Məhkəmə qərarları › İş №2(018)-1046/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1046/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1046/2024 03.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 avqust 2022-ci il tarixli borc müqaviləsinə görə 12500 (on iki min beş yüz) manat borc pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumu olmaqla ümumilikdə 12628 (on iki min altı yüz iyirmi səkkiz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, Cavabdeh ilə 2022-ci ildə kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra ondan övladına toy etməsi üçün borc pul verməyi xahiş etdi. O, cavabdehin səmimiliyinə inanaraq ona 02 avqust 2022-ci il tarixdə 12500 (on iki min beş yüz) manat məbləğində borc vermişdir. Borc verdiyi məbləğ barədə cavabdehlə borc müqaviləsi belə bağlamışdır. Almış olduğu pulu qısa müddətə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Cavabdeh 02 avqust 2022-ci il tarixli borc müqaviləsinə görə 12500 (on iki min beş yüz) manat borc pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumu olmaqla ümumilikdə 12628 (on iki min altı yüz iyirmi səkkiz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə teleqramla müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edən zaman iddianı qismən qəbul edərək bildirdi ki, iş materialına əlavə olunmuş əlyazma kağızındakı imza ona aiddir, lakin o, İddiaçı 12500 (on iki min beş yüz) manat deyil, 3500 (üç min beş yüz) manat və ya 4500 (dörd min beş yüz) manat borc almışdır. Məhkəmədə şahid X3 bildirdi ki, İddiaçı rəfiqəsidir. Cavabdeh tanımır. O, İddiaçı evində olanda, onun şahidliyi ilə Cavabdeh kağıza qeydlər edib onu imzalayaraq borc götürmüşdür. Bildiyi qədərilə 12000 (on iki min) manat pul borc vermişdir. Məhkəmə İddiaçı, Cavabdeh, şahid X1 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş əlyazma kağızından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 12500 (on iki min beş yüz) manat borc pul aldığını və qısa müddətə qaytaracağını qeyd etmiş və həmin kağıza imza çəkmişdir. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materialında olan Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 302 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 12500 (on iki min beş yüz) manat məbləğdə borcu vardır və həmin borcu qaytarmamışdır. Həmin hal şahid ifadəsi və iş materiialına əlavə edilmiş sənədlə öz təsdiqini tapır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12500 (on iki min beş yüz) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar