, 658 saylı xam pambığın alqısatqısına dair müqaviləyə əsasən cavabdeh 2,85 hektar torpaq sahəsində öz işçi qüvvəsi hesabına pambıq əkməyi və hər hektardan 30 sentinerdən az olmamaqla pambıq istehsal etməklə iddiaçıya satmağı üzərinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 4291,71 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilə üzrə pambıq təhvil verməmişdir. Bununla da cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə onun «X2 Kompleksi» MMC-yə borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun qaytarılması üçün xəbərdarlıqlar və pretenziyalar verilsə də, cavabdeh iddiaçının pretenziyasına cavab verməmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 858 manat təşkil edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən iddia tələbi azaldılaraq Cavabdeh 1766 manat məbləğində pulun alınaraq «X2 Kompleksi» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X2 Kompleksi» MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı «X2 Kompleksi» MMC-nin Ağcabədi filialı ilə aralarında 10 fevral 2021ci il tarixli, 658 saylı xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 2,85 hektar torpaq sahəsində pambıq əkməyi və pambıq istehsal etməklə iddiaçıya satmağı üzərinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar avans olaraq iddiaçıdan 1766 manat vəsait götürmüş və həmin pulu da ödəməmişdir. Belə ki, onun məlumatı olmadan iddiaçı tərəfindən sahədə olan pambıq yığılmışdır. O, bu barədə müxtəlif orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İddia tələbini 1766 manat hissədə qəbul edir və həmin məbləği avas kimi nəğd olaraq götürmüşdür. Ona görə də iddianın həmin hissədə təmin edilməsinə etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 fevral 2021-ci il tarixli, 658 saylı xam pambığın alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh 2,85 hektar sahədə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla olmaqla istehsal etdiyi xam pambığı bütünlüklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh «X2 Kompleksi» MMC-yə 4020,22 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş üzləşdirmə aktından görünür ki, «X2 Kompleksi» MMC tərəfindən Cavabdeh 4291,71 manat avans verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh 1767 manat avans ödənilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 4/214 saylı rəyindən görünür ki, 02 iyun 2023-cü il tarixli “Üzləşmə aktı”nın aşağı hissəsində “4. Fermer (Müqaviləçi)” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imza - Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı «X2 Kompleksi» MMC arasında 10 fevral 2021-ci il tarixli, 658 saylı xam pambığın alqısatqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 2,85 hektar sahədə pambığı əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla məhsul əldə etməklə xam pambıq məhsulunu iddiaçıya satmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə hazırlıq iclası zamanı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən iddia tələbi azaldılaraq cavabdehdən yalnız 1766 manat avans verilmiş vəsait tələb edilmiş və məhkəmə iclası zamanı da cavabdeh iddianı həmin məbləğdə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1766 manat borc pul alınaraq iddiaçı «X2 Kompleksi» MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan 04 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 71,49 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 71,49 manat dövlət rüsumundan 37,66 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli və 124 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (KOD 210005, VÖEN **********, muxbir hesab AZ41NABZ********************) hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1766 manat borc və 37,66 manat dövlət rüsumu, cəmi 1803 (bir min səkkiz yüz üç) manat 66 (altmış altı) qəpik alınaraq iddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı «X2 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətindən 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (KOD 210005, VÖEN **********, muxbir hesab AZ41NABZ********************) hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-71/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-71/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver