Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-879/2025 06.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Ağcabədi bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ağcabədi bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsi şərtinin dəyişdirilməsi və icarə haqqının aşağı salınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Axundov X7 bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsi şərtinin dəyişdirilməsi və icarə haqqının aşağı salınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, Beyləqan ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 02 noyabr 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuşdur. Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 11 ha əkinə yararlı torpaq sahəsinin qalibi olaraq ona seriya HTM 004758 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə sözü gedən 11 ha torpaq sahəsi hər bir il üçün icarə haqqı 4260 manat olmaqla 20 il müddətinə onun icarəsinə verilmişdir. Eyni zamanda həmin şəhadətnamə əsas götürülməklə mülkiyyətçi Ağcabədi bələdiyyəsi onunla xx.xx.2023-cü il tarixdə notariat qaydada icarə müqaviləsi bağlamış, 11 ha əkin üçün yararlı torpaq sahəsi hər bir il üçün icarə haqqı 4260 manat olmaqla 20 il müddətinə onun icarəsinə verilmişdir. İcarə haqqı hər il hər hektar üçün 387 manat təşkil edir. Ağcabədi bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış və plan-ölçü sənədləri almışdır. Həmin müqavilə əsasında Ağcabədi bələdiyyəsinin hesabına 4260 manat icarə haqqı ödəmiş, bu da hər bir hektar üçün 387 manat edir. 2024-cü təsərrüfat ilində icarəyə götürdüyü 11 ha torpaq sahəsinin əkilməsinə, mövcud suvarma arxlarının təmizlənməsinə, torpaq sahəsinin yararlı hala salmaq üçün sahəyə üzvi və mineral gübrələrinin verilməsinə, maşın-traktor nəqliyyatının işləməsinə və digər aqrotexniki tədbirlərin həyata keçirilməsinə görə öz şəxsi vəsaiti hesabına 17000 manat pul xərcləmişdir. Bundan sonra həmin 11 ha əkin sahəsinə çoxillik bitki olan yonca bitkisi əkib və becərmə işləri aparmışdır. Lakin əvvəlki qaydada nəzərdə tutulmuş təbii suvarma suyu olmadığına görə yonca bitkisini suvara bilməmişdir. Əvvəllər adı çəkilən torpaq sahələri “Araz” çayının suyundan “Xan qızı” adı ilə tanınan su kanalından istifadə etməklə suvarılmış və su ilə bağlı heç bir problem olmamışdır. Lakin su gəlmədiyinə görə hazırda həmin su kanalından istifadə etməklə torpaq sahəsinin təbii suvarılması mümkün olmamışdır. Eyni zamanda onun icarəsində olan 11 ha torpaq sahəsi kanal üstü zonada yerləşdiyi üçün həmin ərazini “Qarabağ” kanalından gələn su ilə təbii axın yolu ilə suvarmaq mümkün deyildir. Torpaq sahəsinin suvarılması üçün çıxış yolu həmin ərazilərdə subartezian quyularının quraşdırılmasıdır. Bunun üçün isə onun maddi imkanı yoxdur. Bu barədə Ağcabədi bələdiyyəsinə dəfələrlə yazılı və şifahi müraciətlər edilmiş, lakin ona heç bir köməklik olunmamışdır. Bununla da icarəsində olan 11 ha torpaq sahəsində əkdiyi çoxillik yonca bitkisini becərmək üçün suvarma suyu olmadığına görə, nəticədə heç bir məhsuldarlıq əldə edə bilmədiyinə görə həmin torpaq sahəsinə qoyduğu 17000 manat pul vəsaiti batmışdır. Hazırda borc-xərc içərisində olmaqla torpaq sahəsinin inkişaf etdirilməsi məqsədi ilə qohumlarından götürdüyü borc pulu ödəyə bilmir. Qeyd olunanlara əsasən hər hektara görə 387 manat icarə haqqı ödəyə bilmir və buna maddi imkanı yoxdur. Ağcabədi bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi, illik icarə haqqının 4260 manatdan azaldılması, hər hektar üçün illik icarə haqqının 387 manatdan azaldılaraq 200 manata endirilməsi, icarəsində olan 11 ha torpaq sahəsinin illik icarə haqqı 2200 manata (11 ha * 200 = 2200) endirilməsi ilə əlaqədar icarə müqaviləsində dəyişiklik edilməsi barədə Ağcabədi bələdiyyəsinə rəsmi müraciət etmişdir. Ağcabədi bələdiyyəsi ona imtina cavabı vermişdir. Həmin cavabda göstərilir ki, illik icarə haqqının dəyişdirilməsi bələdiyyənin səlahiyyətinə aid deyildir. Ona görə də Ağcabədi bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli torpaq icarə müqaviləsinin 5-ci bəndində nəzərdə tutulmuş şərtin dəyişdirilməsi, icarəsində olan 11 ha torpaq sahəsinin icarə haqqının aşağı salınması, 11 ha torpaq sahəsinin illik icarə haqqının 4260 manatdan azaldılaraq 2200 manata endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Ağcabədi bələdiyyəsinin nümayəndəsi X6 izahatında göstərdi ki, iddiaçı Axundov X8 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 02 noyabr 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş, verilmiş şəhadətnaməyə əsasən mülkiyyətçi Ağcabədi bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2023cü il tarixdə notariat qaydada icarə müqaviləsi bağlanmış, 11 ha əkin üçün yararlı torpaq sahəsinin icarə haqqı hər il hər hektar üçün 387 manat, hər bir il üçün isə icarə haqqı 4260 manat olmaqla 20 il müddətinə onun icarəsinə verilmişdir. Ağcabədi bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış və plan-ölçü sənədləri almışdır. İddiaçı Axundov X7 bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi, illik icarə haqqının 4260 manatdan azaldılması, hər hektar üçün illik icarə haqqının 387 manatdan azaldılaraq 200 manata endirilməsi, icarəsində olan 11 ha torpaq sahəsinin illik icarə haqqı 2200 manata endirilməsi ilə əlaqədar icarə müqaviləsində dəyişiklik edilməsi barədə Ağcabədi bələdiyyəsinə rəsmi müraciət etmişdir. Ağcabədi bələdiyyəsi illik icarə haqqının dəyişdirilməsinin bələdiyyənin səlahiyyətinə aid olmadığına görə İddiaçı imtina cavabı vermişdir. Həqiqətən də, tərəflər arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanan ərəfədə icarəyə verilmiş torpaq sahəsi “Araz” çayından “Xan qızı” adı ilə tanınan su kanalı vasitəsilə götürülən sudan istifadə etməklə suvarılmış və həmin ərazilərin suvarılmasında heç bir problem olmamışdır. Lakin hazırda həmin kanaldan su gəlmədiyinə görə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin təbii suvarılması mümkün deyildir. Ona görə də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları hüquqi cəhətdən qiymətləndirib hesab edir ki, iddia qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “X3” publik hüquqi şəxsi seriya HTM 004758 nömrəli şəhadətnamənin surətindən görünür ki, Axundov X7 rayon ərazisində yerləşən 11 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı “X5” publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq hərracının qalibidir. Torpaq sahəsi torpaq hərracında hər bir il üçün 4260 manata icarəyə (20 il müddətinə) verilmişdir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, icarəyə verən - Ağcabədi bələdiyyəsi ilə icarəçi - İddiaçı arasında 11 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 5-ci bəndinə görə icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən -İddiaçı icarəyə verən -Ağcabədi bələdiyyəsinə 4260 manat icarə haqqı ödəyir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı verilmiş 23 dekabr 2024-cü il tarixli 1228 nömrəli cavab məktubunun surətindən görünür ki, Axundov X7 rayon ərazisində yerləşən 11 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı “X5” publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq hərracının qalibi olmuş, 11 ha torpaq sahəsi 20 il müddətinə onun icarəsinə verilmişdir. Hər bir il üçün icarə haqqı 4260 manat müəyyən edilmişdir. İllik icarə haqqının azaldılması Ağcabədi bələdiyyəsinin səlahiyyətinə aid deyildir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X10 İnkişaf Mərkəzinin 15 may 2025-ci il tarixli 3-22-3-4/2-25/2025 nömrəli məktubundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə əlaqədar X10 İnkişaf Mərkəzi tərəfindən olunmuş sorğuya cavab olaraq X4 İdarəsi göstərmişdir ki, İddiaçı tərəfindən icarəyə götürülmüş Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 11 ha torpaq sahəsi “Araz” çayından qidalanan “Xan qızı” kanalının qolu olan R-7 suvarma kanalının ən son nöqtəsində yerləşdiyi və “Xan qızı” kanalında son dövrlər suvarma suyunun az və ya heç olmaması səbəbindən həmin sahə suvarma suyu ilə təmin edilməmişdir. Qeyd edilən torpaq sahəsi hal-hazırda suvarılmır. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağcabədi bələdiyyəsinin 17 iyul 2020-ci il tarixli 09 saylı iclas protokolundan verilmiş çıxarışdan görünür ki, Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan vətəndaşlara icarəyə verilmiş torpaq sahələrinin icarə haqqının torpaq bazarında icarə haqlarında əsaslı artımların baş verməsini nəzərə alaraq bütün icarədarların icarəsində olan bir hektar örüş-otlaq, bağ torpaq sahəsinin bir hektarı üçün icarə haqqı 100 manat, əkinə az yararlı kənd təsərrüfatı torpaqlarının bir hektarı üçün icarə haqqı 150 manat, əkinə tam yararlı kənd təsərrüfatı torpaqlarının bir hektarı üçün icarə haqqı 200 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X10 İnkişaf Mərkəzinin 16 may 2025-ci il tarixli 3-22-3-4/2-26/2025 nömrəli məktubundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə əlaqədar X10 İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən İddiaçı icarəyə götürdüyü bələdiyyə mülkiyyətində olan 11 ha torpaq sahəsinin döngə koordinatları əsasında həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı göstərilən sahədə pambıq bitkisinin əkildiyi və həmin torpaq sahəsinin əsas suvarma mənbəyi olan “Xan qızı” kanalında suvarma suyunun olmaması səbəbindən ərazidə əkilmiş pambıq bitkisinin bir hissəsinin drenaj kanalından SNP tipli nasos vasitəsilə su götürülərək suvarıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 717.1 Əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş əşyadan gəlir icarəçi tərəfindən təsərrüfatın aparılması nəticəsində artdıqda və ya azaldıqda, icarə haqqının dəyişdirilməsini, əgər ayrı şərt qoyulmayıbsa, tələb etmək olmaz. 717.2. Müqavilə şərtlərinin dəyişdirilməsini icarənin başlanmasından və ya müqavilə öhdəliklərinin son dəyişikliyinin qüvvəyə minməsindən iki il keçənədək tələb etmək olmaz. Əgər adətən sığorta müdafiəsi olmayan viranedici təbii fəlakətlər müqavilə öhdəliklərinin nisbətini kökündən dəyişdirərsə, bu müddəa tətbiq edilmir. 717.3. Müqavilə şərtlərinin dəyişdirilməsini ona dair bildiriş verildiyi icarə ilindən tez tələb etmək olmaz. 717.4. Əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər. 717.5. Bu maddəyə uyğun olaraq müqavilə şərtlərinin dəyişdirilməsini tələb etmək hüququ istisna edilə bilməz. Müqavilə iştirakçılarından birinin bu maddəyə uyğun hüquqlarını həyata keçirməsi və ya həyata keçirməməsi halında onun üçün xüsusi mənfi nəticələr və ya üstünlüklər yaranmasını nəzərdə tutan razılaşmanın qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, Axundov X7 rayon ərazisində yerləşən 11 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı “X5” publik hüquqi şəxsinin Beyləqan ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq hərracının qalibi olmuş, torpaq sahəsi torpaq hərracında hər bir il üçün 4260 manata, 20 il müddətinə icarəyə verilmişdir. Tərəflər arasında, yəni icarəyə verən - Ağcabədi bələdiyyəsi ilə icarəçi - İddiaçı arasında 11 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 5-ci bəndinə görə icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən -İddiaçı icarəyə verən -Ağcabədi bələdiyyəsinə illik 4260 manat icarə haqqı ödəyir. İddiaçı illik icarə haqqının azaldılmasına dair Ağcabədi bələdiyyəsinə müraciət etmiş, Ağcabədi bələdiyyəsi səlahiyyətinə aid olmadığı əsası ilə illik icarə haqqının aşağı salınmasından imtina etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X10 İnkişaf Mərkəzi tərəfindən olunmuş sorğuya cavab olaraq X4 İdarəsi göstərmişdir ki, İddiaçı tərəfindən icarəyə götürülmüş Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 11 ha torpaq sahəsi “Araz” çayından qidalanan “Xan qızı” kanalının qolu olan R-7 suvarma kanalının ən son nöqtəsində yerləşdiyi və “Xan qızı” kanalında son dövrlər suvarma suyunun az və ya heç olmaması səbəbindən həmin sahə suvarma suyu ilə təmin edilməmişdir. Qeyd edilən torpaq sahəsi hal-hazırda suvarılmır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X10 İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən İddiaçı icarəyə götürdüyü bələdiyyə mülkiyyətində olan 11 ha torpaq sahəsinin döngə koordinatları əsasında həmin əraziyə baxış keçirilmiş, baxış zamanı göstərilən sahədə pambıq bitkisinin əkildiyi və həmin torpaq sahəsinin əsas suvarma mənbəyi olan “Xan qızı” kanalında suvarma suyunun olmaması səbəbindən ərazidə əkilmiş pambıq bitkisinin bir hissəsinin drenaj kanalından SNP tipli nasos vasitəsilə su götürülərək suvarıldığı müəyyən edilmişdir. Ağcabədi bələdiyyəsinin 17 iyul 2020-ci il tarixli 09 saylı iclas protokolu ilə Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan vətəndaşlara icarəyə verilmiş torpaq sahələrinin icarə haqqının torpaq bazarında icarə haqlarında əsaslı artımların baş verməsini nəzərə alaraq bütün icarədarların icarəsində olan bir hektar örüş-otlaq, bağ torpaq sahəsinin bir hektarı üçün icarə haqqı 100 manat, əkinə az yararlı kənd təsərrüfatı torpaqlarının bir hektarı üçün icarə haqqı 150 manat, əkinə tam yararlı kənd təsərrüfatı torpaqlarının bir hektarı üçün icarə haqqı 200 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Ağcabədi bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsi şərtinin dəyişdirilməsi və icarə haqqının aşağı salınması” tələbinə dair iddiası təmin edilərək Ağcabədi bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinin 5-ci bəndində nəzərdə tutulmuş şərtlər dəyişdirilərək icarəyə götürən İddiaçı icarəyə verən Ağcabədi bələdiyyəsinə ödənilən illik icarə haqqı 4260 manatdan azaldılaraq 2200 manata endirilməlidir. Belə ki, İddiaçı istər hərrac keçirilən vaxt, istəsə də Ağcabədi bələdiyyəsi ilə aralarında torpaq icarə müqaviləsi bağlayarkən, yəni tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmiş, icarəyə götürülmüş torpaq sahəsinin əsas suvarma mənbəyi olan “Xan qızı” kanalı vasitəsilə suvarıldığı halda, həmin adı çəkilən kanalda suvarma suyunun olmaması torpaq sahəsinin suvarılmasını çətinləşdirmiş və qeyri-mümkün etmişdir. Əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ağcabədi bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsi şərtinin dəyişdirilməsi və icarə haqqının aşağı salınması” tələbinə dair iddiası təmin edilsin. Ağcabədi bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinin 5-ci bəndində nəzərdə tutulmuş şərtlər dəyişdirilərək icarəyə götürən İddiaçı icarəyə verən Ağcabədi bələdiyyəsinə ödənilən illik icarə haqqı 4260 manatdan azaldılaraq 2200 manata endirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-879/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-879/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver