Məhkəmə qərarları › İş №2(018)-1631/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1631/2023

29.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1631/2023 29.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qafarov Elvin Namiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Bir baş inəyin balası ilə birlikdə və yaxud dəyərinin qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Bir baş inəyin balası ilə birlikdə və yaxud dəyərinin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh bir baş inəyin balası ilə birlikdə və yaxud dəyəri olan 1500 (bir min beş yüz) manaınt və ödənilmiş 45 manat dövlət rüsumu alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş emişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 2020-ci il tarixdə evlənmişlər. Ona gəlin köçdüyü zaman atası bir baş inəyi balası ilə birlikdə hədiyyə olaraq vermişdir. O, cavabdehin valideynlərinə məxsus olan fərdi yaşayış evində 2023-cü ilin oktyabr ayına kimi yaşamış, cavabdehlə birgə yaşadıqları dövrdə 19 noyabr 2021-ci il təvəllüdlü Sevinc adlı uşaqları doğulmuşdur. Bir müddət birlikdə yaşadıqlarından sonra cavabdehin təqsiri nəticəsində ayrılmışlar. Lakin, iddiaçının atası tərəfindən ona hədiyyə verilmiş bir baş inək balası ilə birlikdə cavabdehdə qalmış və cavabdeh bir baş inəyi və inəyin balasını qaytarmaqdan imtina etmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı onun keçmiş arvadıdır. Aralarındakı münasibətlər pozulduğundan ayrılmışlar. Hazırda iddia tələbinin qəbul etdiyini, iddia edilən bir baş inəyin və inəyin balasının onda olduğunu və həmin inəylərin qaytaracağını bildirmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara RİHB-nın Pəlikəş kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxx 2002-ci il tarixdə Astara rayonu, Pəlikəş kəndində anadan olmaqla, orada yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 45 (qırx beş) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləlikdə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2020-ci il tarixdə evlənmişlər. İddiaçıya gəlin köçdüyü zaman sonuncunun atası ona bir baş inəyi balası ilə birlikdə hədiyyə olaraq vermişdir. Hazırda iddiaçı ilə cavabdeh ayrılmışlar və iddia edilən inək balası ilə birlikdə cavabdehdə qalmışdır. Cavabdeh öz izahatında iddianı qəbul etmiş və həmin inəylərin qaytaracağını bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (MPM-in 191.3-cü maddəsi). Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 45 (qırx beş) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Bir baş inəyin balası ilə birlikdə və yaxud dəyərinin qaytarılması tələbinə dair” iddiası təmin olunsun. Cavabdeh İddiaçı məxsus bir baş inək balası ilə birlikdə və yaxud dəyəri olan 1500 (bir min beş yüz) manat və ödənilmiş 45 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar