Məhkəmə qərarları › İş №2(017)-758/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-758/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-758/2024 11.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh elektrik enerjisinin istehlakına görə 2833,22 manat borcun və ödənilmiş 48,74 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edilən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan abonent kodu **********00094 olan, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2833,22 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək 2833,22 manat borcu ödəməkdən yayınmışdır. Ona görə də Cavabdeh elektrik enerjisinin istehlakına görə 2833,22 manat borcun və 48,74 manat məbləğində dövlət rüsumunun alınıb "xxxx" ASCnin xeyrinə ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayır. Evinin işıq sayğacı onun adınadır. Maddi vəziyyəti ilə əlaqədar işıq pulunun ödəmələrində gecikmələr yaranmışdır. Onun barəsində tətbiq olunmuş xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktlar üzrə iddia müddəti keçmişdir. Ona görə də həmin aktlar üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abunə haqqında bildirişindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə 3317,96 manat ümumi borcu vardır. Belə ki, istehlakçının abunə haqqı üzrə limitə qədər sərfiyatı 180,00 manat, limitdən artıq sərfiyatı və aktlar üzrə hesablanmış sərfiyatı 3668,08 manat olmaqla, ümumi məbləğ 3848,08 manat olmuş, həmin məbləğdən istehlakçının etdiyi ödəniş, yəni 516,00 manat və inteqrasiya dövrü borcu 544,74 manat çıxıldıqdan sonra qalıq borc, yəni 180,00+3668,08=3848,08-(516,00+544,74)=2787,34 manat təşkil edir. İşdə olan "xxxx" ASC-nin Enerji Satış Departamentinin 15 may 2023-cü il tarixli pretenziyadan görünür ki, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan (kodu **********00094 olan abonent adı ilə "xxxx" ASC-də qeydiyyata alınmış) Cavabdeh elektrik enerjisindən istifadəyə görə 19 may 2023-cü il tarixə "xxxx" ASC-yə olan borcu 2833,22 manat təşkil edir. İşdə olan Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli 01 may 2023-cü il tarixli, 652008 nömrəli müqavilədən görünür ki, bu müqavilə "xxxx" ASC-nin enerji təchizatı müəssisəsi ilə Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini kodu **********00094 olan abonent adı ilə qeydiyyata alınmış Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı ilə əlaqədar bağlanmışdır. İşdə olan Cavabdeh tərəfindən təqdim olunmuş ərizədən görünür ki, onun barəsində tətbiq olunmuş xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktlar üzrə iddia müddəti keçdiyinə görə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. İşdə olan və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim olunmuş borc barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli NDM 007576 nömrəli akt üzrə 635,04 manat, xx.xx.2018-ci il tarixli R 093564 nömrəli akt üzrə 594,00 manat və xx.xx.2018-ci il tarixli R 102943 nömrəli akt üzrə 532,18 manat olmaqla üç akt üzrə 1761,22 manat məbləğində sərfiyyat hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Konstitusiya Məhkəməsinin “H. Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyun 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan, abonent kodu **********00094 olan, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2787,34 manat borcu yaranmış, həmin borcun bir hissəsi, yəni Cavabdeh xx.xx.2017-ci il tarixli NDM 007576 nömrəli akt üzrə 635,04 manat, xx.xx.2018-ci il tarixli R 093564 nömrəli akt üzrə 594,00 manat və xx.xx.2018-ci il tarixli R 102943 nömrəli akt üzrə 532,18 manat olmaqla üç akt üzrə 1761,22 manat məbləğində sərfiyyat hesablanmışdır. Cavabdeh onun barəsində tətbiq olunmuş xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktlar üzrə iddia müddəti keçdiyinə görə həmin hissədə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, yuxarıda qeyd olunan üç akt üzrə iddia müddəti keçdiyinə görə həmin hissədə iddia tələbinin təmin edilməsində imtina olunmalı, yəni Cavabdeh ümumi borcundan 2787,34 manat borcdan 1761,22 manat çıxılaraq, qalan 1026,12 manat məbləğində elektrik enerjisindən istifadə olunduğuna görə yaranmış borc Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 48,74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,26 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair üç akt üzrə (xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktlar üzrə) iddia müddətini ötürdüyü üçün mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddianın həmin hissədə təmin edilməsindən imtina edilsin. Cavabdeh elektrik enerjisinin istehlakına görə 1026,12 manat borc və ödənilmiş 30,26 manat dövlət rüsumu məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar