Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-304/2025 20.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri nəticəsində ona dəymiş 5000 (beş min) manat və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən ona Astara rayonunun Qəcimardə kəndində yerləşən 0.06 hektar torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə da vardır. Adı çəkilən torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. Habelə torpaq sahəsində 25 il bundan öncə sitrus ağacları əkmişdir. Cavabdeh onunla hasar qonşudur. Lakin, Cavabdeh 07 sentyabr 2024-cü il tarixdə o, ailə üzvləri ilə Bakı şəhərində olduğu zaman ona məxsus olan 10 ədəd çoxillik sitrus ağaclarını qəsdən yandıraraq məhv etmişdir. Bununla bağlı o hüquq mühafizə orqanlarına müraciət etmişdir. Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılmış, 15 sentyabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə nəticəsində onun xüsusi mülkiyyətində əkdiyi çoxillik ağaclarına 5000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, o cavabdeh tərəfindən məhv edilmiş ağacların meyvəsindən sataraq hər il 500 manatdan artıq pul əldə edirdi. Ona dəymiş ziyanın ödənilməsini Cavabdeh tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyildir. Belə ki, o öz həyətyanı torpaq sahəsində bırışdığı yandırdığı zaman, qonşusu İddiaçı məxsus bir neçə mandarin ağacları da yanmışdır. Həmin yanan mandarin ağaclarının ümumi dəyəri rəydə göstərilən qiymətdən çox aşağıdır. Bu səbəblə o rəydə göstərilən qiymət ilə qəti razı deyildir. Eyni zamanda iddiaçının tələbinə münasibətdə həyətində olan 10 mandarin ağacının çıxarılaraq şəxsən özü tərəfindən iddiaçının həyətində əkilməsinə razıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş yaşayış yeri barədə Astara rayon İHB-nın Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 oktyabr 2024cü il tarixli 1972 saylı arayışdan görünür ki, Əhədov X2 rayonu, Kijəbə qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş Toqpağın mülkiyyətə verilməsinə dair JN-198A, KOD 80102005 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Astara rayonu Kijəbə qəsəbəsində yaşayan İddiaçı müraciəti əsasında toplanmış materialda cinayətin tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X3 Xidməti Cənub regional X3 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, 11 sentyabr 2024-cü il tarixdə Cavabdeh məxsus həyətyanı sahə arasında yerləşən çəpərdə yanğın hadisəsi baş vermiş, nəticədə çəpərə yaxın yerləşən 10 ədəd sitrus meyvə ağacları alovun təsirinə məruz qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, naringi ağacının 1 ədədinin qiyməti 80-90 manat müəyyən edilməklə 10 ağac üçün dəymiş zərərin məbləği 9620 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin MB- 18/1362 saylı Qiymətləndirmə hesabatından görünür ki, 07 sentyabr 2024-cü il tarixdə Cavabdeh məxsus torpaq sahəsində baş vermiş yanğın nəticəsində qonşu İddiaçı məxsus torpaq sahəsində əkilmiş 6 ədəd ağaca ziyan dəymiş, ziyan dəyən ağaclar 24-25 illik əkmələrdir. Ağacların bazar qiyməti 1 ədəd ağac üçün 40 manat, 6 ədəd ağac üçün 240 manat, çəkilmiş xərclər 1 ağac üçün illik 20 manat, 6 ağac üçün isə 24 illik 2880 manat müəyyən edilmiş, ümumilikdə dəymiş zərər isə 3220 manat təşkil etmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, 07 sentyabr 2024-cü il tarixdə Cavabdeh məxsus torpaq sahəsində baş vermiş yanğın nəticəsində qonşu İddiaçı məxsus torpaq sahəsində əkilmiş ağaclara ziyan dəymişdir. İş üzrə "xxxx" MMC-nin mütəxəssis rəyi alınmış, naringi ağacının 1 ədədinin qiyməti 80-90 manat müəyyən edilməklə 10 ağac üçün dəymiş zərərin məbləği 9620 manat hesablanmışdır. Cavabdeh mütəxəssis rəyini qəbul etməmiş, məhkəmə mütəxəssis rəyində göstərilən qiymətlərin real olmadığı qənaətinə gəldiyindən təkrar ekspertiza təyin etmiş, "xxxx" MMC-nin MB-18/1362 saylı Qiymətləndirmə hesabatına əsasən, qonşu İddiaçı məxsus torpaq sahəsində 24-25 illik əkilmiş 6 ədəd ağaca ziyan dəymiş və dəymiş zərərin məbləği isə 3220 manat müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh həyətində yanğın törətmiş, həmin yanğın nəticəsində qonşu İddiaçı məxsus torpaq sahəsində 24-25 illik naringi ağaclarına ziyan dəyməklə ona maddi zərər vurulmuşdur. Baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçının əmlakına zərər vurulmuş, bununla da cavabdehin təqsirli hərəkəti ilə nəticə arasında səbəbli əlaqə olmuşdur. Belə ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Lakin, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan qiymətləndirmə hesabatına əsasən, yanğın hadisəsi nəticəsində 07 sentyabr 2024-cü il tarixdə Cavabdeh məxsus torpaq sahəsində baş vermiş yanğın nəticəsində qonşu İddiaçı məxsus torpaq sahəsində əkilmiş 6 ədəd ağaca ziyan dəydiyi, ziyan dəyən ağacların 24-25 illik əkmələr olduğu, ağacların bazar qiymətinin 1 ədəd ağac üçün 40 manat, 6 ədəd ağac üçün 240 manat olduğu, çəkilmiş xərclərin isə 1 ağac üçün illik 20 manat, 6 ağac üçün 24 illik 2880 manat olduğu, ümumilikdə dəymiş zərərin məbləğinin isə 3220 manat olduğu müəyyən edilmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, eləcə də, iddiaçı və cavabdeh məhkəmə iclasında təkrar ekspertiza rəyi ilə razı olmadığını bildirsələr də, nə iddiaçı, nə də cavabdeh, ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, dəymiş zərər olaraq hesablanmış 3220 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun 25 manat hissəsi iddiaçıya aid edilməli, 46 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 300 manat məbləğində xərcin 193 manat hissəsi Cavabdeh, 107 manat hissəsi İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına, 300 manat məbləğində xərcin 193 manat hissəsi Cavabdeh, 107 manat hissəsi İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1,1091ci Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 3220 manat məbləğində dəymiş ziyan və 46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Rəy verilməsi üçün hesablanmış 300 manat məbləğində xərcin 193 manat hissəsi Cavabdeh, 107 manat hissəsi İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Rəy verilməsi üçün hesablanmış 300 manat məbləğində xərcin 193 manat hissəsi Cavabdeh, 107 manat hissəsi İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-304/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-304/2025
20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver