Məhkəmə qərarları › İş №2(017)-845/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-845/2024

24.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-845/2024 24.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın inventarlaşması və texniki pasportun tərtib olunması üçün zəruri ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X14 xx.xx.2000-ci il tarixdə, anası Cavabdeh1 Qulam qızı xx.xx.2002-ci il tarixdə vəfat etmişlər. Mərhum atası Ağcabədi şəhəri H.Aslanov küçəsində özünə məxsus torpaq sahəsində ev tikdirib həmin evdə yaşamışdır. Arxivdən verilmiş xx.xx.2029-cu il tarixli 349 saylı arxiv arayışı ilə müəyyən olunur ki, Ağcabədi şəhər XDS-nin 1963-1965-ci illərə aid 66 saylı təsərrüfatbasına kitabın 2171 saylı təsərrüfatında atası X9 adına 0,07 ha torpaq sahəsi olması barədə qeydiyyat var. Həmin torpaq sahəsində atasından qalma ev vardır. Atasından qalmış ev və torpaq sahəsinə münasibətdə vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı onunla ailə tərkibində olan qardaşı X10 notariat ofisinə müraciət etmiş, yaşayış evinə və torpaq sahəsinə aid hüquq müəyyənedici sənədlər olmadığından, şəhadətnamə verilməsi mümkün olmamışdır. Həmçinin həmin torpaq sahəsində 2023-cü ildə 2 otaq, 1 zal və digər yardımçı otaqlardan ibarət ev tikmişdir. Atasının adına 0,07 ha torpaq sahəsinin qeydiyyatı olsa da, istifadədə olan torpaq sahəsi 0,13 ha təşkil edir. Yəni 0,06 ha torpaq sahəsi qeydiyyatda olduğundan artıqdır və bələdiyyə torpaqlarına aiddir. Lakin bələdiyyəyə aid 0,06 ha torpaq sahəsinin ümumi torpaq sahəsinin hansı hissəsində olması müəyyən olunmamışdır. Həmin torpağın sərhədlərinin müəyyən olunduqdan sonra satın almaq və mülkiyyətinə keçirmək istəyir. Bu məqsədlə müraciəti əsasında Ağcabədi bələdiyyəsinin əməkdaşları baxış keçirmiş, lakin cavabdehlər ölçü işlərinin aparılmasına maneçilik törədərək mübahisə yaratmışlar. Ona görə də Ağcabədi şəhər XDS-nin 1963- 1965-ci illərə aid 66 saylı təsərrüfatbaşına kitabın 2171 saylı təsərrüfatında mərhum atası X9 adına 0,07 ha torpaq sahəsi, habelə həmin torpaq sahəsindən artıq 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində tikdirdiyi yaşayış evinin inventarlaşdırılması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin işlərin aparılmasına edilən müdaxilələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdi və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, ailəsi ilə birlikdə mübahisəli ünvanda yaşayır. İddiaçının tələb etdiyi torpaq sahəsinin 0,0768 ha hissəsinə artıq əri X3 adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Qaldıkı ərazidə artıq torpaq sahəsi vardır. İlkin olaraq həmin torpaq sahəsi onlara təklif olunmalıdır. Əlavə torpaq sahəsində olan tikilinin isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona gör də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 izahatına uyğun izahat verdi. İİİ şəxs Ağcabədi Bələdiyyəsinin nümayəndəsi X11 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qayda da xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bələdiyyənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 349 nömrəli arxiv arayışından görünür ki, Ağcabədi şəhər XDS-nin 1963-1965-ci illərə aid 66 saylı təsərrüfatbasına kitabın 2171 saylı təsərrüfatında X9 adına 0,07 ha torpaq sahəsi olması barədə qeydiyyat vardır. İş materiallarına əlavə edilmiş ölüm haqqında AZ-İİ 036721 nömrəli şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında AZ-İİ 036720 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Qulam qızı xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarında olan Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də (yeni qaydalarla AZ 0400 Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, giriş 22) yerləşən fərdi yaşayış evi ümumi mülkiyyət hüququ ilə X4, X6, Cavabdeh1 və X2 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 98 nömrəli məktubdan görünür ki, Ağcabədi bələdiyyəsinin əməkdaşları Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən mübahisəli ünvanda yerləşən torpaq sahəsinə baxış keçirilmiş, ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən imkan verilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ağcabədi şəhər XDS-nin 1963-1965ci illərə aid 66 saylı təsərrüfatbasına kitabın 2171 saylı təsərrüfatında X9 adına 0,07 ha torpaq sahəsi olması barədə qeydiyyat vardır. X14 xx.xx.2000-ci il tarixdə və Cavabdeh1 Qulam qızı xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunda ölmüşlər. Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də (yeni qaydalarla AZ 0400 Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, giriş 22) 0,0768 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi mülkiyyət hüququ ilə X5, X12, Cavabdeh1 və X1 mülkiyyətinə verilmişdir. Ölçmə işlərinin aparılması ilə əlaqədar İddiaçı müraciətinə baxılmış, Ağcabədi bələdiyyəsinin əməkdaşları tərəfindən Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində mübahisəli ünvanda yerləşən torpaq sahəsinə baxış keçirilmiş, ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən imkan verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 139- 1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Qeyd edilənləri əsas gətirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də (yeni qaydalarla AZ 0400 Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, giriş 22) yerləşən 0,0768 ha torpaq sahəsindən əlavə olan torpaq sahəsində zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılmalı və həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. İddia qalan hissədə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 12-də (yeni qaydalarla AZ 0400 Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, giriş 22) yerləşən 0,0768 ha torpaq sahəsindən əlavə olan torpaq sahəsində zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılsın və həmin işlərin aparılmasına edilən müdaxilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar