Məhkəmə qərarları › İş №2(017)-762/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-762/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-762/2024 27.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Yəhya oğluna qarşı borcla əlaqədar pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Yəhya oğlundan elektrik enerjisinin istehlakına görə 3491 manat 63 qəpik borcun və ödənilmiş 55 manat 32 qəpik dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edilən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan abonent kodu **********00056 olan, Cavabdeh Yəhya oğlunun elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3491 manat 63 qəpik borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək 3491 manat 63 qəpik borcu ödəməkdən yayınmışdır. Ona görə də Cavabdeh Yəhya oğlundan elektrik enerjisinin istehlakına görə 3491 manat 63 qəpik borcun və 55 manat 32 qəpik məbləğində dövlət rüsumunun alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh Yəhya oğlu iddianı qismən qəbul edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiada göstərilən aktlar üzrə xx.xx.2019-cu il tarixli, R 102849 saylı akt üzrə; 2,57 kvt x 24 saat x 90 gün x 0,7 = 3889 kvts, tarif (-900 kvts x 0,07 man = 63,00 man, tarif (-2989 kvts x 0,11 man = 328,79 man, cəmi: 391,79 manata aid hissəsində iddia müddətini üzrsüz səbəbdən keçirilməsini nəzərə alınmaqla iddianın qismən təmin edilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdeh Yəhya oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək göstərdi ki, X5 Cəmiyyətinin Ağcabədi elektrik satış şəbəkəsində balans mühəndisi işləyir. İş üzrə cavabdehin yaşadığı mənzilə dəfələrlə baxış keçirildiyini, hər dəfəsində abonent Cavabdeh kənar xətdən istifadə etməsi aşkar olunmuş və tərəflərindən akt tərtib edilmişdir. Bütün aktlar üzrə pozuntu eyni olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək göstərdi ki, X5 Cəmiyyətinin Ağcabədi elektrik satış şəbəkəsində satış rəisi işləyir. İş üzrə cavabdehin yaşadığı mənzilə dəfələrlə baxış keçirildiyini, hər dəfəsində abonent Cavabdeh kənar xətdən istifadə etməsi aşkar olunmuş və tərəflərindən akt tərtib edilmişdir. Bütün aktlar üzrə pozuntu eyni olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan "xxxx" ASC-nin Enerji Satış Departamentinin 15 may 2023-cü il tarixli pretenziyadan görünür ki, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan (kodu **********00056 olan abonent adı ilə "xxxx" ASC-də qeydiyyata alınmış) Cavabdeh Yəhya oğlunun elektrik enerjisindən istifadəyə görə 15 may 2023-cü il tarixə "xxxx" ASC-yə olan borcu 3491 manat 63 qəpik təşkil edir. İşdə olan Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli 02 may 2023-cü il tarixli, 641434 nömrəli müqavilədən görünür ki, bu müqavilə "xxxx" ASC-nin enerji təchizatı müəssisəsi ilə Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini kodu **********00056 olan abonent adı ilə qeydiyyata alınmış Cavabdeh Yəhya oğlu arasında elektrik enerjisinin alqı-satqı ilə əlaqədar bağlanmışdır. İşdə olan borc barədə arayışdan görünür ki Həmin borc cavabdeh tərəfindən “Elektrik enerjisndən istifadə Qaydaları”nın pozulması haqqında tərtib olunmuş müvafiq aktlara əsasən yaranmışdır. xx.xx.2019-cu il tarixli, R 102849 saylı akt üzrə; 2,57 kvt x 24 saat x 90 gün x 0,7 = 3889 kvts, tarif (-900 kvts x 0,07 man = 63,00 man, tarif (-2989 kvts x 0,11 man = 328,79 man, cəmi: 391,79 man. 2). xx.xx.2021 il tarixli, R 232024 saylı akt üzrə; 2.2 kvt x 24 saat x 180 gün x 0,7 = 6653 kvts, tarif (-1800 kvts x 0,07 man = 126,00 man,tarif (-4853 kvts x 0,11 man = 533,83 man, cəmi: 659.83 man.3). xx.xx.2021-ci il tarixli, R 243385 saylı akt üzrə; 2,8 kvt x 24 saat x 120 gün x 0,7 = 5645 kvts tarif (-1200 kvts x 0,07 man = 84,00 man, tarif (-4445 kvts x 0,11 man = 488,95 man cəmi: 572,95 man. 4). xx.xx.2022-ci il tarixli, R 258385 saylı akt üzrə; 1,1 kvt x 24 saat x 120 gün x 0,7 = 2218 kvts tarif (-800 kvts x 0,08 man = 64,00 man,tarif (-400 kvts x 0,09 man = 36,00 man,tarif (-1018 kvts x 0,11 man = 132,34 man, cəmi: 232, 34 man. 5). xx.xx.2022-ci il tarixli, R 268943 saylı akt üzrə; 3,25 kvt x 24 saat x 120 gün x 0,7 = 6602 kvts tarif (-400 kvts x 0,08 man = 32,00 man tarif (-200 kvts x 0,09 man = 18,00 man tarif (-6002 kvts x 0,13 man = 780,26 man cəmi 830,26 6). xx.xx.2023 il tarixli, R 294069 saylı akt üzrə; 4,9 kvt x 24 saat x 90 gün x 0,7 = 7409 kvts tarif (-7409 kvts x 0,13 man = 963,17 man. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan, abonent kodu **********000056 olan, Cavabdeh Yəhya oğlunun elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3491 manat 63 qəpik borcu yaranmış, lakin həmin borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 3491 manat 63 qəpik borcu ödəməkdən yayınmışdır. Lakin, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti yuxarıda qeyd olunan məbləğdə pulun cavabdehdən alınması ilə bağlı iddiasını, iddianın xx.xx.2019-cu il tarixli, R 102849 saylı akt üzrə; 2,57 kvt x 24 saat x 90 gün x 0,7 = 3889 kvts, tarif (-900 kvts x 0,07 man = 63,00 man, tarif (-2989 kvts x 0,11 man = 328,79 man, cəmi: 391,79 manata aid hissəsində iddia müddətini üzrsüz səbəbdən ötürməklə məhkəməyə vermiş, Cavabdeh Yəhya oğlu da iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəffndən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekbar 2001-ci il tarixli, qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Belə olan halda məhkəmə həmçinin hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə iddianın xx.xx.2019-cu il tarixli, R 102849 saylı akt üzrə; 2,57 kvt x 24 saat x 90 gün x 0,7 = 3889 kvts, tarif (-900 kvts x 0,07 man = 63,00 man, tarif (-2989 kvts x 0,11 man = 328,79 man, cəmi: 391,79 manata aid hissəsində iddia müddətini üzrsüz səbəbdən keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 55 manat 32 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 55 manat 32 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh Yəhya oğlundan elektrik enerjisinin istehlakına görə 3099 manat 84 qəpik borc və ödənilmiş 55 manat 32 qəpik dövlət rüsumu məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 50 manat 84 qəpik dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Yəhya oğlundan elektrik enerjisinin istehlakına görə 3099 manat 84 qəpik borc və ödənilmiş 50 manat 84 qəpik dövlət rüsumu məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar