Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-126/2023 16.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit razılaşmasının və sazişin ləğv edilməsi, kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Gülnar İsmayılova cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit razılaşmasının və sazişin ləğv edilməsi, kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:
1. Cavabdeh1 ilə bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 001R********** saylı kredit razılaşmasının və 30 dekabr 2020-ci il tarixli 00R**********SA saylı sazişin ləğv edilməsi; 2.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 6113 (altı min bir yüz on üç) manat, 66 (altmış altı) qəpik məbləğində kredit borcu, 2361 (iki min üç yüz altmış bir) manat, 50 (əlli) qəpik məbləğində faiz borcu və 2600 (iki min altı yüz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11075 (on bir min yetmiş beş) manat, 90 (doxsan) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123 (bir yüz iyirmi üç) manat, 23 (iyirmi üç) qəpik məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. "xxxx" QSC-nin nümayəndəsi Məhsəti Hüseynova Məhkəməyə ərizə ilə müraciət edərək baxış iclasını iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin ilə Cavabdeh1 arasında bağladığı 11 avqust 2016-cı il tarixli 009L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 30 sentyabr 2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 30 dekabr 2020-ci il tarixli 001R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq götürdüyü kredit üzrə bütün ödəmələri dəfələrlə yubatmış kredit borc və faiz borcudan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15 aprel 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 886 (səkkiz yüz səksən altı) manat, 34 (otuz dörd) qəpik ödəmiş, onun 6113 (altı min bir yüz on üç) manat, 66 (altmış altı) qəpik məbləğində kredit borcu, 2361 (iki min üç yüz altmış bir) manat, 50 (əlli) qəpik məbləğində faiz borcu, 2600 (iki min altı yüz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində cərimə borcu qalmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 001R********** saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Mülki iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş "xxxx" QSC-nin ilə Cavabdeh1 arasında bağladığı 11 avqust 2016cı il tarixli 009L**********37 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 120 ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Mülki işə əlavə edilmiş "xxxx" QSC-i ilə Cavabdeh2 arasında bağlanmış 11 avqust 2016cı il tarixli, 009S**********04 saylı zaminlik müqaviləsindən məlum olur ki, Cavabdeh2 iddiaçı "xxxx" QSC-i ilə Cavabdeh1 arasında bağlanmış bağladığı 11 avqust 2016-cı il tarixli 009L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditor qarşısında öz üzərinə məsuliyyət götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Mülki işə əlavə edilmiş "xxxx" QSC-i ilə Cavabdeh3 arasında bağlanmış 11 avqust 2016cı il tarixli, 009S**********03 saylı zaminlik müqaviləsindən məlum olur ki, Cavabdeh3 iddiaçı "xxxx" QSC-i ilə Cavabdeh1 arasında bağlanmış bağladığı 11 avqust 2016-cı il tarixli 009L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditor qarşısında öz üzərinə məsuliyyət götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Mülki işə əlavə edilmiş bağladığı11 avqust 2016-cı il tarixli 009L**********37 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanılmış 30 sentyabr 2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında "xxxx" QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş 30 dekabr 2020-ci il tarixli 001R**********SA saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" QSC-nin maliyyə arayışından məlum olur ki, Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 001R********** saylı kredit razılaşması üzrə 26 oktyabr 2022-ci tarixə kimi 6113 (altı min bir yüz on üç) manat, 66 (altmış altı) qəpik əsas kredit borcu, 2361 (iki min üç yüz altmış bir) manat, 50 (əlli) qəpik məbləğində faiz borcu və 2600 (iki min altı yüz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11075 (on bir min yetmiş beş) manat, 90 (doxsan) qəpik məbləğində borcu vardır. Mülki işə əlavə edilmiş xəbərdarlıq məktublarından məlum olur ki, cavabdehlərə iddiaçı "xxxx" QSC-yə borcları olduğu barədə bildirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 123 (bir yüz iyirmi üç) manat, 23 (iyirmi üç) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 2600 (iki min altı yüz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində cərimə pulu azaldılaraq 150 (bir yüz əlli) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi cavabdehlərdən müştərək qaydada alınıb, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. 1."xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 001R********** saylı kredit razılaşması və 30 dekabr 2020-ci il tarixli 001R**********SA saylı saziş ləğv edilsin. 2.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6113 (altı min bir yüz on üç) manat, 66 (altmış altı) qəpik kredit borcu, 2361 (iki min üç yüz altmış bir) manat, 50 (əlli) qəpik məbləğində faiz borcu və 150 (bir yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 8625 (səkkiz min altı yüz iyirmi beş) manat, 16 (on altı) qəpik məbləğində pul iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. 3.Məhkəməyə iddia ərizəsinin verilməsinə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş görə 123 (bir yüz iyirmi üç) manat, 23 (iyirmi üç) qəpik dövlət rüsumunun 80 (səksən) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun.
4. İddia cərimə borcunun 2450 (iki min dörd yüz əlli) manat, 74 (yetmiş dörd) qəpik hissəsində və dövlət rüsumunun 43 (qırx üç) manat, 23 (iyirmi üç) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov