Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1200/2025 02.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia verərək, Cavabdeh İddiaçı MMC-yə məxsus 4640 (dörd min altı yüz qırx) manat pulun və ödənilmiş 66.40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20 iyul 2023-cü il tarixində İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq satış təmsilçisi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində İddiaçı MMC-nin təftiş şöbəsinin apardığı araşdırma zamanı Cavabdeh kəsirlərinin olduğu müəyyən olunmuşdur. Belə ki, Cavabdeh İddiaçı MMC-yə məxsus olan maddi vəsaiti kassaya təhvil verməmiş, öz şəxsi ehtiyaclarına sərf etmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh İddiaçı MMC-yə 4640 (dörd min altı yüz qırx) manat borcunun olması ilə bağlı üzləşmə aktı imzalanmışdır. Cavabdeh yaranan borcu ödəməyi üzərinə götürsədə bu günə qədər həmin borcu ödəməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmiş, iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin direktoru X5 tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli 263/KQ nömrəli əmrdən görünür ki, X6 İddiaçı MMC-yə satış və marketinq şöbəsinə satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək işçi X3 əmək funksiyası ilə əlaqədar İddiaçı MMC-yə təhvil vermədiyi pul vəsaitinin məbləği cəmi 4640 (dörd min altı yüz qırx) manat müəyyən edilmiş, Cavabdeh Vüqar oğlu bu məbləği xx.xx.2025-ci il tarixinədək razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş izahatdan görünür ki, Cavabdeh götürmüş olduğu ödənişləri və şəbəkə fərqləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, 29 may 2025-ci il tarixində, saat 10:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı MMC-nin nümayəndəsi X4 iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı MMC tərəfindən 60 manat İMS xərci ödənmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 66 manat dövlət rüsumu ödəmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsinə görə əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri olaraq müəyyən edilmişdir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri olaraq müəyyən edilmişdir. Həmin Məcəllənin 199-cu maddəsinin ç bəndinə əsasən işçi əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdi ki, Cavabdeh İddiaçı MMC-yə məxsus olan maddi vəsaiti kassaya təhvil verməmiş, öz şəxsi ehtiyaclarına sərf etmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh İddiaçı MMC-yə 4640 (dörd min altı yüz qırx) manat borcunun olması ilə bağlı üzləşmə aktı imzalanmışdır. Cavabdeh yaranan borcu ödəməyi üzərinə götürsədə bu günə qədər həmin borcu ödəməmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır. Məhkəmə hesab edir ki, hazırki iddianın predmeti əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi nəticəsində işəgötürənə ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisəsidir. İddianın qanuni əsasını isə işəgötürənə vurulan maddi ziyana görə işçinin tam maddi məsuliyyət daşıdığı zaman tətbiq edilməli olan normalar təşkil edir. Belə ki, cavabdeh işəgötürən İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış, satış təmsilçisi vəzifəsində çalışmışdır. Lakin, əmək funksiyalarını lazımınca yerinə yetirməmiş, maddi vəsaiti kassaya təhvil verməyərək öz şəxsi ehtiyaclarına sərf etməklə işəgötürənə qəsdən maddi ziyan vurmuşdur. Vurduğu maddi ziyanı ödəməyi öhdəsinə götürsə də, sonradan hesablanmış maddi ziyanı ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı vurulmuş maddi ziyanın qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 66.40 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4640 (dörd min altı yüz qırx) manat məbləğində pul və 66.40 (altımış altı manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1200/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1200/2025
02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver