Məhkəmə qərarları › İş №2(018)-1435/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1435/2025

22.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1435/2025 22.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5, Cavadeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı “qızıl əşyalarının və ya onların dəyəri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Pensər kənd sakini Cavabdeh satmaq məqsədi ilə ondan apardığı qızıl sırğa 2.9 rq - 420 manat, qızıl üzük 5 qr - 720 manat, qızıl qolbaq 1.4 qr -210 manat, qızıl üzük 3.5 qr - 520 manat, qızıl qolbaq 10.9 qr -1460 manat, qızıl sırğa 5.5 qr -800 manat, qızıl sep 5.9 qr - 850 manat, qızıl sep 17.6 qr - 2450 manat, qızıl sep 2.9 qr - 420 manat, qızıl sep 1.2 qr-165 manat, qızıl qolbaq 9.7 qr-1370 manat, qızıl üzük 2.8 qr - 410 manat, qızıl qolbaq 1.4 qr - 200 manat, qızıl qolbaq 2.5 qr - 370 manat, qızıl sep 3.2 qr - 470 manat, qızıl qolbaq 5.3 qr - 690 manat, qızıl sırğa 2.2 qr - 310 manat olan qızıl əşyalarının və ya onların dəyəri olan 11.830 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə Astara rayonunun Kakalos kəndində anadan olub. Ailə vəziyyəti ilə əlaqədar hazırda Pensər kəndində ailə üzvləri ilə birgə yaşayır. O, iki tələbə uşağını Bakı şəhərində dolandırmaq üçün kiçik çəkili qızıl əşyaları satır. Bakı şəhərində 2 tələbəni yaşatmaq, ev kirayəsi, dərs kitabları və digər xərcləri qarşılamaqdan ötrü məcbur olub bu iş ilə məşqul olur. İş üzrə cavabdeh olan və onunla bir kənddə yaşayan X3 özünün həyat yoldaşı olan X6 ilə onlara gələrək, satmaq məqsədi ilə ondan qızıl istəmiş və ona yalvararaq xahiş etmişdir ki, qızıl ver satıb pulunu qaytaracaqlar. O da onların xahişinə görə ona dəyəri 270 manat olan bir ədəd qızıl üzük vermişdir. Satıb pulunu gətirmişlər. Sonra cavabdeh Samirə ona yenidən zəng vuraraq, xahiş etmişdir ki, rəfiqələri də ondan qızıl istəyirlər. Yaxşı olar ki, qızılların şəkillərini telefonla çəkib, ona göndərsin. Onlar hansı qızılı bəyənsələr, gəlib onları ondan götürəcək, satıb pullarını ona qaytaracaq. Sonra cavabdeh 11 dekabr 2024-cü il tarixində onlara gələrək 2040 manat dəyərində qızıl götürmüş, o, həmin qızılları ona nisya vermək istəməmiş, ona yenə valvararaq xahiş etmişdir ki, o qızılların götürülməsi və pulun 5 ay ərzində qaytarılması barədə qəbz yazır. Əgər pulu vaxtında ödəməsə onun barəsində inzibati qaydada tədbir görülməsinə etiraz etmir. Bundan sonra ona inanıb, qızılları vermişdir. Ancaq o, götürdüyü qızılların pulunu tam ödəməmişdir. 22 dekabr 2024-cü il tarixində onlara gələrək yenidən 1340 manat dəyərində qızıl götürmüş və bildirmişdir ki, pulları yığıb hamısını birdən ödəyər. 22 dekabr 2024-cü il tarixində götürdüyü qızıllara görə də qəbz yazaraq imza etmişdir. Cavabdeh dəfələrlə ondan qızıl alaraq, söz vermişdir ki, pullarını qaytaracaq. Ona qaytarmalı olduğu borc artıq 16.830 manata çatmışdır. Ona bildirmişdir ki, onun verəcək pulun miqdarı artır, sən bu pulları qaytar. O, ona verəcəyi puldan 600, 700 və 1000 manat olmaqla bir neçə dəfə gətirərək pulları ödəmiş və o da dəftərə onları elə onun yanındaca qeyd etmişdir. O, məcbur olub qalan pullara görə ondan qəbz tələb etmişdir. Cavabdeh bu qayda ilə əvvəl qaytardığı puldan əlavə ona cəmi 5000 manat pul qaytarmışdır. Beləliklə, cavabdehin ona 11.830 manat borcu qalmışdır. O, görmüşdür ki, cavabdeh qızılları satır və satdığı qızılların pulunu yavaş-yavaş ödəyir. Cavabdeh xx.xx.2025-ci il tarixində ona qəbz yazaraq bildirmişdir ki, onunla 6 aylıq müqavilə bağlayır, əgər qızıllar itsə və ya batsa özü onların dəyərini ödəməyə hazırdır. Hazırda müqavilənin müddəti bitmək üzrədir. Cavabdeh isə qızılların dəyərini ödəmir və ödəmək istəmir. Cavabdehin ona 11.830 manat verəcəyi barədə onun səs yazıları və danışıqları vardır. Cavabdehə verdiyi qızılların dəyərini ondan ala bilmir. Hər dəfə müxtəlif bəhanələr gətirir. Pulun qaytarmasını söz versə də onu aldadır. Bütün bu faktların səs yazıları xüsusi karta yüklənmişdir. Cavabdeh onu aldadaraq söz vermişdir ki, atasının Bakı şəhərində evi var, onu satıb pulunu qaytaracaq. Hər dəfə onu aldadıb bu cür vəədlər vermişdir. Cavabdeh özü yaxşı bilir ki, o da bu qızılları başqa adamdan götürür və götürdüyü malın pulunu verməlidir. Cavabdehə verdiyi qızılların şəkillərini ərizəyə əlavə etmişdir. Onun cavabdehə verdiyi qızıllar qızıl sırğa 2.9 rq 420 manat, qızıl üzük 5 qr 720 manat, qızıl qolbaq 1.4 qr 210 manat, qızıl üzük 3.5 qr 520 manat, qızıl qolbaq 10.9 qr 1460 manat, qızıl sırğa 5.5 qr 800 manat, qızıl sep 5.9 qr 850 manat, qızıl sep 17.6 qr 2450 manat, qızıl sep 2.9 qr 420 manat, qızıl sep 1.2 qr 165 manat, qızıl qolbaq 9.7 qr 1370 manat, qızıl üzük 2.8 qr 410 manat, qızıl qolbaq 1.4 qr 200 manat, qızıl qolbaq 2.5 qr 370 manat, qızıl sep 3.2 qr 470 manat, qızıl qolbaq 5.3 qr 690 manat, qızıl sırğa 2.2 qr 310 manat olan qızıllardır. Hazırda həmin qızılların nə özünü nə də dəyərini cavabdehdən ala bilmir. O məcbur olub Astara rayon Polis Şöbəsinə bu barədə yazılı ərizə ilə müraciət etmişdir. Astara rayon polis şöbəsi yazdığı ərizə ilə əlaqədar araşdırma aparmışdır. Müraciəti mülki iş olduğu üçün məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Məcbur olub Astara Rayon Məhkəməsinə qızıl əşyalarının və ya onların 11830 manat dəyərinin tələbi barədə iddia qaldırmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 İddiaçı kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazında göstərmişdir ki, İddiaçı cavabdeh X2 qarşı məhkəmədə "maddi ziyanın ödənilməsi tələbinə dair iddia vermişdir. İddia ərizəsində qeyd olunur ki, “Səhər Hacıkişiyeva əri Qadir Hacıkişiyev ilə bizə gələrək satmaq məqsədi ilə məndən qızıl istədilər və mənə yalvararq xahiş etdi ki, mənə qızıl ver satıb pulunu qaytaracağam. Məndə onların xahişinə görə dəyəri 270 manat olan bir ədəd qızıl üzük verdim. Satıb pulunu gətirdilər. Sonra cavabdeh Samirə mənə yenidən zəng vuraraq xahiş etdi ki, onun rəfiqələri var məndən qızıl istəyirlər. Yaxşı olar ki, sən qızılların şəkilini çək mənə göndər. Onlar hansı qızılı bəyənsələr, mən gəlib onu səndən götürəcəyəm. Satıb pullarını qaytaracağam”. İddiaçının iddia etdiyi bu sözlər hamısı uydurmadır. Samirə Hacıkişiyeva qeyd edir ki, o iddiaçının evinə getməmiş, ondan hər hansı bir qızıl almamışdır. O, qızıl alverçisi olduğu üçün özü ona qızıl təklif etmiş, o da götürdüyü qızılları satıb onun pulunu vermişdir. Daha sonra iddia ərizəsində qeyd olunur ki, "Cavabdeh 11 dekabr 2024 cü il tarixində bizə gələrək, 2040 manat dəyərində qızıl götürdü. Mən həmin qızılları ona nisyə vermek istəmirdim. O, mənə yenə yalvararaq xahiş etdi ki, mən qızılların Sizdən götürülməsi və pulun 5 ay ərzində qaytarılması barədə qəbz yazıram. Əgər pulu vaxtında ödəməsəm mənim barəmdə inzibati qaydada tədbir görülməsinə etiraz etmirəm". Lakin iddaçı qəbz alsada cavabdeh hansı qızılları, qızılların qramı, onların təsviri və qiyməti barədə barədə heç bir qeyd aparmamışdır. İddiaçı cavabdehə iddia ərizəsində göstərdiyi qramda və qiymətdə qızıllar verməmişdir. İddiaçı göstərdiyi ölçüdə və qramda qızılların cavabdehə verilməsi barədə sübut təqdim etsin ki, onlar da öz sübutlarını təqdim edə bilsin. İddaçı özü etiraf edir ki, cavabdeh ona 5000 manat pul qaytarmışdır. Lakin iddiaçı cavabdehin atası Vidadi kişinin ona ödədiyi 5000 min manat pulu nəzərə almır. İddiaçının verdiyi qızılların pulu ona tam ödənilmişdir və cavabdehin ona heç bir borcu yoxdur. Yuxarıda qeyd olunanları rəhbər tutaraq İddiaçı tərəfindən qaldırılmış, "maddi ziyanın ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavadeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsində göstərilənləri təsdiq edərək, verilən qızıllardan 5000 bir, 5125 manat da bir ödənilməklə cəmi 10125 manat pul iddiaçıya ödənilmişdir. İddiaçının tələb etdiyi 11830 manatdan 10125 manatı ödənildiyindən, geri qalan məbləği qəbul edir və iddianın qismən, yəni həmin hissədə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nın Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 315 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Pensər kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli Qəbzin surətindən görünür ki, Cavabdeh Səhər xanımdan 2040 manat dəyərində əşya götürməsini, 5 ay ərzində ödəməsə inzibati məcəlləyə cəlb olmağa hazır olması barədə qəbzə qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli Qəbzin surətindən görünür ki, Cavabdeh Səhər xanımdan 1340 manat dəyərində əşya götürməsini, inzibati məcəlləyə cəlb olmağa hazır olması barədə qəbzə qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli Qəbzin surətindən görünür ki, Cavabdeh Səhər xanımla 6 ay müqavilə bağlaması, götürdüyü əşyaların itsədə, batsada özü onu ödəməyə hazır olması barədə qəbzə qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli Astara rayon Polis Şöbəsinin rəisi tərəfindən X8 ünvanlanmış məktubdan görünür ki, müraciətilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 175 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdə müxtəlif qram və əyyara malik qızıl-zinət əşyaları əks olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 1- 131755103 nömrəli qəbzdən görünür ki, 50 manat məbləğində pul İddiaçı kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 1- 163412179 nömrəli qəbzdən görünür ki, 400 manat məbləğində pul İddiaçı kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 1- 178939020 nömrəli qəbzdən görünür ki, 200 manat məbləğində pul İddiaçı kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 1- 182326983 nömrəli qəbzdən görünür ki, 200 manat məbləğində pul İddiaçı kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 250 manat məbləğində pul İddiaçı kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 1- 194966601 nömrəli qəbzdən görünür ki, 500 manat məbləğində pul kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 1- 199288469 nömrəli qəbzdən görünür ki, 900 manat məbləğində pul İddiaçı kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 1-********** nömrəli qəbzdən görünür ki, 1000 manat məbləğində pul İddiaçı kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 1- 205671396 nömrəli qəbzdən görünür ki, 145 manat məbləğində pul İddiaçı kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 1- 207315260 nömrəli qəbzdən görünür ki, 500 manat məbləğində pul İddiaçı kart hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan AUD- 20250430-WA0021 nömrəli səs yazısından görünür ki, Cavabdeh 16.230 manat borcu olmasını İddiaçı etiraf edərək kredit götürüb həmin borcu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan AUD- 20250505-WA0179 nömrəli səs yazısından görünür ki, İddiaçı 20000 manatdan çox borcu olmasını Cavabdeh bildirir və digər səs yazılarında Cavabdeh həmin məbləğə etiraz etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan AUD- 20250505-WA0180 nömrəli səs yazısından görünür ki, Cavabdeh borclarını yığıb İddiaçı göndərəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan PTT- 20250504-WA0003 nömrəli səs yazısından görünür ki, İddiaçı ilkin ödənişləri verdikdən sonra Cavabdeh ona 16830 manat borclu olmasını, 153 qramlıq qızıl almasını, pulu qaytara bilmədiyindən götürdüyü qızıllardan qaytarmasını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, əmlakın mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının və cavabdehin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı iddiaçı cavabdehə verdiyi qızıl-zinət əşyalarının qarşılığında cavabdehin ona 11830 (on bir min səkkiz yüz otuz) manat məbləğində pul verməli olmasını sübut edə bilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən cavabdehlə olan danışıqların səs yazılarından müəyyən edilmişdir ki, cavabdeh həmin səs yazılarında iddiaçı tərəfindən ona qızıllar verildiyini, həmin qızılları itirdiyindən pulunun qaytarılmasında çətinlik çəkdiyini, ailəsinin bu borcdan xəbərdar olduğu üçün narazı olduğunu, 20000 (iyirmi min) manatdan çox borcunun olduğunu, ödənişlər edildikdən sonra 16830 manat borcu qaldığını qəbul etmişdir. Cavabdehin nümayəndəsi cavabdeh tərəfindən borcundan 10125 (on min yüz iyirmi beş) manat ödənildiyini sübut etmişdir. Cavabdeh tərəfindən borcunun 20000 manat olmadığını təkzib edən sübutlar məhkəməyə təqdim edilə bilməmiş, habelə cavabdeh tərəfindən ödənilən 10125 manat məbləğində pulun məhz iddiaçının tələb etdiyi 11830 manatın qarşılığı olaraq ödənildiyini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə satmaq üçün qızıl-zinət əşyaları verilmiş, cavabdeh tərəfindən həmin qızızinət əşyaları satılmaqla dəyəri iddiaçıya ödənilmiş, bir müddət sonra isə cavabdeh götürdüyü qızılzinət əşyalarının dəyərini ödəməkdən yayınmışdır. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır. Məhkəmə qeyd edir ki, hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından iddiaçının hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil və ərizənin hüquqi əsasını hakim müəyyən edir. Məhkəmə işin araşdırılan halları ilə hesab edir ki, hazırki iddianın predmetini nisyə alqı-satqı müqaviləsinin icrasından irəli gələn münasibətlər, qanuni əsasını nisyə alqı-satqı müqaviləsinə tətbiq edilməli olan normalar təşkil edir. Belə ki, cavabdeh iddiaçı ilə əvvəlcədən razılaşdığı qiymətə qızıl-zinət əşyalarını sataraq pulunu ödəyəcəyi şərti ilə nisyə almış, sonradan isə iddiaçıdan aldığı qızıl-zinət əşyalarını ödəməmişdir. İddiaçı tərəfindən cavabdehin ona 20000 (iyirmi min) manatdan çox pul verməli olduğu, ödənişlər edildikdən sonra 16830 manat borclu qaldığı, daha sonra 5000 manat ödəniş edilərək yekun olaraq 11830 manat pulun ödənilmədiyi məhkəmə iclasında sübut edilmiş, lakin cavabdeh tərəfindən verilməli olan pulun 20000 manat olmadığını təkzib edən sübutlar (səs yazıları və.s) məhkəməyə təqdim edilə bilməmiş, həmçinin iddiaçıya qaytarılmalı olan pulun 20000 manatdan çox deyil də, 11830 manat məbləğində olması sübut edilə bilməmişdir. Halbuki, bu hissədə sübutetmə yükü məhz cavabdeh tərəfin üzərində olmuşdur. Belə ki, iddiaçı cavabdehin ödəməli olduğu ümumi məbləğin 20000 manatdan çox olduğunu, 10125 manat ödəniş edildikdən sonra 11830 manat borcu qaldığını sübut edə bilmiş, cavabdeh isə ödənilmiş 10125 manatın məhz 11830 manatın qarşılığı olaraq ödənildiyini iddia edib, iddia tələbini həmin hissədə qəbul etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsinə münasibətdə qeyd edir ki, iddiaçı qızıl-zinət əşyalarının özünün qaytarılmasını tələb etməkdə haqsız olmuşdur. Belə ki, tərəflər arasında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır ki, iddiaçı tərəfindən verilən qızıl-zinət əşyalarının dəqiq siyahısı müəyyən oluna bilməmiş, iddiaçı tərəfindən təqdim edilən şəkillər isə məhz həmin şəkillərdəki qızıl-zinət əşyalarının cavabdehə verildiyini təsdiq edə bilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarında qızılların cavabdeh tərəfindən itirildiyi və mövcud olmadığı öz təsdiqini tapmışdır. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 175 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavadeh Cavabdeh 11830 (on bir min səkkiz yüz otuz) manat məbləğində pul və 175 (yüz yetmiş beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar