Məhkəmə qərarları › İş №2(018)-137/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-137/2024

08.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-137/2024 08.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 16 avqust 2023-cü il tarixli borc müqaviləsi üzrə verilmiş borca görə 10000 (on min) manat pulun, ona vurulmuş mənəvi ziyana görə isə 10000 (on min) manat pulun və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, səhhəti iə əlaqədar məhkəmə iclasına gələ bilməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, Cavabdeh bir neçə ildir ki, tanıyır. 15 avqust 2023-cü il tarixdə Cavabdeh ondan borc pul istəmişdir. Ona görə də o, Cavabdeh 10000 (on min) manat borc pul vermiş və buna görə də onlar notariat ofisində 16 avqust 2023-cü il tarixli borc müqaviləsi bağlamışlar. Həmin müqavilənin şərtinə görə Cavabdeh ona olan 10000 (on min) manat borcunu 16 oktyabr 2023-cü il tarixə kimi qaytarmalı idi. Ancaq Cavabdeh ona olan borcunu qaytarmamışdır. Bütün bunlar əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1963cü il tarixdə anadan olmuş və Abşeron rayonu Xırdalan qəsəbəsində yaşayır. Mülki işə əlavə edilmiş 16 avqust 2023-cü il tarixli, 3M-1356 nömrəli borc müqaviləsi görünür ki, Cavabdeh İddiaçı 16 oktyabr 2023-cü il tarixə kimi qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində borc pul götürmüşdür. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 120 (bir yüz iyirmi) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16 avqust 2023-cü il tarixli, 3M-1356 nömrəli borc müqaviləsi əsasən Cavabdeh 16 oktyabr 2023-cü il tarixə kimi qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində borc pul götürmüşdür. Cavabdeh borc pulu almış, lakin üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, o, götürmüş borcdan bu günə kimi ödəməmişdir. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Ancaq İddiaçı Cavabdeh ona vurduğu mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pul tələb etmiş olsa da həmin halları təsdiq edən mənəvi sarsıntıkeçirməsini, daxili iztirab çəkməsini təsdiq edən heç bir subutu məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə iddia tələbinin “mənəvi ziyanın ödənilməsi tələbinə dair” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 60 (altmış) manat hissəsi cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçının Cavabdeh qarşı “pul tələbi barədə” iddiası qismən təmin olunsun. Cavabdeh verilmiş borca görə 10000 (on min) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat məbləğində olan pul alınıb, İddiaçı verilsin. İddia tələbi 10000 (on min) manat məbləğində mənəvi ziyan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar