Məhkəmə qərarları › İş №2(017)-716/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-716/2025

27.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-716/2025 27.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi qızı X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən mübahisəli fərdi yaşayyış evinə çəkilmiş xərclərin əvəzi olaraq 21,243.05 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 2004-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Faktiki nikahlarından 2 övladları doğulmuşdur. Faktiki nikaha daxil olduqdan sonra Ağcabədi rayonu Muğanlı kəndində Cavabdeh2 atası olan Cavabdeh1 məxsus 0,10 ha torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamışlar. İlkin olaraq qardaşları ona 3000 ABŞ dolları məbləğində pul vermişlər ki, o, özünə ev tikdirsin. O, həmin pulu Cavabdeh2 vermiş, digər cavabdeh və qardaşlarının köməyilə bünövrə töküb, ev tikib və damını vurdurmuşlar. Bundan sonra onun Vüqarla münasibətləri pozulmuş və Cavabdeh2 Rusiya Fedarasiyasına getmişdir. O, isə yarımçıq qalmış tikilini təmir etdirib həmin evdə yaşamağa başlamışdır. Evin 2 otağını, dəhlizi, mətbəx və hamamını təmir etdirmişdir. Həyətyanı torpaq sahəsində yardımçı tikili tikdirmiş, həyətyanı sahəni şebellə düzətldirmiş, qaz, işıq, su çəkdirmiş və dəmir altıqlı plastmas çən qurdurmuşdur. Lakin Cavabdeh1 hazırda ona qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmış və ona kompensasiya kimi 10.000 manat pul təklif etmişdir. Halbu ki, dəhlizin təmirinə 2207,1 manat, mətbəxin təmirinə 1087,05 manat, sahəsi 21,75 kv.m olan otağın təmirinə 3475,5 manat, sahəsi 34,8kv.m olan otağın təmirinə 9373,4 manat, hamamın təmirinə 1967,0 manat, həyətin hasarlanması və çınqılın alınması və yayılmasına 1500 manat xərc çəkmişdir. Əvvəlcədən verilən 3000 ABŞ dolları ilə birlikdə yaçayış evinə cəmi 21243,05 manat xərc çəkmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Əyysub oğlunun etibarnamə üzrə nümayəndəsi qızı X2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh1 onun atası, Cavabdeh2 isə qardaşıdır. Qardaşı Cavabdeh2 İddiaçı ilə 2004-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Onların faktiki nikahlarından 2 övladları doğulmuşdur. Qardaşı Vüqar hazırda Rusiya Fedarasiyasında yaşayır. İddiaçı hazırda uşaqları ilə birlikdə onun atası Cavabdeh1 məxsus evdə yaşayırlar. Mübahisəli ev onun atası tərəfindən tikilib və təmir olunmuşdur. İddiaçının həmin evin təmirinə sonradan çəkdiyi xərc ən çoxu 2-3 min manat civarında olar. Əvvəlki ekspert rəyində göstərilənlər hamısı onun tərəfindən təmir edilməmiş və məbləğ yüksək hesablanmışdır. İddiaçı iddiasında göstərilən və ya ekspertdə göstərilən təmir işlərini onun tərəfindən görüldüyünü heç bir əsasla sübuta yetirə bilmir və bu bir daha iddiaçının qeyri səmimi olmasının təzahürüdür. Ona görə də, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Bərdə rayon Vəkil Bürasunun vəkili Vəkil Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi bacısı X1 izahatına uyğun çıxış edərək iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının özü tərəfindən məhkəməyə iddia verməmişdən əvvəl aldığı məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 07-169/24 nömrəli rəydən görünür ki, Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evdə aparılmış tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 40692 manat 9 qəpik məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 439/E nömrəli rəydən görünür ki, Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evində İddiaçı tərəfindən aparılmış tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 8000 (səkkiz min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 439/E nömrəli rəyə əlavə edilimiş məktubdan görünür ki, Cavabdeh2 tərəfindən daşınmaz əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMCnin hesabına 400 manat məbləğində pul vəsaiti köçürmüşdür. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağcabədi rayonu, Muğanlı kəndi ərazisində yerləşən 0.29 hektar torpaq sahəsi Cavabdeh1 və onun ailəsinin mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı məhkəməyə iddia verməmişdən əvvəl özü tərəfindən aldığı məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 07-169/24 nömrəli rəyinə əsasən Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evdə aparılmış tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 40692 manat 9 qəpik məbləğində müəyyən edilsə də, həmin məbləğ ağlabatan olmadığı üçün məhkəmə tərəfindən sübut kimi qəbul edilməmiş, həmçinin tərəflərin şifahi vəsatəti əsasında xx.xx.2025-ci il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, "xxxx" MMC-nin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 439/E nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Ağcabədi rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin təmirinə bütövlükdə 8000 manat məbləğində pul vəsaiti xərcləmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 501-ci maddəsinə görə kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı həmin əmlaka dair 8000 manat dəyərində ayrıla bilməyən yaxşılaşdırmalar aparmışdır. Bununla da cavabdehlər yaxşılaşdırmalar üzrə 8000 manat məbləğində əsassız varlanmışlar. Qeyd olunan xüsusat tərəflərin və onları təmsil edən şəxslərin izahatları ilə yanaşı "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 439/E nömrəli ekspert rəyi ilə təsbit edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 21243,05 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əmlakın yaxşılaşdırılması ilə əlaqədar 8000 manat məbləğində pul vəsaiti sərf etməsi "xxxx" MMC-nin məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 439/E nömrəli rəyinə əsasən təsdiq etsə də, iddia tələbini digər hissədə sübuta yetirməmiş, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 8000 manat məbləğində pul vəsaiti tələbinə dair hissədə əsaslı olsa da, qalan hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 8000 manat məbləğində pul vəsaiti müştərək qaydada alınıb, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 153 manat 80 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehlərdən 100 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada alınıb İddiaçı verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar