Məhkəmə qərarları › İş №2(018)-448/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-448/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-448/2024 23.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin qızının katibliyi və İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh Dadaşov Elduz Mübaşir oğlunun nümayəndəsi Dadaşzadə Mübaşir Teymur oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Astara şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli, 2(018)-819/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin miqdarının artırılması, 06 noyabr 2012ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdi etdi və məhkəmə iclasında göstərdi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 06 noyabr 2012-ci il təvəllüdlü X3 adında uşaqları olmuşdur. Astara Rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli, 2(018)-819/2014 saylı qətnaməsi ilə 06 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 (doxsan) manat alimentin tutulması qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı həddindən azdır. Belə ki, son vaxtlar malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Qeyd etdi ki, alimentin artırılması ilə bağlı mediasiya şurasına müraiət etmişdir. Keçirilmiş “ilkin mediasiya sessiayası”-nda cavabdehə mediasiya sessiyasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, mediasiya sessiyasında iştirak etməmişdir. O, mediasiyaya dair 55 (əlli beş) manat məbləğində olan xərci ödəmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Dadaşov Mübaşir Teymur oğlu iddia tələbini qismən qəbul etdi və məhkəmə iclasında göstərdi ki, Astara Rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli, 2(018)-819/2014 saylı qətnaməsinin qəbul edildiyi vaxtdan keçən müddət ərzində İddiaçı maddi vəziyyətinin ağırlaşmasını təsdiq edən hər hansı bir subutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh başqa qadınla evlənmiş və birgə nikahlarından 2 uşaqları olmuşdur. Ona görə də, o, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinin və Astara rayon Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 27 aprel 1985ci il tarixdə anadan olmuşdur və Astara rayon Təngərüd kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X3 06 noyabr 2012-ci il tarixdə anadan olmuşdur. Onun atası kimi Cavabdeh anası kimi isə İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli, 2(018)- 819/2014 saylı qətnaməsinin surətindən görünür ki, 06 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh hər ay 90 (doxsan) manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Mülki işə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 14 gün əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd edilənləri əsas tutaraq Məhkəmə hesab edir ki, Astara Rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli, 2(018)-819/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı həddindən azdır və iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. İddiaçı aliment miqdarının artırılması ilə bağlı məhkəmədə iddia qaldırmaqla öz tələbini uşaqlarının böyüməsi, maddi tələbatının artması ilə əsaslandırmışdır. Lakin İddiaçı Cavabdeh aylıq qazancı və gəlirləri barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Ona görə də, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, alimentin tutulması ilə bağlı qəbul edilmiş qətnamənin çıxarıldığı tarixdən 09 ildən çox vaxt keçdiyinə, tərəflərin birgə nikahdan olan uşaqlarının böyüməsinə, buna görə onların xərclərinin artmasına və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünə görə 06 noyabr 2012-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 14 gün əvvəlcədən mobil telefon vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun yarısı, yəni 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması tələbinə dair” iddiası qismən təmin edilsin. 06 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan, Astara Rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli, 2(018)-819/2014 saylı qətnaməsi ilə qət edilmiş, hər ay 90 (doxsan) manat məbləğində alimentin məbləği artırılaraq, hər ay 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilsin və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, Cavabdeh tutulub, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın alimentin artırılması tələbi ilə bağlı hissəsinin 65 (altmış beş) manat hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar