Məhkəmə qərarları › İş №2(017)-728/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-728/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-728/2024 23.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi 2739 manat 39 qəpik məbləğində vurulmuş zərərin və ödənilmiş 47 manat dövlət rüsumunun ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldıraraq iddiasını onunla əsaslandırmışdır ki, Ağcabədi rayonunun Hindarx qəsəbə sakini X1 məxsus MERSEDES-BENZ markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 22 noyabr 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi baş vermiş, idarə etdiyi avtomobili vurub əzmişlər və nəticədə ona 2739 manat zərər vurulmuşdur. 22 noyabr 2023-cü il tarixdə saat 09:10 radələrində etibarnamə əsasında idarə etdiyi MERSEDES-BENZ markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağcabədi rayon Hindarx qəsəbəsindəki avtomobillərin yuma sexində saxlayan zaman Cavabdeh1 idarə etdiyi VAZ-21065 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks isiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq Cavabdeh2 məxsus VAZ-2103 minik markalı, **-BP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurmuş, bundan sonra onun idarə etdiyi MERSEDES-BENZ markalı avtomobili vurmuş və nəticədə ona maddi zərər vurmuşdur. Yol nəqliyyat hadisəsi Ağcabədi rayon Polis şöbəsində araşdırılmış və hüquqi qiymət verilmişdir. Etibarnamə əsasında idarə etdiyi MERSEDES-BENZ markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın qiymətləndirilməsi üçün Ağcabədi Avtoserviz və Ticarət müəssisəsi MMCidə baxış keçirilmiş və 2739 manat müəyyən edilmişdir. O, ehtiyayat hissələrini almış və avtomobili təmir etdirmişdir. Dəymiş zərər cavabdehlər tərəfindən bu günədək ona ödənilməmişdir. Ona görə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2739 manat 39 qəpik məbləğində vurulmuş zərərin və ödənilmiş 47 manat dövlət rüsumunu tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək, hazırda cavabdehlərin hər birinə ayrı-ayrılıqda 150 manat olmaqla cəmi 300 manat güzəşt etdiyini və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, 22 noyabr 2023-cü il tarixdə idarə etdiyi özünə məxsus VAZ-21065 markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağcabədi rayonu Hindarx qəsəbəsindən Ağdam rayonu Quzanlı qəsəbəsi istiqmətində hərəkətdə olarkən, sonradan adın bildiyi Cavabdeh2 idarə etdiyi avtomobillə dönmə əməliyyatın düzgün etməyərək onun qarşısına çıxmış, o, idarəetməni itirmiş yolun kənarında dayanmış MERSEDES-BENZ markalıavtomobili vuraraq nəticə də ona zərər vurmuşdur. Həmin yol nəqliyyat hadisəsi Ağcabədi rayon polis şöbəsində araşdırılmış və o, inzibati məsuliyyətə cəlb olunmuşdur. Maddi imkanı çətin olduğu üçün dəymiş ziyanı ödəyə bilməmişdir. Yaxın günlərdə iddiaçıya dəymiş maddi zərəri ödəyəcəyinə söz verdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, 22 noyabr 2023-cü il tarixdə saat təxminən 09:10 radələrində idarə etdiyi VAZ-21011 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Hindarx qəsəbəsindən Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətində hərkətdə olan zaman Hindarx qəsəbə ərazisində çiyid satılan mağazaya dönmək istəyərkən yolun dönmə əməliyyatına icazə verilmiş hissəsində avtomobilin sola dönmə xəbərdar edici işığdan istifadə edərək sola dönmə əməliyyatı aparan zaman arxasınca hərəktdə olan Vaz-21065 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatın düzgün etməyərək onu vuraraq idarə etməni itirərək yolun kənarında dayanmış MERSEDES-BENZ markalı, **-GU-*** qeydiyyat nişanlı avtomobilə çırpıldı. Həmin yol nəqliyyat hadisəsi Ağcabədi rayon polis şöbəsində araşdırılmış və o, inzibati məsuliyyətə cəlb olunmuşdur. Maddi imkanı çətin olduğu üçün dəymiş ziyanı ödəyə bilməmişdir. Yaxın günlərdə iddiaçıya dəymiş maddi zərəri ödəyəcəyinə söz verdi. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 15 avqust 1968-ci il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə olunmuş etibarnamənin surətindən görünür ki, İddiaçı X2 məxsus MERCEDES-BENZ E200 CDİ minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu ildən xx.xx.2029-cu ilədək idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1948-ci il tarixdə Ağcabədi rayonu, Salmanbəyli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə olunmuş X3 Şəhadətnaməsinin surətindən görünür ki, VAZ- 21065 minik markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. İş materiallarına əlavə olunmuş Sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 BC katoqoriyaya aid avtomobili idarə etmək hüququ verilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1991-ci il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş 22 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 idarə etdiyi özünə məxsus VAZ-21065 minik markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobillə əks istiqamətə çıxaraq idarə etməni itirmiş və yolun kənarında dayanmış MERCEDES-BENZ E200 CDİ minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş 22 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmdiyinə görə 80 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən surətindən görünür ki, Cavabdeh1 əks istiqamətə çıxaraq idarə etməni itirmiş və yolun kənarında dayanmış MERCEDES-BENZ E200 CDİ minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. İş materiallarına əlavə edilmiş izahatın surətindən görünür ki, Cavabdeh1 23 noyabr 2023-cü il tarixdə idarə etməni itirərək yol nəqliyyat hadisəsin törətməsini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş 12 fevral 2024-cü il tarixli rəyin surətindən görünür ki, Ağcabədi rayonu Hindarx qəsəbə sakini X2 məxsus olan, İddiaçı etibarnamə ilə idarə etdiyi MERCEDES-BENZ E200 CDİ minik markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ümumilikdə 2739 manat zərə dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağcabədi-Ağdam yolunun Hindarx qəsəbəsindən keçən hissəsində İddiaçı etibarnamə üzrə idarə etdiyi avtomobilə maddi zərər vurulmuş və maddi zərərin ümumi dəyəri 2739 manat məbləğində müəyyənləşdirilmişdir. Hazırda iddiaçı tərəfindən dəymiş maddi zərərin ümumi dəyərindən cavabdehlərə olunan güzəşt nəzərə alınmalıdır. Ona görə də, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada təqsirləri nəticəsində vurulmuş maddi zərərə görə 2200 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qanuna müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 42 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə müştərək qaydada 2200 manat pul və ödənilmiş dövlət rüsumuna görə 42 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar