Məhkəmə qərarları › İş №2(018)-439/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-439/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-439/2023 20.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 oğu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «Kredit borcunun qaytarılması barədə» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov cavabdehlər Cavabdeh1 oğu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «Kredit borcunun qaytarılması barədə» iddia verərək, Cavabdeh1 oğunın 27 dekabr 2022-ci il tarixə kredit üzrə cəmi borcu 2467 (iki min dörd yüz altmış yeddi) ABŞ dolları, 14 (on dörd) sent-bundan 1779 (bir min yeddi yüz yetmiş doqquz) ABŞ dolları, 78 (yetmiş səkkiz) sent əsas, 557 (beş yüz əlli yeddi) ABŞ dolları, 98 (doxsan səkkiz) sent faiz, 46 (qırx altı) ABŞ dolları, 13 (on üç) sent cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83 (səksən üç) ABŞ dolları, 25 (iyirmi beş) sent faiz borcu və iş üzrə ödənilmiş 61 (altmış bir) manat, 94 (doxsan dörd) qəpik məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 oğu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq, LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 oğu arasında bağlanmış 24 yanvar 2018-ci il tarixli, LAN-175734/18 saylı kredit müqaviləsinə əsasən cavabdehə fərdi mikro kredit məqsədilə 48 ay müddətinə illik 10% dərəcəsi ilə 3677 (üç min altı yüz yetmiş yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsi bağlayaraq kredit müqaviləsi üzrə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh1 oğunın 27 dekabr 2022-ci il tarixə 1779 (bir min yeddi yüz yetmiş doqquz) ABŞ dolları, 78 (yetmiş səkkiz) sent əsas, 557 (beş yüz əlli yeddi) ABŞ dolları, 98 (doxsan səkkiz) sent faiz, 46 (qırx altı) ABŞ dolları, 13 (on üç) sent cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83 (səksən üç) manat, 25 (iyirmi beş) qəpik faiz borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, onlar, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişlər. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğvedici təyin edilmişdir. Mülki işə əlavə edilmiş məxaric qəbzindən görünür ki, iddiaçı LPO "xxxx" ASC-adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 61 (altmış bir) manat, 94 (doxsan dörd) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 24 yanvar 2018-ci il tarixli, LAN-175734/18 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 oğuna 48 ay müddətinə illik 10% dərəcəsi ilə 3677 (üç min altı yüz yetmiş yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş 24 yanvar 2018-ci il tarixli, LAN-175734/18 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 24 yanvar 2018-ci il tarixli, LAN-175734/18 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Mülki işə əlavə edilmiş 29 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 oğunun 24 yanvar 2018-ci il tarixli, LAN-175734/18 saylı kredit müqaviləsi üzrə 27 dekabr 2022-ci il tarixə 1779 (bir min yeddi yüz yetmiş doqquz) ABŞ dolları, 78 (yetmiş səkkiz) sent əsas məbləğ üzrə, 557 (beş yüz əlli yeddi) ABŞ dolları, 98 (doxsan səkkiz) sent faiz üzrə, 46 (qırx altı) ABŞ dolları, 13 (on üç) sent cərimə üzrə, 83 (səksən üç) manat, 25 (iyirmi beş) qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 2467 (iki min dörd yüz altmış yeddi) ABŞ dolları, 14 (on dörd) sent borcu yaranmışdır. Mülki işə əlavə edilmiş 30 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, 24 yanvar 2018-ci il tarixli, LAN-175734/18 saylı kredit müqaviləsi üzrə cavabdehlərin öz üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədikdən sonunculara Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 24 yanvar 2018-ci il tarixli, LAN-175734/18 saylı kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 46 (qırx altı) ABŞ dolları, 13 (on üç) sent məbləğində cərimə borcu azaldılaraq 06 (altı) ABŞ dolları 13 (on üç) sent həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, müştərək qaydada, 1779 (bir min yeddi yüz yetmiş doqquz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent əsas borc, 557 (beş yüz əlli yeddi) ABŞ dolları 98 (doxsan səkkiz) sent faiz borcu, 06 (altı) ABŞ dolları 13 (on üç) sent cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83 (səksən üç) ABŞ dolları 25 (iyirmi beş) sent faiz borcu, cəmi 4467 (dörd min dörd yüz altmış yeddi) ABŞ dolları 12 (on iki) sent borc, ödənəlicək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 61 (altmış bir) manat 94 (doxsan dörd) qəpik məbləğində pul vəsaiti tutulub, iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar