Məhkəmə qərarları › İş №2(018)-259/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-259/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-259/2025 05.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1500 manat, vurulmuş ziyana görə 300 manat məbləğində pulun və ödənilmiş 38 manat dövlət rüsumunun, cəmi 1838 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır, onunla heç bir ədavəti yoxdur, onunla Ağcabədi rayonunda yerləşən Hərbi hissədə bir yerdə işləmiş, iş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. 13 dekabr 2022-ci tarixdə Cavabdeh onun yanına gələrək ona pul lazım olduğunu və ona 1500 manat borc pul verməyi xahiş etmişdir. O, həmin gün Cavabdeh digər iş yoldaşı X1 iştirakı ilə 1500 manat borc pul vermiş və pulu verməyi ilə bağlı Cavabdehlə aralarında yazılı şəkildə borc müqaviləsi imzalamışlar. Cavabdeh müqaviləni imzalayaraq aldığı borcu 16 dekabr 2022-ci il tarixdə əmək haqqını alıb qaytaracağını öhdəsinə götürmüşdür, həmçinin Cavabdeh borcu gecikdirəcəyi halda borc məbləğinin 3 misli məbləğdə dəymiş ziyana görə pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin vaxtdan 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh borcunu ödəməmişdir. O dəfələrlə ona zəng edərək borcunu ödəməyi xahiş etmişdir. Lakin Cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunu ödəməkdən yayınmışdır. O sonuncu dəfə 2024-cü ilin iyun ayında Cavabdeh telefonla zəng edib borcunu qaytarmağı xahiş etmişdir, lakin Saleh imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini bildirmiş və hər dəfə yaxın vaxtlarda borcunu ödəyəcəyinə söz vermişdir. Ona görə də o məcbur olub Cavabdeh pul tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh müqavilə ilə borcunu gecikdirəcəyi halda borcun 3 misli qədər maddi ziyan qismində pul ödəyəcəyini öhdəsinə götürmüş, lakin o onun həmin məbləğdə yox, Cavabdeh vurduğu ziyanla bağlı cəmi 300 manat pul tutularaq ona ödənilməsini istəyir. Beləliklə Cavabdeh ona borclu olduğu 1500 manat, maddi ziyan qismində 300 manat və dövlət rüsumu kimi ödədiyi 38 manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, səhətilə bağlı və yolun uzaq olduğunu nəzərə alaraq məhkəmədə iştirak edə bilməyəcəyini bildirərək, iştirakı olmadan işinə baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmiş, iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İHB-nın Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 29 avqust 2024-cü il tarixli 162 saylı arayışdan görünür ki, İddiaçı Ağcabədi rayonun Aşağı Avşar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 1500 manat məbləğində əl borcu almış və həmin borcu xx.xx.2022-ci il tarixdə qaytarmasını öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 29 avqust 2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iş materiallarının araşdırılması ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında borc müqaviləsi bağlanmış, həmin borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 1500 manat borc pul vermiş və Cavabdeh aldığı borcu 16 dekabr 2022-ci il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. Hazırki vaxta kimi Cavabdeh borcunu ödəməmişdir. Bu səbəbdən İddiaçı borc verdiyi 1500 manat məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə iddia tələbini 300 manat məbləğində dəymiş ziyanın tutulması hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçı 300 manat məbləğində ziyanın nədən ibarət olması, nə cür hesablanması barədə dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 31 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 manat məbləğində pul və 31 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar