Məhkəmə qərarları › İş №2(018)-1614/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1614/2025

26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1614/2025 26.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “verilmiş tikinti materiallarının və ya onların dəyərinin alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “verilmiş tikinti materiallarının və ya onların dəyərinin alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 20 ədəd limon ağaclarının, qiyməti 2000 (iki min) manat olan tikinti materiallarının və ya onların dəyərinin alınıb ona verilməsi, həmçinin ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 onun keçmiş qudası olmuşdur. Cavabdeh X7 öz həyətində oğlu Ruslana sitrus ağaclarının əkməsi və oradan bəhər götürməsi üçün torpaq sahəsi ayırmışdır. Oğlu da buna razılıq vermişdir. Bundan sonra o, limon ağaclarını almış, oğlu Ruslan isə cavabdehin oğluna ayırdığı torpaq sahəsinin üzərində həmin ağacları əkmişdir. Bundan başqa əkilmiş ağacları şaxtadan qorumaq üçün o ümumilikdə 2000 (iki min) manat məbləğində (armatur, sement və sair) tikinti materialları alaraq cavabdehin həyətində 3 ədəd limon şalaşı düzəltmişlər. Lakin oğlu Ruslanla gəlini Ülkər arasında ər-arvad münasibətləri pisləşdiyi üçün aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən də cavadehlə bütün münasibətlər pozulmuşdur. Ona görə də o, cavabdeh X4 həyətində aldığı və əkdiyi limon ağaclarını və tikinti materiallarını geri tələb edir. Cavabdeh X6 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, övladı X9 iddiaçının oğlu X10 ilə nikahlarını xx.xx.2013-cü il tarixdə qeyd etdirməklə evlənmişlər. Onlar ər-arvad olaraq xx.xx.2025-ci il tarixə kimi bir təsərrüfatda yaşamışlar. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə Zarina və xx.xx.2015-ci il tarixdə Kənan adlı uşaqları anadan olmuşdur. Onlar birgə yaşayış dövründə qaynanasının ailə işlərinə qarışması səbəbindən və əri tərəfindən mütəmadi döyülüb işkəncələrə məruz qaldığından qızı ilə iddiaçının oğlu Ruslan ailə münasibətləri pozulduğundan ayrılmışlar. X17 ailə münasibətlərini bərpa etmək mümkün olmadığından nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment, şəxsi əmlak və birgə yaşayış müddətində aldıqları xarici markalı avtomobildən payının ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-985/2025 saylı qətnaməsi ilə "nikahın pozulması, uşaqların ananın yanımda saxlanılması və aliment tələbinə dair iddiasına baxılmış və iddialar təmin olunmuşdur. Digər ərizələr məhkəmənin icraatındadır və baxılmaq ərəfəsindədir. Qeyd etdiklərinə əsasən iş üzrə İddiaçı onlardan qərəzli olduğundan əsasız və qanunsuz iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edir ki, guya həyətində onun oğluna torpaq sahəsi vermişdir. Həmin ərazidə 20 ədəd limon ağacı əkmiş və ağacları şaxtadan qorumaq üçün ərazidə 3 ədəd limon şalaşı düzəltmişdir. Bunun üçün guya 2000 manata qədər pul xərcləmişdir. Hesab edir ki, tələb ağlabatan deyildir. Maraqlıdır oğlu onun üçün ağac əkib, salaş düzəldir, niyə məhz onun həyətində, bu əsassız və qərəzli tələbdir. Həyətində limon şalası vardır. Bunu o, öz xərci ilə düzəltmişdir. Bunun İddiaçı aidiyyəti yoxdur. Sadaca aralarında olan mübahisəyə görə haqsız tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən ona qarşı verilmiş iddianı qəbul etmir və tələb əsassız və qanunsuz olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini, etiraz ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş yaşayış yeri barədə Astara rayon İHB-nın Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 avqust 2025-ci il tarixli, 528 saylı arayışdan görünür ki, Əliyev X11 rayonu, Pensər kəndində yaşayır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə ağaclar əkildiyi və üzərinin armaturlarla bərkidildiyi öz əksini tapır. İş materiallarına əlavə edilmiş 18 may 2022-ci il tarixli Qaimə fakturadan görünür ki, İddiaçı 2114 manat dəyərində Kərim Məcidovdan tikinti matariallarını almışdır. İş materiallarına əlavə edilmiş 22 avqust 2025-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərdiyi əmlakların cavabdehdə olmasını sübut etməlidir. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyət hüququ konstitusion hüquqdur və subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu hüquq isə qanunla nəzərdə tutulmuş hallardan başqa digər hallarda məhdudlaşdırıla bilməz və heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, cavabdeh X6 onun keçmiş qudası olmuşdur. İddiaçının oğlu ilə cavabdehin qızı arasında olan nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış, uşaqların saxlanılması üçün iddiaçının oğlundan aliment tutulmuşdur. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin mübahisəsiz hallarından da məlum olur ki, hazırda mübahisəli ağacların və tikinti materillarının yerləşdiyi torpaq sahəsinin qanuni sahibi cavabdehdir. Birinci dispozitiv şərtin ödənilməsi üçün iddiaçı ilk öncə cavabdehin mülkiyyətində yerləşən iddia etdiyi həmin ağacların və tikinti obyektlərinin ona məxsus olmasını sübut etməlidir ki, işin araşdırılan halları ilə bu hal iddiaçı tərəfindən sübut edilə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut kimi təqdim edilən şəkillər limon ağaclarının və limon salaşının var olduğunu təsdiq etsə də, onların iddiaçıya məxsus olmasını təsdiq etməmişdir. İddiaçı tərəfindən tikinti materiallarının alınmasına dair təqdim edilmiş qaimə faktura isə İddiaçılə satıcı Kərim Məcidov arasında tikinti materillarının alqısatqısını təsdiq etmiş, lakin iddiaçı tərəfindən iddia edilən limon salaşının tikilməsində istifadə edilən tikinti materilları olduğunu təsdiq etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında qohumluq əlaqələri olmuş, iddiaçının oğlu cavabdehin qızının əri olmuşdur ki, fotoşəkillərdən göründüyü kimi iddiaçının oğlunun cavabdehə məxsus həyətdə ağacların əkilməsində iştirak etməsi, videogörüntülərdə limon ağaclarının, meyvələrinin görüntüsünün qeydə alınması və.s. onların həmin dövrdə etibarlı ailə bağlarından irəli gəmiş, heç bir halda iddiaçıya məxsus olmasını təsdiq etmir. Həmçinin məhkəmə bu qənaətə gələrkən iddiaçı ilə cavabdehin qohumluq münasibətinin pozulduğunu, övladları arasında məhkəmə çəkişmələrinin olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, iddia edilən əmlakın iddiaçıya məxsus olmasına dair birinci şərt ödənmədiyindən əmlakın cavabdehin sahibliyində olması və sahibliyin qanunsuz olmasına dair ikinci və üçüncü şərt də ödənməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1,1091ci Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5 qarşı “verilmiş tikinti materiallarının və ya onların dəyərinin alınması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar