Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-351/2025 14.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 11 629 (on bir min altı yüz iyirmi doqquz) manat və ödənilmiş 124,89 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 23 yanvar 2024-cü il tarixdə İcarə müqaviləsi imzalanmışdır. 23 yanvar 2024-cü il tarixli icarə müqaviləsinin 1.1-ci maddəsinə əsasən Cavabdeh ona etibar edilmiş “Ravon R3” markalı, 2012-ci il buraxılış ili olan, **-PU-*** dövlət nömrə nişanlı avtomobili texniki vəziyyəti barədə müqaviləyə əlavə edilərək hər iki tərəfin iştirakı ilə tərtib edilmiş təhvil təslim aktına əsasən qəbul edilərək, idarəetmə məsuliyyətini öz üzərinə öhdəlik götürür. Müqaviləyə əsasən Cavabdeh ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini vaxtında yanacaq və sürtgü materialları ilə rəsmi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına tam riayət etməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı tam ödəməyi, Cavabdeh tərəfindən icarəyə götürdüyü avtomobilin iştirakı ilə hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, icarəyə verənə və üçüncü şəxsə dəymiş zərərlə, hadisənin hüquqi nəticələri ilə bağlı məsuliyyəti özü daşıyır. 26 iyun 2024-cü il tarixdə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Səlyan rayonu ərazisindən keçən 56-cı kilometrində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində idarə etmək üçün verilən **- PU-*** dövlət nömrə nişanlı, “Ravon R3” markalı avtomobil yararsız hala düşmüşdür. DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsi tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli qərara əsasən 26 iyun 2024-cü il tarixdə saat 19:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 56-cı kilometrində xx.xx.2003-cü il təvəllüdlü Astara rayon Şiyəkaran kəndində qeydiyyatda olan Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Ravon R3” markalı, 2012-ci il buraxılış ili olan, **-PU-*** dövlət nömrə nişanlı avtomobili ilə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı ağaclara vurmuş, nəticədə sürücü Cavabdeh, avtomobilin sərnişinləri xx.xx.2008-ci il təvəllüdlü Nefçala rayonu Şorkənd kəndində yaşayan X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.1989-cu il təvəllüdlü X1 təcili yardıma müraciət etmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı avtomobilin yararsız hala düşməsi nəticəsində ona 11 629 (on bir min altı yüz iyirmi doqquz) manat maddi ziyan dəymişdir. Maddi ziyanın ödənilməməsi onun işgüzar nüfuzuna xələl gətirir. İddiaçı vəkili və nümayəndəsi Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və tərəflərindən təqdim edilmiş sübutlar əsasında iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmiş, iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, ALY-412 nömrəli X2 surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında lizinq müaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli İcarə Müqaviləsinin surətindən görünür ki, Cavabdeh “Ravon R3” markalı, 2012-ci il buraxılış ili olan, **-PU-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı icrayə götürmüşdür. Müqaviləyə əsasən Cavabdeh ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılmasını və təhlükəsizliyini təmin etməyi, nəqliyyat vasitəsini vaxtında yanacaq və sürtgü materialları ilə rəsmi servisdə təmin etməyi, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına tam riayət etməyi, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı tam ödəməyi, Cavabdeh tərəfindən icarəyə götürdüyü avtomobilin iştirakı ilə hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, icarəyə verənə və üçüncü şəxsə dəymiş zərərlə, hadisənin hüquqi nəticələri ilə bağlı məsuliyyəti özü daşıyır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli Təhvil-Təslim Aktının surətindən görünür ki, Cavabdeh “Ravon R3” markalı, 2012-ci il buraxılış ili olan, **-PU-*** dövlət nömrə nişanlı avtomobili Babayev X10 təhvil almışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 25 iyul 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin BDYPİ YPXA-ya göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 13 iyul 2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair Aktın surətindən görünür ki, “Ravon R3” markalı, 2012-ci il buraxılış ili olan, **-PU-*** dövlət nömrə nişanlı avtomobilə 11 629 (on bir min altı yüz iyirmi doqquz) manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 06 dekabr 2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 124.89 manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 682-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, iş materiallarının araşdırılması ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmış, həmin icarə müqaviləsinə əsasən Cavabdeh İddiaçı “Ravon R3” markalı, 2012-ci il buraxılış ili olan, **-PU-*** dövlət nömrə nişanlı avtomobili texniki vəziyyəti barədə müqaviləyə əlavə edilərək hər iki tərəfin iştirakı ilə tərtib edilmiş təhvil təslim aktına əsasən qəbul edilərək, idarəetmə məsuliyyətini öz üzərinə öhdəlik götürmüşdür. 26 iyun 2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində cavabdehə idarə etmək üçün verilən **-PU-*** dövlət nömrə nişanlı, “Ravon R3” markalı avtomobil cavabdehin təqsirli olması səbəbindən yararsız hala düşmüşdür. Həmin yol nəqliyyat hadisəsi zamanı avtomobilin yararsız hala düşməsi nəticəsində **-PU-*** dövlət nömrə nişanlı, “Ravon R3” markalı avtomobilə 11 629 (on bir min altı yüz iyirmi doqquz) manat maddi ziyan dəymişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır. Belə ki, hazırki iddianın predmetini icarə müqaviləsindən irəli gələn münasibətlər, qanuni əsasını icarə müqaviləsinə tətbiq edilməli olan normalar təşkil edir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış icarə müqaviləsinə əsasən iddiaçı öhdəliyini icra edərək, müqavilə ilə razılaşdırılmış avtomobili cavabdehin istifadəsinə vermiş, müqaviləyə əsasən cavabdeh ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılmasını və təhlükəsizliyini təmin etməyi, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına tam riayət etməyi, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı tam ödəməyi öhdəsinə götürsə də, öhdəliyini pozaraq öz təqsiri nəticəsində avtomobilə dəymiş ziyanı iddiaçıya ödəməkdən yayınmışdır. Bu səbəbdən İddiaçı avtomobilə dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır, iddia tələbi təmin edilərək avtomobilə dəymiş 11 629 (on bir min altı yüz iyirmi doqquz) manat maddi ziyan cavabdehdən tutumalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 124.89 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 11 629 (on bir min altı yüz iyirmi doqquz) manat məbləğində pul və 124.89 (bir yüz iyirmi dörd manat, səksən doqquz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-351/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-351/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver