Məhkəmə qərarları › İş №2(018)-1426/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1426/2024

26.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1426/2024 26.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi X7 oğlunun katibliyi və İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçi İddiaçı Cavabdeh qarşı «əvvəllər müəyyən olunmuş alimentin miqdarının artırılması tələbi» barədə iddiasına dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 15 noyabr 2024-cü il tarixdə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 07 yanvar 2014-cü il təvəllüdlü X3 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılıb, Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli, 2(018)-242/2015 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuş və 07 yanvar 2014-cü il təvəllüdlü X1 üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Astara Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(018)-292/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş Astara Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli 2(018)-242/2015 saylı qətnaməsi əsasında təyin olunmuş 80 (səksən) manat sabit pul məbləğində aliment artırılaraq hər ay 95 (doxsan beş) manat müəyyən edilmişdir. Qətnamənin qəbul olunmasından 5 (beş) ildən artıq müddət keçmişdir və hazırki dövrə münasibətdə həmin məbləğ uşağın saxlanması üçün real deyil. Bir uşaq üçün 95 (doxsan beş) manat aliment həddən artıq azdır. Tələb etdiyi məbləğdə alimentin məhkəmə tərəfindən təyin edilməməsi uşağının mənafeyinə uyğun olmaz. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı ilə Astara Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli, 2(018)-242/2015 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və 07 yanvar 2014-cü il təvəllüdlü X1 üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Astara Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(018)-292/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş Astara Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli 2(018)-242/2015 saylı qətnaməsi əsasında təyin olunmuş 80 (səksən) manat sabit pul məbləğində aliment artırılaraq hər ay 95 (doxsan beş) manat müəyyən edilmişdir. Hal-hazırda 166 yükdaşıma xidmətində işləyir, 370 manat əmək haqqı alır. Özü yenidən ailə həyatı qurmuşdur. İki azyaşlı uşağı vardır. İddiaçının tələb etdiyi məbləği tam ödəməyə iqtidarında deyil hər ay 120 manat ödəyə bilər. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır:

1. Şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri barədə arayışdan görünür ki, İddiaçı Astara rayonu, Sərək kəndində qeydiyyatdadır.

2. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 07 yanvar 2014-cü il təvəllüdlü X3 adlı bir uşaqları dünyaya gəlmişdir.

4. Astara Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli, 2(018)-242/2015 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment tələbi»nə dair iddiası qismən olunaraq, Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq 07 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət olunmuşdur.

5. Astara Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(018)-292/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqarının arıtılmasına dair iddiası qismən təmin olunmuş, Astara Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli, 2(018)-242/2015 qətnaməsi ilə müəyyən olunmuş 80 (səksən) manat sabit pul məbləğində aliment artırılaraq hər ay 95 (doxsan beş) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırki dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı müvafiq xərclərin miqdarından fərqlənir. Bundan başqa uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı da artır. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı 2019-cu ildə müəyyən olunmuş və həmin azyaşlı uşaq üçün 95 manat aliment kəsilmişdir. Hazırda uşaq məktəbli olmaqla, onun saxlanılması üçün xərclər də artmışdır. Məhkəmə iddiaçının alimentin müəyyən olunmuş miqdarının artırılması barədə iddiasının qismən təmin edilməsini, alimentin miqdarı 180 manat müəyyən olunmasını əsaslı və qanuni hesab edir. Hazırki vaxtda bir uşağın 95 (doxsan beş) manat aliment məbləği ilə saxlanılmasını məhkəmə uşağın saxlama xərclərinə qeyri-mütənasib hesab edir və ona görə də iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq maraqları, Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla uşağın mənafeyinə cavabdehdən hər ay 180 manat məbləğində alimentin tutulması hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın maraqları əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə» dair iddiası qismən təmin edilsin.

2. Astara Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(018)-292/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın.

3. 07 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar